Tofiq Abbasov: Düşünmürəm ki, Putinin ətrafındakı adamlar ona qarşı dönük çıxsınlar və ya onu satsınlar
Rusiyada Prezident Vladimir Putinin gələcəyi və onun hakimiyyətdən sonrakı dövrdə ölkədə yarana biləcək siyasi vəziyyət yenidən diqqət mərkəzinə düşüb. ABŞ-nin “Newsweek” nəşrinin yaydığı təhlildə Kremlin daxilində təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyi, Vladimir Putinin mümkün sui-qəsd və çevriliş risklərindən ehtiyat etdiyi vurğulanır.
Məqalədə bildirilir ki, uzun illər ərzində bütün idarəetmə sistemini öz ətrafında formalaşdıran Putin Rusiyanın siyasi mərkəzinə çevrilib və onun qəfil gedişi ölkədə ciddi hakimiyyət böhranı yarada bilər. Təhlildə həmçinin Ukrayna müharibəsinin, iqtisadi problemlərin və Kreml daxilindəki elita qarşıdurmasının vəziyyəti daha da gərginləşdirdiyi qeyd olunur. “Newsweek” mümkün varis kimi Aleksey Dyumin, Sergey Kiriyenko və Dmitri Patruşevin adlarını önə çəkir, eyni zamanda Nikolay Patruşev, Aleksandr Bortnikov və Mixail Mişustinin də prosesdə mühüm rol oynaya biləcəyini yazır.
Politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Qərb mətbuatı həmişə Rusiyanın daxili həyatının gedişatına böyük diqqət və maraq göstərib, indi də göstərir:

" Xüsusilə də hakimiyyət ətrafında gedən proseslər onları həqiqətən həm maraqlandırır, həm də narahat edir. Çünki faktiki olaraq Rusiya həm supergücdür, digər tərəfdən isə böyük nüvə silahı arsenalı məhz bu ölkədədir. Təbii ki, əgər ölkədə fragmentləşmə və ya parçalanma prosesləri gedərsə, bu, dünya siyasəti üçün çox böyük bəlalardan birinə çevrilə bilər. Burada bir şeyi qeyd etmək lazımdır ki, bütün bu məsələlərin işıqlandırılmasında Qərb mətbuatı daha çox subyektiv amillərə köklənir. Bəzi hallarda dezinformasiyalardan da istifadə edirlər ki, ilk növbədə ictimai rəyi daha yaxşı öyrənsinlər. “Newsweek” kifayət qədər populyar nəşrdir və onun həqiqətən də ciddi mənbələri var. Amma bu yazıdan belə bir qənaət də hasil olur ki, Kremlin daxilindən məlumat alma imkanları nə dərəcədədir? – bu sual açıq qalır. Bir qədər səthi yanaşmanı “Newsweek” də əks etdirir. Fakt budur ki, ölkədə narazılıqlar getdikcə artır. Çünki müharibə amili ölkə insanlarının, vətəndaşlarının və cəmiyyətin həyatına mənfi təsirlər göstərir. Bu, qaçılmazdır. Sadəcə Rusiyada daxildə müxalif düşünən qüvvələr səslərini çox çıxartmasalar da, xaricdə məskunlaşmış müxaliflər gecə-gündüz müsahibələr verir, konfranslar keçirirlər və dünyaya təqdim etməyə çalışırlar ki, Vladimir Putinin hakimiyyəti əvvəlki qədər möhkəm deyil, o, komandasından da bədgümandır, bəzi şəxslərdən ehtiyat edir və s. Amma bunlar daha çox şayiə formasında səsləndirilən fikirlərdir. Hər halda siyasi elita ətrafında daim müxtəlif qrupların çəkişmələrə qatıldığını görürük. Sonra onların nüfuz uğrunda mübarizəsi gedir ki, birinci şəxs kimə daha çox üstünlük verir, kim öz işini daha yaxşı əlaqələndirir və s. Burada başqa bir məqam da var. Faktiki olaraq bu tezisi və mövzunu gündəmə gətirməklə Qərb mətbuatı çalışır ki, Qərb ölkələrinin özündə – istər Amerikada, istər İngiltərədə – insanlarda belə bir fikir formalaşdırsın ki, baxın, sizin yaşadığınız mühit və sizin üçün yaradılan imkanlar Rusiyadakından daha yaxşıdır və bunun qədrini bilməlisiniz.Yəni burada Qərb mətbuatının həm də təbliğat maşını kimi istifadəsini görürük".
Analitik qeyd edib ki, bəzi hallarda siyasi dairələrin sifarişləri ilə çox kritik məqalələr yazılır:
"Çin Xalq Respublikası ilə bağlı da yaxın vaxtlarda yazırdılar ki, Si Cinpinin mövqeləri zəifləyib, artıq çevriliş ola bilər və s. Yəni burada klişelər, ştamplar və stereotiplər var. Bunlardan istifadə edirlər ki, həm reaksiyaları öyrənsinlər, həm də bir növ Moskvanın özünə, Rusiya rəhbərliyinə və Putinə təsir göstərsinlər. Bu, siyasi texnologiyalarda tanış gedişlərdən biridir. O ki qaldı Putindən sonrakı dönəmə, əlbəttə ki, heç kəs bu dünyada əbədi deyil, hamının gəldi-gedəri var. Putin də artıq 1999-2000-ci illərdən bəri, təxminən 30 ilə yaxındır hakimiyyətdədir. Çox güman ki, o, öz varisini artıq müəyyən edib. Məncə, bu, qətiyyən tanınmış simalardan biri olmayacaq. Burada adı çəkilən şəxslərdən –Medvedevdən və ya başqalarından söhbət getmir. Məncə, çox gözlənilməz bir fiqur olacaq. Digər tərəfdən, düşünmürəm ki, Putinin ətrafındakı adamlar ona qarşı dönük çıxsınlar və ya onu satsınlar. Çünki nəzərə alsaq ki, onun ətrafında fəaliyyət göstərən insanların əksəriyyəti paqon daşıyan şəxslərdir, xüsusi xidmət orqanlarından gələn həmkarlarıdır. Digər tərəfdən, şəxsi loyallıq və sədaqət Putin komandasında çox güclü şəkildə formalaşıb. İnanmıram ki, sıradakı adamlardan bəziləri ona arxa çevirsin və ya satqınlıq etsin. Sadəcə, əgər hakimiyyətin ən yüksək nöqtəsində oturan şəxslər müəyyən məqamlarda zəiflik göstərirlərsə, bu, onların imicinə və reputasiyasına ciddi zərbə vurur. Ətraf da görür ki, idarəetmədə boşluqlar var, problemlərin həlli artıq çətinləşir və s. Amma yenə deyirəm, qəti əminəm ki, Putin hakimiyyəti hələlik mövqelərini saxlayır və saxlayacaq. Düzdür, müharibənin taleyi də bu məsələyə çox ciddi təsir göstərir. Amma məncə, o, komandasının daxilində parçalanmaya yol verməyəcək".
T.Abbasov vurğulayıb ki, hazırkı məqamda çalışmaq lazımdır ki, müharibə ilə bağlı müəyyən qərarlar verilsin:
" Bu, müvəqqəti sülh olacaqmı, danışıqlar yolu ilə barışıq olacaqmı və s. – bunlar artıq əsas məsələlərdir. Hər halda, mən deyərdim ki, indi müqayisə aparsaq, Donald Trampın vəziyyəti İran və onun ətrafındakı proseslərlə bağlı daha kritikdir, nəinki Putinin. Çünki Putin Ukraynaya “xüsusi hərbi əməliyyat” adı altında müdaxilə etdi. Əvvəlcə Krımı götürdü, sonra isə böyük əraziləri nəzarətə aldı. Bunu xalqa təqdim etmək üçün müəyyən arqumentləri var ki, biz bu müharibəni apardıq və böyük əraziləri özümüzə qaytardıq. Hər halda belə təqdim olunur. Eyni zamanda, Putin özü də çox yaxşı anlayır ki, müharibə ilə bağlı nəsə etmək, onu bitirmək lazımdır. Bir məsələni də unutmaq olmaz ki, Rusiya faktiki olaraq 50-dən artıq ölkə ilə qarşıdurma vəziyyətindədir. NATO-nun əksər ölkələri Ukraynanın tərəfindədir. Başqa dövlətlər də var ki, ümumilikdə 50-dən çox ölkənin adı çəkilir və onların bu qarşıdurmada maraqlı olduğu bildirilir. Putinin də bu tezislər fonunda özünə müəyyən bəraət qazandırmaq imkanı yaranır ki, mən təkcə Ukrayna ilə yox, əslində Qərblə mübarizə aparıram. NATO ölkələri və digər dövlətlər də bizə qarşı çıxırlar. Bu, müəyyən mənada gözlənilən ssenari idi. İndi isə artıq yeni mərhələ kimi birbaşa NATO ilə, Almaniya, Fransa və digər ölkələrlə qarşıdurma ehtimalından danışılır. Məncə, müharibə şəraitində olan ölkədə siyasi elita hakimiyyət və varislik məsələlərinə həmişə çox həssas yanaşır. Hamı çalışır ki, ilk növbədə ön cəbhədəki proseslər müəyyən həllini tapsın, sonra isə arxa plandakı problemlərlə məşğul olunsun".