“Mən bunu 100 dəfə yazmışam və demişəm, bunu XİN etməlidir”
“Azərbaycanda indiyədək aşkar edilmiş kütləvi məzar yerlərinin heç birinin BMT İnsan Hüquqları Şurasının “Məhkəmədənkənar cəzalar üzrə “Xüsusi Məruzəçisinin “Yeraltı xəritəsi” və hesabatında əks olunmayıb”
Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov KİV-ə açıqlamasında bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. O, həmçinin qeyd edib ki, kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa – Laçın yolunun birləşməsində aşkar edilib. Orada aşkarlanan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir: “Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb”. Digər məzarlıq isə Əsgəran-Xocalı yolunun üstündə aşkarlanıb. Bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb: “Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.
“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu Sherg.az-a açıqlamasında bildirdi ki, Qarabağa növbəti səfər zamanı erməni vəhşiliyinin bir daha şahidi olublar:
"Xocalıda növbəti kütləvi məzarlıq aşkarlandı. Biz bu gün burada Dövlət Komissiyasının nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirdik. Dünya ictimaiyyəti bu faktlara reaksiya verməlidir, göz yummamalıdır. Bu, xüsusilə dinc əhaliyə qarşı törədilmiş xüsusi amansızlıqdır. Biz bu faktları bəyan edirik ki, dünya ictimaiyyəti buna dərhal reaksiya verməlidir. Bu vəhşiliyə görə ermənilər cəzalanmalıdır. Azərbaycanın qətlə yetirilən mülki şəxslərinin ailələrinə Ermənistan tərəfi kompensasiya ödəməlidir".
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov isə sosial şəbəkələrdə paylaşılan xəbərlə bağlı rəyində Azərbaycanda indiyədək aşkar edilmiş kütləvi məzar yerlərinin heç birinin BMT İnsan Hüquqları Şurasının “Məhkəmədənkənar cəzalar üzrə “Xüsusi Məruzəçisinin “Yeraltı xəritəsi” və hesabatında əks olunmadığını qeyd edib:
- Səbəbi də, aşkar olunmuş kütləvi məzar yerinin Minnesota protokoluna uyğun sənədləşdirilməməsi və xüsusi məruzəçiyə hesabatların göndərilməməsidir. Mən bunu 100 dəfə yazmışam və demişəm. Bunu XİN etməlidir. Sənədləşmə niyə aparılmır, hesabat niyə təqdim olunmur, buna müvafiq qurum cavab verməlidir. Əks halda özümüz ağlayıb özümüz kiriyəcəyik. Cinayətkar Ermənistan dövləti və erməni cəlladları isə cəzasız qalacaq.