Dövlət qiymətlərə müdaxilə etmişdi
Bu gün park və bağların bəzəyi olan lalə Osmanlı dövründə sadəcə bir çiçək deyil, zənginlik, zövq və nüfuzun rəmzi hesab olunurdu. Nadir lalə növlərinə maraq o qədər artmışdı ki, dövlət 1722-ci ildə onların qiymətlərini tənzimləmək üçün xüsusi qərar qəbul etmişdi.
Sherg.az xəbər verir ki, tarixçilərin məlumatına görə, Osmanlıda yüzlərlə lalə növü yetişdirilsə də, ən qiymətliləri rəngi, forması və zərif görünüşü ilə seçilən nadir sortlar idi. Yeni lalə növünün əldə edilməsi uzun illər zəhmət və xüsusi ustalıq tələb etdiyindən bu çiçəklərin soğanaqları böyük dəyər qazanırdı.

Laləyə marağın artması nəticəsində nadir soğanaqların qiyməti sürətlə yüksəlmiş, hətta bu sahədə alver və qiymət manipulyasiyası yaranmışdı. Bunun qarşısını almaq məqsədilə Osmanlı hakimiyyəti 1722-ci ildə müxtəlif lalə növləri üçün maksimum satış qiymətlərini müəyyən edən nərx sistemi tətbiq etmişdi.

Mütəxəssislər bildirirlər ki, lalənin Osmanlıdakı yüksək dəyəri yalnız gözəlliyi ilə bağlı deyildi. Çiçək həm estetik zövqün, həm də mədəni və mənəvi dəyərlərin simvolu sayılırdı. Sonradan Osmanlı vasitəsilə Avropaya yayılan lalə, xüsusilə Hollandiyada böyük şöhrət qazansa da, tarixçilər Osmanlıdakı "Lalə dövrü" ilə Hollandiyada baş vermiş "Tulip Mania"nın mahiyyət etibarilə fərqli hadisələr olduğunu vurğulayırlar.