Universiteti bitirir, amma iş tapa bilmır, sistem harada səhv edir?
Sistemli islahatlar aparılmasa, həm gənclərin işsizliyi artacaq, həm də ölkə insan kapitalını düzgün istifadə edə bilməyəcək
Ali təhsilli, diplomlu gənclərin işlə təmin olunması problemi qonşu Gürcüstanda da aktual məsələdir. Gürcüstanın baş naziri İrakli Kobaxidze ali təhsil islahatına həsr olunmuş debatda çıxışı zamanı bildirib ki, ali məktəblərə qəbul olunan gənclərin böyük hissəsi sonradan diplomuna uyğun sahədə işləyə bilmir və bu, əmək bazarının sistemli analizinin vacibliyini göstərir. Hazırda ölkədə təxminən 20 min həkim var və beynəlxalq göstəricilərlə müqayisədə bu rəqəm yüksək sayılır. Kobaxidze bildirib ki, sistem hər il real ehtiyacdan artıq həkim hazırlayarsa, minlərlə gənc ya ixtisası üzrə iş tapa bilməyəcək, ya da ölkəni tərk etməyə məcbur olacaq. Aparılan araşdırmalar ölkənin illik təxminən 700 hüquqşünasa ehtiyacı olduğunu göstərir. Halbuki son illərin statistikasına görə, hüquq fakültələrinə hər il orta hesabla minlərlə tələbə qəbul olunur və onların böyük hissəsi məzun olduqdan sonra ixtisası üzrə işləyə bilmir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrh Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, Gürcüstan Baş nazirinin səsləndirdiyi fikirlər əslində postsovet məkanında demək olar ki, bütün ölkələr üçün tanış mənzərədir. Azərbaycan da bu problemdən kənarda deyil. Bizdə də ali təhsil alan gənclərin bir hissəsi məzun olduqdan sonra diplomuna uyğun sahədə işləyə bilmir və bu, artıq təkcə fərdi uğursuzluq deyil, sistemli məsələdir: 
- Azərbaycanda uzun illərdir müşahidə olunur ki, bəzi ixtisaslara maraq həddindən artıq yüksəkdir, amma əmək bazarının real ehtiyacı bu qədər kadrı qəbul edə bilmir. Xüsusilə hüquq, idarəetmə, beynəlxalq münasibətlər, iqtisadiyyat, dövlət idarəçiliyi kimi sahələrdə “diplom çox, vakansiya az” balanssızlığı var. Digər tərəfdən, texniki ixtisaslar, mühəndislik, kənd təsərrüfatı, peşə yönümlü sahələr, bir sıra təbiət elmləri üzrə bazarın ehtiyacı olduğu qədər kadr yetişmir və ya yetişən kadrların keyfiyyəti bazarın tələblərinə uyğun gəlmir.
Ekspert vurğuladı ki, əsas problem gənclərin ixtisas seçimini çox zaman əmək bazarının ehtiyacına görə deyil, cəmiyyətdə formalaşmış prestij anlayışına, valideyn yönləndirməsinə və ya sadəcə balına uyğun “haraya düşürəmsə ora gedim” prinsipi ilə etməsindədir. Nəticədə universiteti bitirən gənc diplom alır, amma praktiki bacarıq, iş vərdişi və sahəyə uyğun kompetensiya əldə etmədiyi üçün iş tapmaqda çətinlik çəkir:
- Çıxış yolu isə tək bir addım deyil, kompleks yanaşmadır. Ən vacib addımlardan biri dövlət səviyyəsində real əmək bazarı proqnozlaşdırmasının hazırlanmasıdır. Yəni ölkənin 5-10 il sonrakı inkişaf planına uyğun olaraq hansı sahələrdə neçə mütəxəssisə ehtiyac olacağı elmi əsaslarla hesablanmalı və qəbul planı da buna uyğun tənzimlənməlidir. Sadəcə tələbə qəbulunu artırmaq yox, düzgün istiqamətə yönəltmək lazımdır.
İkinci mühüm məsələ peşə təhsilinin gücləndirilməsidir. Çünki bütün gənclərin ali təhsil alması nə real bazar ehtiyacına uyğundur, nə də iqtisadi baxımdan səmərəlidir. Azərbaycanda peşə təhsili hələ də cəmiyyətdə ikinci dərəcəli seçim kimi görünür. Halbuki inkişaf etmiş ölkələrdə əmək bazarının əsas dayaqlarından biri məhz peşəkar texniki kadrlardır.
Üçüncü vacib çıxış yolu universitetlərdə tədrisin məzmununun yenilənməsidir. Təhsil sadəcə diplom verməməlidir, real bacarıq qazandırmalıdır. İşəgötürənlər artıq “diplomun var” yox, “nə bacarırsan” sualını verir. Buna görə universitetlərdə praktiki təcrübə, staj proqramları, real sektorla əməkdaşlıq genişləndirilməlidir.
Dördüncü istiqamət isə ixtisas seçimi mərhələsində abituriyentlərə düzgün peşə yönümü sisteminin qurulmasıdır. Yəni şagirdlər 9-cu və 11-ci sinifdə sadəcə bal hesablamamalı, öz bacarığını, marağını və əmək bazarının reallığını tanımalıdır. Bu sahədə məktəblərdə peşə məsləhətçilərinin fəaliyyəti gücləndirilməlidir.
Nəticə olaraq, problem təkcə “çox məzun var” məsələsi deyil. Problem planlaşdırmanın zəifliyi, ixtisas seçiminin təsadüfi olması, ali təhsilin əmək bazarına tam uyğunlaşmaması və peşə təhsilinin hələ də lazımi dəyəri almamasıdır. Bu istiqamətdə sistemli islahatlar aparılmasa, həm gənclərin işsizliyi artacaq, həm də ölkə insan kapitalını düzgün istifadə edə bilməyəcək.
Bu məsələ təkcə təhsil məsələsi deyil, ölkənin iqtisadi və sosial təhlükəsizliyi ilə birbaşa bağlı strateji məsələdir.