Buraxılış imtahanı şagirdləri məktəbdən uzaqlaşdırır - EKSPERTDƏN RƏY

Dərsliklər yığılır, motivasiya ölür, şagirdlər martdan sonra sadəcə davamiyyət üçün məktəbə gedirlər

Martda keçirilən buraxılış imtahanlarından sonra məktəblər suyu sovrulmuş dəyirmana bənzəyir. IX-XI sinif şagirdlərini çıraqla da axtarsanız, tapa bilməzsiniz. Məktəbə tək-tük gələn varsa da, orta sinif şagirdləridir, onlar da Böyük Summativ Qiymətləndirmə yazılana qədər. Üstəlik, şagidlərin dərslikləri də əllərindən alınıb. Dərsliklər toplanıb, yığışdırılıb. Qarşısında dərslik olmayan şagird nə edir bəs?

Deyə bilərlər ki, başqa mövzular, fərqli tətbiqlər, yanaşmalar var. Var olmağına, var. Amma bizim məktəblərdə tətbiq olunurmu? Məsələ budur. Cəmiyyətdə görünən reaksiyaların ortaya çıxardığı vəziyyət budur ki, uşaqlar məktəbə y ümumiyyətlə getmir, ya da könülsüz, “can çəkə-çəkə” gedir. Kimisi də hazırlıqlarını davam etdirir, iyun ayının yarısınadək. Hazırkı təhsilimizdə - məktəblərdə əyləncə, şou xarakterli tədbirlər üsünlük təşkil edir. Birincilərin buraxılışı, 4-cülərin buraxılışı, 9-ların buraxılışı, 11-lər də, təbii, öz yerində. Mərasimlər, restoran, gül-çiçək, hədiyyələr, foto-sessiyalar, təntənəli geyimlər, rəqslər... Sanki məktəblər musiqli komediya teatrının filialıdır. 

BSQ, KSQ-lər də kimsə maraqlı deyil. Buraxılış imtahanı verilib, nəticələr bilinir. Buraxılış imtahanından sonra mıktəb daxilində qiymətləndirmə keçirməyin əhəmiyyəti nədir? Bəlkə bu qiymətləndirmələr qəbul imtahanlarında toplana ballara təsir edir, ona görə?    

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə mütəxəssis Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, orta ümumtəhsil məktəblərində keçirilən böyük summativ qiymətlərdirmələrin qəbul imtahanlarında toplanan ballara heç bir aidyyəti yoxdur: 

- Dövlər İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarının balları məzunun, abituriyentin məhz bu imtahanlarda əldə etdiyi nəticə əsasında formalaşır. Məktəbdaxili qiymətləndirmələr isə şagirdin attestatına yazılır və yekun qiymətlər müəyyənləşir. Şagirdin növbəti mərhələyə buraxılması, attestat alması üçün yarımillik və illik qiymətləndirmələrdən keçməsi vacibdir. BSQ-lərin qəbul balına təsiri yoxdur, nə bal artırır, nə əskildir, amma şagirdin orta məktəbi bitirdiyini göstərən hüquqi zərurətdir. 

Ə.Həsənli bildirdi ki, mart ayında buraxılış imtahanı keçirildikdən sonra arada 3 aylıq müddət qalır: 

- Mart ayında buraxılış imtahanı keçirilir, lakin tədris ili iyunda başa çatır. Martdan iyunadək olan 3 aylıq müddət boş qala bilməz. Boş qalmamalıdır. Dövlət tədris proqramı 15 sentyabrdan 14 iyuna qədər olan dövrü əhatə edir. BSQ tədris proqramının tamlığını yoxlama üçün ilin sonunda keçirilir, imtahan bunun üçündür. Lakin buraxılış imtahanı vermiş şagirddə psixoloji olaraq “hər şey bitdi, niyə məktəbə gedim” kimi aura yaradır. Və bu da son aylarda şagirdlərin tədrisə marağının azalmasına, motivasiyanın düşməsinə səbəb olur. Valideynlər də hesab edir ki, uşaq məktəbə boş-boşuna, sadəcə əylənməyə gedir, dərsliklər toplanıb, dərs keçilmir. Bu, hazırda təhsilimizdə ən böyük idarəetmə və yanaşma problemidir. Dərsliklər erkən yığılırsa, şagird son aylarda səmərəsiz, sadəcə davamiyyət xətrinə məktəbə gedirsə, bu, tədrisin fəlsəfəsinə ziddir. Məktəb şagirdlərin sadəcə gedib-gəldiyi yer, uşaqların vaxt öldüryü məkana çevrilməməlidir. Məktəb rəhbərliyi, müəllimlər bu 3 aylıq müddəti universitet materiallarına hazırlıq, gələcək karyera yönümlü seminarlar, intellektual oyunlar, rəqəmsal bacarıqların inkişafı, sosiallaşma, sosial layihələrlə doldurmalıdırlar. Əgər məktəb bu mühiti yarada bilmirsə, valideynin bu gediş-gəliş boşunadır, deməyə haqqı çatır. Hüquqi baxımdan məktəbdə davamiyyət, qymətlədirmələr məcburudir. Lakin praktiki baxımdan mart-iyun boşluğunun məzmunu tamamilə yeniləməlidir. Şagird məktəbə cəza çəkirmiş kimi yox, real həyata hazırlanmaq üçün gedib-gəlməlidir.