Təhsil mühiti qorxu üzərində yox, etimad və məsuliyyət üzərində qurulmalıdır
Azərbaycanda məktəblərdə şagird–müəllim münasibətləri və uşaqların təhlükəsizliyi məsələsi zaman-zaman ictimai müzakirələrə səbəb olur. Son günlər Gürcüstanda bu sahədə atılan yeni addım da mövzunu yenidən gündəmə gətirib. Belə ki, qonşu ölkənin Təhsil və Elm Nazirliyi şagirdə qarşı zorakılıq səbəbilə işdən azad edilən müəllim və məktəb əməkdaşlarının 3 il müddətinə ümumi təhsil müəssisələrində çalışmasını qadağan edən qanun dəyişikliyi təklif edib.
Məlumata görə, Gürcüstan Təhsil və Elm Nazirliyi “Ümumi təhsil haqqında” qanunda dəyişiklik layihəsi təqdim edib. Layihəyə əsasən əmək müqaviləsi şagirdə qarşı zorakılıq səbəbindən dayandırılan müəllim və ya məktəbin digər əməkdaşları 3 il müddətinə ümumi təhsil müəssisələrində işə düzəlmək hüququndan məhrum ediləcəklər. 24News.ge xəbər verir ki, hazırkı qanuna görə, zorakılıq səbəbindən məktəbdən azad edilən müəllim digər məktəblərdə işləməyə məhdudiyyətsiz davam edə bilər. Nazirliyin açıqlamasına görə, şagirdə qarşı fiziki zorakılıq müəllimin peşə etikası və məktəb qaydalarının ciddi pozulması sayılır və dərhal məktəb mühitinə qaytarılması şagirdlərin təhlükəsizliyinə risk yaradır. 3 illik məhdudiyyətin cəza deyil, profilaktik xarakter daşıdığı vurğulanır. Məqsəd oxşar halların qarşısını almaq və müəllimlərə davranışlarını düzəltmək, peşəkar məsuliyyəti dərk etmək imkanı yaratmaqdır. Nazirlik bildirir ki, bu yanaşma beynəlxalq təcrübəyə uyğundur və uşaqların hüquqlarının qorunması üçün effektiv mexanizmdir. Bu kontekstdə oxşar halların Azərbaycanda mövcudluğu və mövcud mexanizmlərin effektivliyi sual doğurur.
Mövzunu şərh edən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli deyib ki, uşağa qarşı zorakılıq harada baş verməsindən asılı olmayaraq, bu, təkcə etik yox, həm də ciddi hüquqi və mənəvi problemdir. Ekspert “Sherg.az”a açıqlamasında qeyd edib ki, müəllim peşəsi cəmiyyətdə ən yüksək etimad göstərilən sahələrdən biridir və bu etimadın sarsılması bütövlükdə təhsil sisteminə zərbə vurur: “Gürcüstanda bu istiqamətdə atılan addım - şagirdə qarşı zorakılıq edən müəllimin müəyyən müddət məktəblərdə çalışmasının qadağan edilməsi- əsasən cəzalandırmadan çox profilaktik məqsəd daşıyır və bu baxımdan diqqətəlayiq yanaşmadır.
Azərbaycanda da mövcud qanunvericilikdə uşaqların hüquqlarının qorunması, fiziki və psixoloji zorakılığın yolverilməzliyi açıq şəkildə təsbit olunub. Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və “Uşaq hüquqları haqqında” qanun bu cür hallara hüquqi qiymət verilməsi üçün baza yaradır. Lakin reallıq göstərir ki, təkcə ümumi hüquqi normalar hər zaman preventiv təsir baxımından yetərli olmur. Xüsusilə təhsil mühitinə xas, daha konkret və məqsədli mexanizmlərə ehtiyac var.
Bu baxımdan, zorakılıq faktı sübuta yetirilmiş müəllimlərin müəyyən müddət təhsil müəssisələrində fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanda da müzakirə mövzusu ola bilər. Amma burada əsas məsələ balansın düzgün qorunmasıdır. Bir tərəfdən uşaqların təhlükəsizliyi və psixoloji rifahı prioritet olmalıdır, digər tərəfdən isə hər bir qərar hüquqi araşdırma, şəffaf prosedur və sübutlara əsaslanmalıdır ki, subyektiv yanaşmalar və sui-istifadə halları yaranmasın”.
Ə. Həsənlinin sözlərinə görə, problemin kökünə enmədən yalnız qadağa və cəza ilə nəticə əldə etmək çətindir: “Müəllimlərin psixoloji hazırlığı, stressin idarə olunması, etik davranış standartları, məktəbdaxili nəzarət mexanizmləri və valideyn–məktəb–şagird münasibətlərinin sağlam qurulması bu prosesin ayrılmaz hissəsidir. Zorakılıq baş verməmişdən əvvəl onu önləyən sistem qurmaq daha effektiv və davamlı nəticə verir. Oxşar mexanizmin Azərbaycanda tətbiqi uşaqların təhlükəsizliyi baxımından müəyyən dərəcədə zəruri ola bilər, lakin bu addım mövcud qanunvericiliyin təkmilləşdirilməsi, institusional nəzarətin gücləndirilməsi və müəllimlərin peşəkar inkişafı ilə paralel aparılmalıdır. Təhsil mühiti qorxu üzərində yox, etimad, məsuliyyət və sağlam münasibətlər üzərində qurulmalıdır”.