“Kişiləri təhsilə cəlb etmək istəyirlərsə, normal maaş versinlər”

“Bundan sonra kişilər müəllim peşəsindən ikiəlli yapışacaqlar. Normal şərait yaratmaq lazımdır”
“Belə şərait yarandıqdan sonra kişi və qadın müəllimlərinin məktəbdə balansı tənzimlənəcək” 
Təhsil naziri Emin Əmrullayev bildirib ki, gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq: “Amma biz kişi müəllimlərin çox olmasını istəyirik”.Onun sözlərinə görə, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir: 
“Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir. Onu da qeyd edək ki, qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətdə yaxşıdır. Növbəti qiymətləndirmə zamanı 15 yaşlı şagirdlər arasında qızların nəticələrinin aşağı düşdüyünü müşahidə edirik. Bunu təhlil etmək lazımdır. Düşünürəm ki, bu, təhsil-pedaqoji məsələ ilə bağlı deyil, onların əhatə olunduqları insanların münasibəti və ünsiyyətə məruz qaldıqları hallarla bağlıdır”.
Nazirin söylədikləri barədə “Sherg.az”a açıqlama verən təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun sözlərinə görə, qadın müəllimlər var ki, kişi müəllimlərdən qat-qat yaxşı dərs deyir və pedaqoqa xas olan bütün keyfiyyətləri özündə cəmləyir:
“Eyni zamanda yaxşı kişi müəllimlərinin olduğunu da deyə bilərik. Ancaq belə bir həqiqət var: Dünyada ən böyük kəşflər məhz kişilər tərəfindən olub. Yəqin ki, burada bioloji amillər rol oynayır. Bəlkə də, qadınlar həddindən çox ev işləri gördükləri üçün elmi kəşflərdə kişilərdən geri qalırlar. Yəni ölkəmizdəki xanımlar evə qapanmağı çox sevirlər və bütün ev işləri onların üzərindədir. Təsəvvür edin, qadın həm evdə iş görür, həm məktəbdə dərs deyir. Bu nöqteyi nəzərdən ola bilsin ki, nazirin dediklərində 20-25 faiz həqiqət olsun. Amma kişi müəllimlərini də təhsilə cəlb etmək istəyirlərsə, normal maaş versinlər. Bundan sonra kişilər müəllim peşəsindən ikiəlli yapışacaqlar. Normal şərait yaratmaq lazımdır. 
Belə şərait yarandıqdan sonra kişi və qadın müəllimlərinin məktəbdə balansı tənzimlənəcək”.