Millət vəkili dövlət komitəsinin bu istiqamətdə nə işlər gördüyünü tələb edib
Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Gündəliyin təsdiqindən sonra cari məsələlərin müzakirəsinə başlanıb. Cari məsələlərlə bağlı çıxış edən deputatlar bəzi aktual məsələlərə dair fikirlərini səsləndiriblər, təkliflərini irəli sürüblər. Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlanıb.
“Azərbaycan gəncləri Qarabağda işləməlidir”
Millət vəkili Aqil Abbas Qarabağda tələbə-inşaat dəstələri yaradılmasını təklif edib. Deputat deyib ki, Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir: “Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?”.
“Gənclər arasında narkomaniya geniş yayılıb”
Millət vəkili Siyavuş Novruzov gənclər arasında narkomaniyanın geniş yayıldığını deyib. Deputat bildirib ki, dekabrın 23-də polis narkotik satan, yaşı 30-dan aşağı olan 33 gənci saxlayıb: “Bu, tək bir günün statistikasıdır. DİN-in, Gömrük Komitəsinin statistikaları var. Biz hamılıqla buna qarşı mübarizə aparmalıyıq. Gənclərin düzgün tərbiyə olunmasına çalışmalıyıq. Ailə problemlərinin çox hissəsi də burdan başlayır”.
“Gənclərin yaxşı vətəndaş kimi formalaşması orta məktəbdən başlayır”
Deputat Məlahət İbrahimqızı məktəblərdə qadın müəllimlərin çoxluğundan narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu gün orta məktəblərdə müəllimlərin mütləq əksəriyyəti qadındır: “Kişilərin təhsildə üstünlük təşkil etməsi üçün komitə tərəfindən hansı işlər görüldüyü açıqlansa, yaxşı olar. Çünki gənclərin yaxşı vətəndaş kimi formalaşması orta məktəbdən başlayır. Digər məsələ erkən nikahlarla bağlıdır. Xüsusilə Bakının bəzi kəndlərində və bəzi rayonlarda bu problem daha aktualdır. Bunun üçün komitə tərəfindən ayrıca fəaliyyət həyata keçirilməlidir. Bu edilir, ya yox, bilmək istəyərdik”.
“Erkən nikah, təhsildən yayınma, narkomaniya cənub bölgəsində daha geniş yayılmaqdadır”
Millət vəkili Elman Nəsirov qeyd edib ki, Azərbaycanda cənub bölgəsində ən çox narahatedici məsələ erkən nikahlarla bağlıdır: “Cənub bölgəsində bəzi valideynlər 9-cu sinifdən sonra uşaqlarının təhsilini davam etdirməsində maraqlı olmur. Başqa regionlarla müqayisədə, cənub bölgəsində erkən nikah, qızların təhsildən yayınma halları daha çoxdur. Bahar xanımdan xahiş edirəm o statistika varsa, təqdim etsin. Burada həyəcan təbili çalmaq istəyirəm ki, cənub bölgəsində erkən nikahlar məsələsində vəziyyət çox pisdir. Eyni zamanda narkomaniya ilə bağlı məsələdə də vəziyyət ürəkaçan deyil. Erkən nikah, təhsildən yayınma, narkomaniya cənub bölgəsində daha geniş yayılmaqdadır. Həyəcan təbili çalıram və xahiş edirəm ki, aidiyyəti qurumlar bu məsələdə fəaliyyəti gücləndirsinlər”.