Süni intellekt texnologiyalarının sürətli inkişafı təkcə iqtisadi və texnoloji sahələrdə deyil, dövlətlərin təhlükəsizlik strategiyalarında da yeni mərhələ formalaşdırır. Son dövrlər Azərbaycanda data mərkəzlərinin qurulması ilə bağlı ABŞ şirkətləri ilə aparılan danışıqlar da məhz bu reallığın fonunda diqqət çəkir. Mütəxəssislər hesab edir ki, süni intellektin kiber mühitdə istifadəsi potensial təhdidləri daha mürəkkəb və qarşısı çətin alınan səviyyəyə yüksəldə bilər.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin sözlərinə görə, ölkə daxilində data mərkəzlərinin yaradılması yalnız texnoloji inkişaf deyil, həm də milli təhlükəsizlik baxımından vacib addım kimi qiymətləndirilir. O qeyd edib ki, bu proses faktiki olaraq süni intellekt infrastrukturlarının formalaşdırılmasına və texnologiya transferinə yönəlib. Bununla belə, ekspertə görə əsas risklər yalnız kiber məkanla məhdudlaşmır: “Bizi, yəni insanlığı gözləyən sürprizlər bu deyil. Bunlardan daha təhlükəlisi suni intellektin hərbi sənayedə tətbiq olunmasıdır. Artıq insansız ölüm vasitələrinin kütləvi istehsalı mümkündür. Bunu qismən Ukrayna müharibəsində görürük, amma daha da artacaq”.
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli “Sherg.az”a açıqlamasında bildirib ki, məsələyə reallıq prizmasından yanaşmaq daha doğru olar. Ekspertin sözlərinə görə, Süni İntellektin hərbi sənayedə tətbiqi həm ciddi üstünlüklər, həm də müəyyən risklər doğurur və hazırda bu, bütün dünyada geniş müzakirə olunan mövzulardan biridir: 
“İnsan övladı daim əməliyyatları minimum insan itkisi ilə həyata keçirməyə çalışır və texnologiyanın inkişafı da məhz buna xidmət edir. Hazırda süni intellektdən ən çox pilotsuz uçuş aparatlarında, radioelektron mübarizə və radiolokasiya sistemlərində, hava hücumundan müdafiə komplekslərində, həmçinin aviasiya vasitələrinin idarə olunmasında istifadə edilir. Mövcud şəraitdə bu yanaşma məntiqlidir. İnsan həyatını risk altına salan əməliyyatların icrasında texnologiyanın imkanlarından maksimum istifadə olunması vacibdir. Pilotsuz uçuş aparatları, pilotsuz qayıqlar və digər uzaqdan idarə olunan sistemlər döyüş meydanında insan faktorunu minimuma endirir. Belə əməliyyatların birbaşa insan tərəfindən icrası hərbçilərin həyatı üçün yüksək risk yaradır. Süni intellekt əsaslı sistemlər isə bu riski əhəmiyyətli dərəcədə azaldır və itkilərin qarşısını almağa kömək edir”.
Süni intellektin hərbi sənayedə istifadəsinin doğura biləcəyi təhlükələrə toxunan R. Məmmədli bildirib ki, böyük azərbaycanlı alim, professor Rafiq Əliyevin də vurğuladığı kimi, əsas narahatlıq süni intellektin tam avtonom - özünü idarə edən forması ilə bağlıdır:
“KİV-in Rafiq Əliyevə “Ən çox qorxduğunuz nədir?” sualına professor cavab olaraq bildirib ki, onu ən çox qorxudan robotların üsyanıdır. Robotlar dedikdə isə söhbət Süni intellektin özü- özünü idarə edən formasından gedir. Yəni süni intellekt insan nəzarəti altında olduğu müddətdə təhlükə mənbəyi deyil, əksinə, insan əməyini yüngülləşdirən və effektivliyi artıran vasitədir. Vacib olan məqam bu texnologiyaların yalnız insanın qərarı və nəzarəti çərçivəsində tətbiq edilməsidir.
Artıq hərbi sənayedə süni intellektin tətbiqinin qarşısını almaq mümkün deyil. Güc balansını qorumaq istəyən dövlətlər bu texnologiyalara maraq göstərir və onları sürətlə inkişaf etdirir. Ona görə də əsas məsələ süni intellektdən imtina etmək yox, onun təhlükəsiz və nəzarətli şəkildə istifadəsini təmin etməkdir”.