- "Artıq onlarla dövlət saytı ilə göstərilən xidmətlərə ehtiyac qalmayacaq. Bu xidmətlər vahid platforma üzərindən təqdim olunacaq. Süni intellekt vətəndaşlara bəzi dövlət xidmətlərini göstərə biləcək”
Azərbaycanın rəqəmsal transformasiya strategiyasında yeni mərhələnin əsasını qoyacaq qərarlar verilib. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf üzrə İdarələrarası Koordinasiya Şurasının ilk iclasında dövlət xidmətlərinin vahid rəqəmsal ekosistemdə birləşdirilməsi, vətəndaş və biznes üçün xidmətlərə çıxışın sadələşdirilməsi, eləcə də rəqəmsal idarəetmənin səmərəliliyinin artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib. İclasda vurğulanıb ki, dövlətin bu sahədə əsas hədəfi vətəndaşların müxtəlif dövlət qurumlarının ayrı-ayrı platformalarından deyil, vahid rəqəmsal mühitdən istifadə etməsini təmin etmək, xidmətlərin əlçatanlığını və keyfiyyətini yüksəltməkdir.
Bu istiqamətdə artıq praktiki addımlar atılır. Dövlət qurumlarının fərdi portal və mobil tətbiqlərinin mərhələli şəkildə vahid ekosistemə inteqrasiyası həyata keçirilir. Nəticədə vətəndaşlar və sahibkarlar dövlət xidmətlərindən istifadə üçün bir neçə fərqli tətbiq yükləmək məcburiyyətində qalmayacaq, bütün proseslər “mygov” və “mygov biznes” platformaları üzərindən həyata keçiriləcək. Artıq “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə bu platformaya inteqrasiya edilib, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” tətbiqlərinin isə bir çox xidmətləri “mygov” üzərindən təqdim olunur və ilin sonunadək onların tam inteqrasiyasının başa çatdırılması nəzərdə tutulur. Bu yanaşma dövlət xidmətlərinin vahid rəqəmsal platformada cəmləşdirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri kimi qiymətləndirilir.
İnformasiya Texnologiyaları üzrə Mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sherg.az-a bildirib ki, dövlət xidmətlərinin vahid “mygov” platformasında birləşdirilməsiylə vətəndaşlar artıq müxtəlif dövlət qurumlarının ayrı-ayrı mobil tətbiqlərini və internet səhifələrini axtarmaq məcburiyyətində qalmayacaqlar:

“Bütün əsas dövlət xidmətlərinə vahid giriş nöqtəsindən çıxış mümkün olacaq ki, bu da həm vaxta qənaət edəcək, həm də istifadə prosesini xeyli sadələşdirəcək Digər mühüm üstünlük "bir dəfə məlumat təqdim et" prinsipinin tətbiqidir. Vətəndaş eyni məlumatı müxtəlif dövlət qurumlarına dəfələrlə təqdim etmək əvəzinə, dövlət qurumları həmin məlumatları qanunvericiliyin tələblərinə uyğun şəkildə öz aralarında mübadilə edə biləcəklər. Bu isə bürokratik prosedurların azalmasına, xidmətlərin daha sürətli göstərilməsinə və insan faktorunun minimuma enməsinə şərait yaradacaq. Biznes subyektləri üçün də mühüm üstünlüklər yaranacaq. Şirkətlər lisenziyaların alınması, icazələrin rəsmiləşdirilməsi, vergi, sosial ödənişlər və digər dövlət xidmətlərini vahid platforma üzərindən idarə edə biləcəklər. Bu da sahibkarlıq mühitinin daha çevik və şəffaf olmasına töhfə verəcək”.
Ekspert vurğulayıb ki, ən mühüm dəyişiklik dövlət qurumları arasında məlumat mübadiləsinin daha koordinasiyalı şəkildə həyata keçirilməsi olacaq:
“Hazırda müxtəlif informasiya sistemlərinin paralel işləməsi bəzən eyni məlumatların təkrar emalına, texniki uyğunsuzluqlara və əlavə xərclərə səbəb olur. Vahid rəqəmsal ekosistem isə məlumatların standartlaşdırılmasını, sistemlərin qarşılıqlı işləmə qabiliyyətini və qərarvermə prosesinin operativliyini artıracaq. Bu model həm də dövlət xərclərinin optimallaşdırılmasına imkan verəcək. Ayrı-ayrı qurumların oxşar funksiyaları yerinə yetirən müxtəlif proqram təminatları hazırlaması əvəzinə, ortaq rəqəmsal platformadan istifadə ediləcək. Bundan əlavə, vahid platformada kibertəhlükəsizlik tədbirlərinin mərkəzləşdirilməsi daha effektiv müdafiə mexanizmlərinin qurulmasına şərait yaradır. Təhlükəsizlik standartlarının vahid şəkildə tətbiqi, hadisələrin operativ monitorinqi və risklərin daha sürətli aşkarlanması mümkün olur. Bununla yanaşı, belə platformalarda məlumatların məxfiliyinin qorunması, giriş hüquqlarının düzgün idarə olunması və ehtiyat sistemlərinin qurulması xüsusi diqqət tələb edən məsələlər olaraq qalır.
B.Əliyevin sözlərinə görə bu yanaşma elektron hökumətin növbəti inkişaf mərhələsinə keçidi ifadə edir:
“Əgər əvvəlki mərhələdə əsas məqsəd dövlət xidmətlərini rəqəmsallaşdırmaq idisə, indi əsas hədəf həmin xidmətləri vahid və inteqrasiya olunmuş rəqəmsal ekosistemdə birləşdirməkdir. Bu model gələcəkdə süni intellekt əsaslı dövlət xidmətlərinin tətbiqini də sürətləndirə bilər. Məsələn, vətəndaşın müraciət tarixçəsi və ehtiyacları nəzərə alınaraq fərdiləşdirilmiş xidmətlərin təqdim edilməsi, avtomatik bildirişlər, proaktiv dövlət xidmətləri və rəqəmsal köməkçilərin istifadəsi mümkün olacaq. Digər mühüm istiqamət isə məlumat əsaslı idarəetmənin inkişafıdır. Müxtəlif dövlət qurumlarından əldə olunan anonimləşdirilmiş statistik məlumatların təhlili dövlət siyasətinin daha dəqiq planlaşdırılmasına, sosial və iqtisadi qərarların daha əsaslandırılmış şəkildə qəbul edilməsinə imkan yaradacaq. Vahid "mygov" ekosistemi yalnız texnoloji yenilik deyil, dövlət idarəçiliyinin daha çevik, şəffaf, vətəndaşyönümlü və səmərəli modelə keçidini təmin edən strateji islahatdır. Bu yanaşma Azərbaycanın rəqəmsal transformasiya strategiyasının əsas sütunlarından birinə çevrilə və gələcəkdə rəqəmsal iqtisadiyyatın, elektron hökumətin və innovasiya ekosisteminin daha sürətli inkişafı üçün möhkəm zəmin yarada bilər”.