AI həmin tendensiyanı “norma” kimi qəbul edərək, gələcək proqnozlara da təsir göstərə bilər. Bu isə ədalət prinsipinin pozulması təhlükəsini artırır
Ölkəmizdə süni intellektin əhatə dairəsi sürətlə genişlənir. Sosial şəbəkələrdə Aİ texnologiyası ilə hazırlanan videolarla tez-tez qarşılaşırıq. Artıq beynimiz nəyin gerçək, nəyin isə süni olduğunu ayırmaqda çətinlik çəkir. Texnologiyanın inkişafını müsbət addım kimi qiymətləndirsək də, gələcəkdə insanlarda kütləşməyə səbəb ola bilər.
Artıq bir çox şirkətlərdə, təhsil müəssisələrində, xəbər saytlarında sünii zəkadan istifadə olunur. İndi isə diqqət Ali məhkəməninin sədri Sənan Hacıyevin jurnalistlərə verdiyi açıqlamaya yönəlib. Onun sözlərinə görə, məhkəmə sistemində də süni intellektdən istifadə olunaq. Xüsusilə əmr icraatı, icra icraatı qaydasında baxılan işlər və hüquqi mübahisəsi minimal olan məsələlər üzrə qərar layihələrinin AI tərəfindən hazırlanması planlaşdırılır. Bəs cəmiyyət süni zəka tərəfindən hazırlanmış materiallara etimad etmirsə, məhkəmənin AI ilə hazırladığı sənədlərə necə yanaşacaq?
Mövzu ilə bağlı İnformasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov Sherg.az-a bildirib ki, məhkəmə sistemi üçün hazırlanmış proqram süni intellekt texnologiyasına əsaslanır:
“Onun məqsədi məhkəməyə təqdim olunan sənədləri prosessual normalara uyğunluq baxımından yoxlamaqdır. Bu yanaşma korporativ sektorda tətbiq olunan mexanizmlərə bənzəyir. Məsələn, minlərlə CV-nin qısa müddətdə süni intellekt vasitəsilə təhlil edilərək uyğun namizədlərin seçilməsi kimi. Eyni prinsip məhkəmə sistemində, xüsusilə əmr icraatı və icra icraatı kimi nisbətən sadə işlər üzrə ilkin emal mərhələsində tətbiq olunacaq. AI-nin məhkəmə sisteminə tətbiqi, texniki xarakterli yoxlamaların sürətləndirilməsinə xidmət edəcək. Məsələn, məhkəməyə təqdim olunan sənədlərdə hüquqi əsaslandırmanın natamam olması, prosessual tələblərin pozulması kimi hallar süni intellekt tərəfindən dərhal müəyyən edilə bilər. Nəticə etibarilə, vətəndaş sənədinin yararsız olduğunu, daha qısa müddətdə öyrənərək, yenidən hazırlaması üçün vaxt qazanacaq. Bu proses həm məhkəmə aparatının iş yükünü azalda, həm də ədalət mühakiməsinin operativliyini artıra bilər. Eyni zamanda, süni intellekt böyük həcmdə materialların təhlilində hakim üçün yardımçı alət rolunu oynaya bilər. Məsələn, bir iş üzrə tərəfin əleyhinə çoxsaylı sübutlar varsa, sistem həmin sənədləri strukturlaşdıraraq hüquqi mövqelərin müqayisəli analizini sürətli şəkildə təqdim edə bilər”.
Mütəxəssisin sözlərinə görə, AI məhkəmə sistemində hakimi əvəzləməyəcək, sadəcə köməkçi vasitə kimi istifadə olunacaq:
“Bununla yanaşı, bir sıra ciddi hüquqi və etik məsələlər də mövcuddur. Əgər süni intellekt tərəfindən hazırlanmış proqnoz yanlış olarsa, bunun hüquqi nəticələrinə görə kim cavabdeh olacaq? Digər mühüm risk tarixi məlumatlarda mövcud olmuş qərəz elementlərinin model tərəfindən təkrarlanmasıdır. Əgər əvvəlki məhkəmə təcrübəsində müəyyən sistemli yanaşma mövcud olubsa, AI həmin tendensiyanı “norma” kimi qəbul edərək, gələcək proqnozlara da təsir göstərə bilər. Bu isə ədalət prinsipinin pozulması təhlükəsini artırır. Halbuki hər bir iş fərdi qaydada, konkret faktiki hallar əsasında qiymətləndirilməlidir. Psixoloji təsir amili də nəzərə alınmalıdır. Süni intellekt tərəfindən təqdim olunan “uğur ehtimalı” və ya qərar proqnozu vətəndaşlarda əsassız ümid və ya əksinə, erkən ümidsizlik yarada bilər. Hüquqi strategiyanın yalnız texnoloji proqnoza əsaslanması məsuliyyət prinsipini zəiflədə bilər. Bundan əlavə, məlumatların məxfiliyi məsələsi də xüsusi diqqət tələb edir. Süni intellekt vasitəsilə məhkəmə sənədlərinin emalı zamanı, şəxsi və həssas məlumatların təhlükəsizliyini təmin etmək üçün ciddi qoruma mexanizmləri tətbiq edilməlidir”.
Aybəniz Səfərova