Texnologiyalara qarşı ən böyük risk dəyişikliklərə müqavimətdir - Cengiz Çalıkoğlunun "Şərq"ə MÜSAHİBƏSİ

"Dəyişən dünyaya uyğunlaşanlar irəliləyəcək, müqavimət göstərənlər isə geri qalacaq"

Texnologiyanın sürətli inkişafı yalnız həyat tərzimizi deyil, insan münasibətlərindən təhlükəsizliyə, jurnalistikadan qlobal güc balansına qədər bütün sahələri köklü şəkildə dəyişdirir. Rəqəmsallaşma ünsiyyətə təsir edir, informasiya bolluğu isə reallıq və qavrayış arasında yeni uçurumlar yaradır.

Bu transformasiya fonunda süni intellekt, kibertəhlükəsizlik və məlumat üzərində nəzarət yeni dünyanın əsas müəyyənedici faktorlarına çevrilir.

Regionda baş verən proseslər də kibertəhlükəsizlik mövzusunu gündəmdə saxlayır.

Texnologiya strategiyaları, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya üzrə mütəxəssis Cengiz Çalıkoğlu Sherg.az-ın suallarını cavablayıb:

- Texnologiyanın insan münasibətlərinə təsirini necə ifadə edərdiniz?

-Texnologiya insan münasibətlərini köklü şəkildə dəyişib. Bu gün insanlar daha çox əlaqədə olsa da, daha az dərin münasibətlər qurur. Ünsiyyət artıb, lakin qarşılıqlı təsir zəifləyib. Bu isə tənha qalma, sosial uzaqlaşma və cəmiyyət daxilində parçalanma kimi nəticələrə gətirib çıxarır.

Digər mühüm məsələ reallıq və qavrayış problemidir. İnsanlar artıq reallığı birbaşa deyil, rəqəmsal filtrlər vasitəsilə qəbul edir. Bu isə yanlış məlumatların yayılmasını, manipulyasiyanı və ictimai rəyin yönləndirilməsini daha da gücləndirir. Nəticədə hər kəs fərqli bir reallıq daxilində yaşayır.

-Bəs təhlükəsizlik?

-Təhlükəsizlik yeni dünyanın ən həssas sahələrindən birinə çevrilib. Bu gün məlumat ən dəyərli resurs hesab olunur, eyni zamanda ən çox hücuma məruz qalan sahədir. Müasir müharibələr artıq yalnız fiziki müstəvidə aparılmır. Kiberhücumlar, informasiya əməliyyatları və manipulyasiya müasir müharibənin əsas komponentlərinə çevrilib. Xüsusilə kritik infrastruktur, kommunikasiya xətləri və məlumat sistemləri əsas hədəfdir. Artıq müharibələr tanklarla deyil, məlumatlarla başlayır. Çox vaxt doğru informasiya yanlış məlumat axını içində itib gedir.

-İnsanların məlumat almasında texnologiyanın rolu nədir?

-Bu mövzuya tək bir prizmadan yanaşmaq mümkün deyil. Çünki bu gün yaşadığımız transformasiya yalnız jurnalistikanı deyil, eyni zamanda insan davranışını, peşələri, ictimai münasibətləri, təhlükəsizliyi və hətta müharibənin mahiyyətini birlikdə dəyişdirən çoxqatlı bir prosesdir.

Bu prosesi üç əsas istiqamətdə qiymətləndirmək daha doğru olar: jurnalistikanın transformasiyası, insan və peşələr üzərində təsiri, həmçinin insan münasibətləri, təhlükəsizlik və yeni dünya nizamı.

Ənənəvi jurnalistikada proses aydın və nəzarətli idi. Jurnalist hadisə yerinə gedir, məlumat toplayır, onu yoxlayır və daha sonra məqalə halına gətirirdi. Yəni sistem insan mərkəzli idi və informasiya məhdud idi. Bu gün isə bu struktur köklü şəkildə dəyişib. Artıq jurnalistika böyük ölçüdə məlumat analitikası, alqoritmlər və süni intellekt sistemləri üzərindən inkişaf edir. Xüsusilə maliyyə, idman mövzularının mənzmunun əhəmiyyətli hissəsini birbaşa sistemlər istehsal edir. Bu, yalnız sürəti artırmaqla kifayətlənməyib, jurnalistikanın mahiyyətini də dəyişib. Lakin əsas dönüş nöqtəsi bundan ibarətdir ki, artıq hər kəs eyni xəbəri görmür. Alqoritmlər məzmunu fərdlərə uyğun şəkildə süzgəcdən keçirir. Nəticədə ortaq reallıq zəifləyir, fərdi reallıqlar formalaşır. Bu gün insanlar eyni dünyanı deyil, onlara təqdim olunan dünyanı yaşayır. Beləliklə, jurnalistikanın rolu da dəyişir. Əvvəllər informasiyaya çıxışı olan şəxs dəyərli sayılırdısa, bu gün doğru məlumatı seçə bilən, onu yoxlayan və mənalandıran şəxs daha önəmli hesab olunur. Bu səbəbdən jurnalistikanın gələcəyi sürət üzərində deyil, etibar və doğrulama üzərində qurulacaq.

-Görünən odur ki, texnoloji yeniliklər peşələrə də siraət edir. 

-Texnologiyanın ən dərin təsiri insan və peşələr sahəsində özünü göstərir. Bu dəyişiklik birbaşa insanın düşüncə tərzini, qərarvermə mexanizmlərini və iş həyatını təsir edir. Müasir dövrdə insanlar daha sürətli istehlak edir, daha səthi oxuyur və daha çox yönləndirilir. Bu da fərqinə varmadan qərarvermə proseslərinə təsir göstərir.

Peşələr baxımından məsələ iş yerlərinin yox olması deyil, onların transformasiyasıdır. Qlobal analizlər göstərir ki, milyonlarla iş aradan qalxsa da, daha çox yeni iş sahələri yaranır. Burada əsas məsələ bacarıqların dəyişməsidir. Rutin, təkrarlanan və avtomatlaşdırıla bilən işlər azalır, əvəzində süni intellekt, məlumat analitikası, kibertəhlükəsizlik və rəqəmsal sistemlərin idarə olunması kimi sahələr ön plana çıxır. Bu isə onu göstərir ki, dəyişən insan deyil, insan modelidir.

-Bu inkişafda kim qazanclı çıxacaq?

-Ən böyük risk dəyişikliklərə müqavimətdir. Dəyişən dünyaya uyğunlaşanlar irəliləyəcək, müqavimət göstərənlər isə geri qalacaq. Bu, yalnız fərdlərə deyil, şirkətlərə, qurumlara və dövlətlərə də aiddir. Tarix bunu dəfələrlə sübut edib- sənaye inqilabı, internetin yaranması və bu gün süni intellekt mərhələsi göstərir ki, texnologiya geri çəkilmir, daim transformasiya edir. Bu səbəbdən əsas sual dəyişimin olub-olmaması deyil, ona nə qədər sürətlə uyğunlaşa bilməyimizdir.

-Süni intelekt yeni bir fürsətdirmi?

-Süni intellekt bu prosesdə ikili rol oynayır. Bir tərəfdən məhsuldarlığı artırır, effektivlik yaradır və yeni imkanlar açır. Digər tərəfdən isə deepfake texnologiyaları, avtomatlaşdırılmış hücumlar və manipulyasiya alətləri kimi ciddi risklər yaradır. Buna görə də texnologiya yalnız fürsət deyil, eyni zamanda düzgün idarə olunmalı olan bir gücdür.

Ümumilikdə, bu gün baş verən transformasiya tək bir sahə ilə məhdudlaşmır. İnsan davranışı dəyişir və dünya yeni bir mərhələyə daxil olur.

-Texnologiyaların inkişafının gələcəyini necə görürsünüz?

-Bu gün texnologiya dövrünü tək bir sözlə ifadə etmək lazım gəlsə, buna “sürət” deyərdim. Amma əsas məsələ sürətin özü deyil, bu sürətin artıq insanın uyğunlaşma qabiliyyətini aşmağa başlamasıdır.

Yaxın illərdə bizi üç aydın istiqamət gözləyir.

Birincisi, süni intellektin həyatın mərkəzinə tam şəkildə yerləşməsi. Bu gün süni intellekt daha çox dəstək aləti kimi istifadə olunur, lakin çox qısa müddət ərzində qərarvermə mexanizmlərinin birbaşa hissəsinə çevriləcək. Yəni insanlar qərar verən deyil, qərarları idarə edən mövqeyə keçəcək.

İkincisi, peşələrin və iş görmə formalarının köklü şəkildə dəyişməsidir. Artıq bir peşəni öyrənib onu ömür boyu davam etdirmək modeli aradan qalxır. Daim öyrənən, özünü yeniləyən və fərqli sahələrə uyğunlaşa bilən insanlar ön plana çıxacaq. Bu dəyişikliklərə ayaq uydura bilməyənlər üçün isə ciddi risk yaranacaq. 

Üçüncüsü isə təhlükəsizlik və güc balansı məsələsidir. Texnologiya inkişaf etdikcə yalnız imkanlar artmır, eyni zamanda təhdidlər də böyüyür. Kiberhücumlar, məlumat manipulyasiyası və informasiya əməliyyatları yaxın dövrdə daha da müəyyənedici olacaq. Artıq dövlətlərin gücü yalnız iqtisadi və ya hərbi potensialla deyil, rəqəmsal infrastrukturları və məlumat üzərində nəzarəti ilə ölçüləcək.

Bütün bunların fonunda isə çox aydın bir həqiqət var:

Texnologiya inkişaf etməyə davam edəcək.

Amma bu prosesdə əsas müəyyənedici amil insanların və qurumların bu dəyişikliklərə nə qədər sürətlə uyğunlaşa bilməsidir.

Yaxın gələcəkdə fərq yaradanlar ən çox bilənlər deyil, ən sürətli öyrənənlər, dəyişimi düzgün dərk edənlər və özünü daim yeniləyə bilənlər olacaq.

-Hörmüz boğazından keçən fiber internet xətləri zədələnsə nə baş verər?

-Bu suala keçməzdən əvvəl çox aydın bir həqiqəti qeyd etməliyik: müharibələr dəyişib. Artıq müharibələr yalnız fiziki sahədə deyil, rəqəmsal dünyada qazanılır. Kommunikasiya, kəşfiyyat və əməliyyatların hamısı rəqəmsallaşıb.

Son dövrdə baş verən münaqişələr göstərir ki, kiberhücumlar, kiberkəşfiyyat və süni intellekt dəstəkli hədəfləmə sistemləri həlledici rol oynayır. İnformasiya əməliyyatları isə ayrıca bir mərhələdir. Bu gün fikirləri idarə edən, prosesi idarə edir. Buna görə də ölkələr üçün ən kritik məsələlər rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və süni intellekt bacarıqlarıdır. Bu sahələrdə gecikmə isə illərlə aradan qaldırıla bilməyən fərq yaradır.

Bu çərçivədə məsələyə baxdıqda, Hörmüz boğazının xüsusilə Körfəz regionu üçün strateji əhəmiyyət daşıdığını görürük. Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının şərq bölgələri xarici dünya ilə əsasən bu xətlər vasitəsilə əlaqə saxlayır. Bu xətlər zədələnsə, internet tamamilə kəsilməz, lakin ciddi şəkildə yavaşlayar, gecikmələr artar və kritik sistemlərdə problemlər yaranar. Xüsusilə maliyyə, enerji və ticarət sahələri bundan birbaşa təsirlənər.

Qlobal miqyasda isə tam çökmə baş verməz, çünki internet çoxqatlı və alternativ marşrutlara malik bir sistemdir. Lakin məlumat axını başqa istiqamətlərə yönləndirilər ki, bu da daha çox yüklənmə, gecikmə və daha həssas bir rəqəmsal sistem deməkdir.

-Bununla Azərbaycan, Türkiyə və Türk dünyası da daxil olmaqla qlobal miqyasda internetə çıxış necə təsirlənər? 

-Türkiyə bu baxımdan nisbətən güclü və dayanıqlı mövqedədir. Avropaya birbaşa quru bağlantıları sayəsində internet tam kəsilməz. Bununla belə, Körfəzlə əlaqəli məlumat trafiki yavaşlaya, beynəlxalq xidmətlərdə gecikmələr və regional performans azalması müşahidə oluna bilər. Yəni Türkiyə təsirlənər, lakin sistemi ayaqda saxlayar.

Azərbaycan üçün isə vəziyyət fərqlidir. Azərbaycan bu cür bir kəsintidən birbaşa ciddi şəkildə təsirlənməz, çünki ölkənin bağlantı strukturu əsasən Türkiyə və Avropa üzərindən qurulub. Hətta bu vəziyyət Azərbaycan üçün strateji fürsətə çevrilə bilər. Məlumat trafiki alternativ marşrutlara yönəldikdə, Azərbaycan Türkiyə ilə birlikdə Şərqlə Qərb arasında mühüm rəqəmsal keçid nöqtəsinə çevrilə bilər. Bu isə ölkənin mövqeyini daha da gücləndirər.

Bu mövzunun Azərbaycan, Türkiyə və Türk dünyası ilə bağlı olması səbəbindən qeyd etmək istərdim ki, son illərdə Azərbaycanda müxtəlif sahələr üzrə rəqəmsal transformasiya layihələri həyata keçirib. Ölkə “Rəqəmsal Azərbaycan” vizyonu istiqamətində mühüm addımlar atıb. Bu vizyon çərçivəsində Azərbaycanın regionda strateji rəqəmsal mərkəzə çevrilməsi və yeni bir “Qafqaz rəqəmsal yolu”nun formalaşdırılması potensialı mövcuddur".

-Türk dünyası ortaq təhlükəsizlik üçün nə etməlidir?

-Türk dünyası üçün ən vacib istiqamətlərdən biri kollektiv kibertəhlükəsizlik sisteminin qurulmasıdır. Bu, dövlətlər arasında koordinasiyanı gücləndirəcək və ümumi təhlükəsizlik səviyyəsini artıracaq. Lakin bu cür strukturların qurulması zaman tələb edir. Bu prosesin sürətləndirilməsi artıq strateji prioritetə çevrilməlidir. Çünki bu gün fiber xətlər, məlumat mərkəzləri və internet infrastrukturu artıq rəqəmsal müharibənin ayrılmaz hissəsidir. Bir kabelin zədələnməsi sadəcə texniki problem deyil, eyni zamanda strateji müdaxilədir.

Hörmüz boğazında baş verəcək bir kəsinti dünyanı tam qaranlığa qərq etməz, lakin qlobal güc balansına təsir edər. Bu yeni reallıqda Türkiyə və Azərbaycanın liderliyi ilə Türk Dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, ortaq rəqəmsal vizyonun formalaşdırılması və kollektiv kibertəhlükəsizlik sisteminin qurulması strateji zərurətə çevrilir. Çünki rəqəmsal dünyada təhlükəsizlik yalnız birlikdə təmin oluna bilər.