193 azərbaycanlının Gürcüstanda həbsi: Ekspert bilinməyən məqamları açıqladı

  1. Həqiqəti yalnız Gürcüstanın rəsmi statistikası üzə çıxara bilər
  •  Konsulluqlar həbs olunan Azərbaycan vətəndaşını azad etdirə bilməz

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 193 nəfər təşkil edir. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyun ayı üzrə hesabatında bildirilib. Həmin şəxslərin 56-sı kişi, 5-i qadın olmaqla 61-i ittiham edilən, 114-ü kişi, 18-i qadın olmaqla 132-si məhkumdur. Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 79 nəfərə bərabərdir. Onların 70-i kişi, 9-u isə qadındır.

Qeyd edək ki, qonşu ölkədə həbs cəzası çəkən əcnəbilərin ümumi sayı 1830 nəfərdir. Onların arasında Türkiyə (504 nəfər), Rusiya (216 nəfər) və Ukrayna (210 nəfər) vətəndaşları ilk üçlükdədir. Probasiya nəzarətində isə 47 ölkənin 725 vətəndaşı saxlanılır.

Maraqlıdır, Azərbaycan vətəndaşları daha çox hansı hüquq pozuntularına görə məsuliyyətə cəlb olunur və onların hüquqlarının müdafiəsi necə təmin edilir? 

Mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablandıran beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev bildirib ki, açıqlanan statistik rəqəmlər təkbaşına Azərbaycan vətəndaşlarının Gürcüstanda hansı cinayətlərə görə məsuliyyətə cəlb olunduğunu müəyyən etməyə imkan vermir. Onun sözlərinə görə, bunun üçün Gürcüstanın hüquq-mühafizə orqanlarının və ya məhkəmələrinin cinayət növləri üzrə rəsmi statistikası ilə tanış olmaq lazımdır:

“Beynəlxalq praktikada xarici ölkələrdə cinayət məsuliyyətinə cəlb olunan əcnəbilər arasında daha çox narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxlanılması, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, oğurluq, dələduzluq və digər əmlak cinayətləri, yol hərəkəti qaydalarının ağır nəticələrə səbəb olan pozuntuları, eləcə də miqrasiya və sərhəd rejimi ilə bağlı qanun pozuntularına rast gəlinir. Lakin bu ümumi beynəlxalq tendensiyanı birmənalı olaraq, Gürcüstanda saxlanılan 193 Azərbaycan vətəndaşına da aid etmək düzgün olmaz. Həmin şəxslərin hansı cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini yalnız Gürcüstanın rəsmi statistikası və ya aidiyyəti qurumların açıqladığı məlumatlar əsasında demək mümkündür. Bu məlumatlar olmadan konkret cinayət növləri barədə fikir yürütmək doğru deyil".

Xarici ölkələrdə həbs olunan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunması istiqamətində dövlət tərəfindən atılan addımlara gəldikdə isə Əlövsət Allahverdiyev bildirib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları beynəlxalq hüquq normalarına, o cümlədən Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasına uyğun olaraq saxlanılan və ya həbs edilən Azərbaycan vətəndaşlarına konsulluq yardımı göstərmək səlahiyyətinə malikdir.

Onun sözlərinə görə, bu yardım ilk növbədə vətəndaşın hüquqlarının müdafiəsinə və ədalətli hüquqi prosedurun təmin edilməsinə dəstək məqsədi daşıyır:

"Konsulluqlar saxlanılan şəxslə görüşlərin təşkili, onun hüquqları barədə məlumatlandırılması, ailə üzvləri ilə əlaqəsinin qurulmasına yardım göstərilməsi, zərurət yarandıqda vəkil tapılması ilə bağlı məlumat verilməsi, həmçinin saxlanma şəraitinin monitorinqi və hüquq pozuntusu iddiaları olduqda bu məsələlərin aidiyyəti yerli orqanlar qarşısında qaldırılması kimi funksiyaları həyata keçirirlər".

Ekspert vurğulayıb ki, konsulluq əməkdaşlarının səlahiyyətləri beynəlxalq hüquqla müəyyənləşdirilib və onlar məhkəmə və istintaq prosesinə müdaxilə edə bilməzlər:

"Konsulluqlar məhkəmələrin qərarlarını dəyişdirmək, istintaqı dayandırmaq və ya saxlanılan şəxsin azad edilməsini tələb etmək səlahiyyətinə malik deyillər. Onların əsas vəzifəsi vətəndaşın hüquqlarının qorunmasına dəstək vermək və hüquqi prosedurların beynəlxalq normalara uyğun həyata keçirilməsini izləməkdir".

Ə.Allahverdiyev qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi xaricdə həbs olunan vətəndaşlara konsulluq dəstəyi göstərildiyini mütəmadi olaraq açıqlayır:

“Bununla yanaşı, hüquq müdafiəçiləri bəzi hallarda ailələrin vaxtında məlumatlandırılması, hüquqi yardımın əlçatanlığının artırılması və konsulluq xidmətlərinin daha operativ təşkilinə ehtiyac olduğunu da vurğulayırlar. Mövcud mexanizmlər ümumilikdə fəaliyyət göstərsə də, onların effektivliyinin artırılması istiqamətində əlavə addımların atılması məqsədəuyğun olardı”.