İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərinə toxunaraq bildirib: “Əbu-Dabi vəliəhd şahzadəsi ilə keçmişi geridə qoyub gələcəyə baxmaq barədə razılığa gəldik”.
Sherg.az xəbər verir ki, Pezeşkian bu açıqlamanı 18-ci BRICS Liderlər Zirvəsi çərçivəsində Hindistanın paytaxtı Yeni Dehliyə səfəri zamanı Əbu-Dabi vəliəhd şahzadəsi Şeyx Xalid bin Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüşlə bağlı verib.
İran Prezidenti vəliəhd şahzadə ilə mövcud proseslər barədə yaxşı görüş keçirdiklərini deyib.
“Əbu-Dabi vəliəhd şahzadəsi ilə keçmişi geridə qoyub gələcəyə baxmaq, eləcə də gələcəyi əməkdaşlıq şəraitində necə qura biləcəyimizlə bağlı ortaq anlaşmaya nail olmaq barədə razılığa gəldik”, - deyə Pezeşkian bildirib.
Pezeşkian və vəliəhd şahzadə dünən Yeni Dehlidə görüşüblər.
Görüşdə regional və beynəlxalq məsələlər müzakirə olunub, bölgədə gərginliyin azaldılması və sabitliyin təmin edilməsi istiqamətində göstərilən səylərin dəstəklənməsinin vacibliyi vurğulanıb.