Aİ missiyası balanslı deyil, Azərbaycan etiraz edir -ANALİZ

 44 günlük müharibənin nəticəsi tanınmalıdır – sülhün şərti budur
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar prosesi davam edir. Son günlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə də bu məsələ diqqət mərkəzində olub. Görüşdə Cənubi Qafqazda sülhün bərqərar olunması, dövlətlərarası münasibətlərin qurulması və Azərbaycan-Ermənistan sülh sazişinin əhəmiyyəti vurğulanıb. Lakin prosesdə hələ də ciddi maneələr qalır. Ermənistanın sülh müqaviləsini məqsədli şəkildə yubadaraq müxtəlif bəhanələrlə danışıqları uzatması və Avropa İttifaqının sərhəd missiyasının birtərəfli fəaliyyəti regionda gərginliyi qoruyub saxlayır.
Ekspertlərin fikrincə, davamlı sülhə nail olmaq üçün ilk növbədə tərəflər arasında qarşılıqlı etimadın bərpa olunması və beynəlxalq vasitəçilərin neytral mövqe tutması vacibdir. Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması və humanitar məsələlərin həlli də sülh prosesinin uğurla başa çatması üçün həlledici rol oynayır.
Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidovun sözlərinə görə, Azərbaycan sülh müqaviləsinin beynəlxalq hüquq normaları və qarşılıqlı tanınma prinsipi əsasında qısa müddətdə imzalanmasını dəstəklədiyini bəyan edir. Ermənistan tərəfinin də real addımlar atması regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın təməlini qoya bilər.
Azərbaycan tərəfinin dəfələrlə Avropa İttifaqına balanslı və obyektiv monitorinq təklif etdiyini vurğulayan  ekspert bildirib ki, bu yanaşma Azərbaycan üçün çox vacibdir, çünki monitorinq prosesi yalnız birtərəfli aparıldıqda vasitəçiliyin obyektivliyi və ədalətliliyi sual altında qalır:
 “Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirərək Aİ-yə təklif edib ki, sərhəd missiyası yalnız Ermənistan ərazisində deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərsin. Çünki monitorinq yalnız birtərəfli şəkildə aparıldıqda, bu, vasitəçiliyin obyektivliyini sual altına alır və Ermənistan tərəfinin təxribatlarını kölgədə saxlayır. Ermənistan sülh prosesini məqsədli şəkildə yubadır və bunu həm daxili revanşist qüvvələri sakitləşdirmək, həm də geosiyasi alver üçün edir. 44 günlük müharibədən sonra yaranmış yeni regional reallığı Ermənistan qəbul etmək istəmir. Sülh müqaviləsinin imzalanması bu ölkənin revanşist dairələrinin siyasi planlarına ziddir. Avropa İttifaqı isə təəssüf ki, bu məsələdə tərəfsiz vasitəçi deyil və birtərəfli mövqe nümayiş etdirir”.
ADİH rəhbəri həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa və regionun təhlükəsizliyinə əsaslanan prinsipial mövqeyini qoruyur və sülh müqaviləsinin bir an öncə imzalanmasında maraqlıdır: 
“Lakin bu məsələdə beynəlxalq təşkilatların ədalətli və balanslı mövqeyi həlledici əhəmiyyət daşıyır. Qeyd edim ki, Avropa İttifaqının Ermənistandakı sərhəd missiyası yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və bu, Azərbaycan tərəfindən narazılıqla qarşılanıb. Rəsmi Bakı missiyanın hər iki tərəfdə fəaliyyət göstərməsi və ya tərəflərin razılığı əsasında monitorinq aparılmasını təklif etsə də, bu, Aİ tərəfindən qəbul edilməyib”.