Tofiq Abbasov: ABŞ-nin bölgədə mövcudluğu nifaq yaratmaqla qorunur, sülh hələ uzaqdadır
Yaxın Şərqdə onsuz da mürəkkəb olan geosiyasi vəziyyət Hörmüz boğazı ətrafında səsləndirilən yeni bəyanatlarla daha da gərginləşir. ABŞ-də Donald Trampın bu strateji su yoluna nəzarətin gücləndirilməsi və gəmilərdən keçid üçün ödəniş tətbiqi ilə bağlı açıqlaması beynəlxalq gündəmdə geniş rezonans doğurub. Dünyanın ən mühüm enerji daşımaları marşrutlarından biri sayılan Hörmüz boğazı qlobal neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi kritik nöqtədir və burada istənilən dəyişiklik beynəlxalq bazarlara birbaşa təsir göstərir. Vaşinqtonun boğazda “normal gəmiçiliyin bərpası”nı prioritet kimi təqdim etməsi, eyni zamanda hərbi variantların istisna olunmaması regionda risklərin artdığını göstərir.Digər tərəfdən, İranın da boğazdan keçidlə bağlı rüsum tətbiq etmək niyyətini bildirməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Bu isə faktiki olaraq eyni strateji məkan üzərində qarşılıqlı iqtisadi və siyasi təzyiq alətlərinin formalaşdığını ortaya qoyur. Belə bir ssenari reallaşarsa, təkcə ABŞ və İran arasında deyil, həm də Körfəz ölkələri, Avropa dövlətləri və Asiyanın böyük enerji idxalçıları üçün əlavə təhlükəsizlik və logistika problemləri yarana bilər. Ekspertlərin fikrincə, Hörmüz boğazı ətrafında rüsum tətbiqi ideyası beynəlxalq dəniz hüququ, enerji təhlükəsizliyi və qlobal ticarət marşrutlarının sabitliyi baxımından ciddi müzakirələrə səbəb olacaq. Nəticə etibarilə, bu məsələ regional qarşıdurma risklərini artırmaqla yanaşı, dünya iqtisadiyyatında yeni dalğalanmaların yaranmasına da zəmin hazırlaya bilər.
Politoloq Tofiq Abbasov Sherg.az-a söyləyib ki, vəziyyətlə bağlı mülahizələr, fikirlər və proqnozlar həddən artıq çoxdur:
“ İndiki məqamda məlum olan odur ki, Donald Tramp və komandası vəziyyəti idarə etməkdə zəifdir və İrana qarşı hədələr yağdırmaqla heç bir nəticə əldə edə bilmir. Vurulmuş pilotların xilas edilməsi tədbiri əslində bunun üçün pərdə rolunu oynayıb. Trampın əsas məqsədi İsfahan yaxınlığındakı hərbi nüvə obyektindən uran ehtiyatlarını çıxarmaq və nəticədə öz qələbəsini elan etmək idi, amma bu plan uğursuz oldu. İran qüvvələri buna imkan vermədi, səhra bölgəsində təyyarələr torpağa ilişdi və şasiləri orada qaldı. Nəticədə əməliyyat yalnız cüzi nəticə verdi. Hətda bəzi helikopterlər də məhv edildi. Əgər pilot azad olunubsa, məsələnin mahiyyəti başqa yerdədir”.
Analitik dib ki, Trampın İran avanturasına qatılmasının əsas səbəbi neftə nəzarət etmək idi, amma nəticədə böyük itkilərlə üzləşdi:
“Bu, neft bazarlarına da təsir etdi: bəzən səhmlər düşür, neft qiymətləri isə qalxır. Siyasi və geosiyasi baxımdan, İsrail və Amerika İran üzərinə təsirli zərbələr endirsələr də, bu, İran xalqının əzmini sındırmır. İnsanlar şəhər və kəndlərdə birləşir, dövlətə dəstək göstərirlər. Tramp isə emosional reaksiya ilə İranlıları həm tərifləyir, həm də təhqir edir, amma bu çıxış yolu deyil. İran, xüsusilə də Tramp və ABŞ üçün həssas mövzularda əlverişli vəziyyətdədir. O, deyir ki, siz burada yer tutmamalısınız, burada mövcudluğunuz məqbul deyil. Tarixi baxımdan bölgədə iki böyük dövlət olub: İran İmperiyası və Oman Sultanlığı. Hazırda İran Oman ilə razılaşaraq boğazın idarəsində ortaq rol oynayır, bu da qiymətlərə təsir edə bilər”.
Ekspertin sözlərinə görə geosiyasi ziqzaqlar həmişə bazarlara təsir göstərir:
“Hesab edirəm ki, İran heç bir halda ABŞ-lə razılaşmayacaq. ABŞ və İsrailin endirdiyi zərbələr çox böyükdür və Fars körfəzi ölkələrinin yanaşması qarışıqdır. Onlar bir mənalı mövqe ortaya qoya bilmirlər. Bölgədəki dövlətlər İranla dialoq aparmağa çalışırlar, çünki ABŞ uzaqdadır, İran isə qonşudur və güclüdür. Buna görə də ABŞ ilə heç bir əməkdaşlıq olmayacaq. Əksinə, İran çalışacaq ki, Amerikanı bölgədən çıxarsın. Bu da onun uzunmüddətli məqsədidir. ABŞ bölgədə mövcudluğunu məmləkətlər arasında nifaq yaratmaqla qorumağa çalışır, amma bu siyasi-ideoloji baxımdan antagonist yanaşmadır. Gələcəkdə kürd dövlətləri və digər regional oyunçular məcbur olacaqlar ki, bir masada toplaşsınlar, mövqelərini müəyyən etsinlər və bütün tərəfləri əhatə edən bir mexanizm yaratsınlar ki, sabitliyi qoruyub saxlaya bilsinlər”.