- Məhkəmə qərar verərsə, ana da aliment ödəməlidir
- Uşağa baxan baba və nənələr də aliment tələb edə bilər
Cəmiyyətimizdə uzun illər boyu ailə münasibətlərində kişilər əsas maddi təminatçı, qadınlar isə daha çox uşaqların qayğısına qalan tərəf kimi qəbul olunub. Bu ənənəvi baxış tərzi səbəbindən aliment ödəyən tərəf dedikdə, insanların ağlına adətən kişilər gəlirdi. Lakin Ədliyyə Nazirliyinin açıqladığı son rəqəmlər göstərir ki, artıq bu stereotip tədricən dəyişib.
Statistikaya görə, cari ilin ilk altı ayında icraatda olan 131 mindən çox aliment işindən təxminən 2400-də borclu tərəf qadınlardır.
Ekspertlərin fikrincə, Azərbaycanda aliment ödəyən qadınların sayının artması cəmiyyətdə gender bərabərliyinin inkişafının göstəricilərindən biridir. Yəni bu rəqəmlər təkcə hüquqi statistika deyil, həm də ailə münasibətlərində və valideyn məsuliyyətinin bölgüsündə baş verən dəyişikliklərin göstəricisidir.
Mövzunu şərh edən hüquqşünas Əkrəm Həsənov Sherg.az-a açıqlamasında bildirib ki, qadınların aliment ödəyicisi kimi çıxış etməsi valideyn məsuliyyətinin hər iki tərəf üçün eyni hüquqi prinsiplərlə tənzimləndiyinin göstəricisidir. Onun sözlərinə görə, cəmiyyətdə alimentin yalnız kişilərin ödədiyi ilə bağlı formalaşmış təsəvvür hüquqi reallığı tam əks etdirmir. Azərbaycan qanunvericiliyi müəyyən hallarda qadınların da aliment ödəməsini nəzərdə tutur:
“Qadınlar əsasən uşağın atanın himayəsində qaldığı və ya uşağın baba və nənə tərəfindən saxlanıldığı hallarda aliment ödəyirlər. Çünki aliment valideynə deyil, uşağın saxlanılması və təminatı üçün ödənilən vəsaitdir. Onun əsas məqsədi uşağın təhsil, səhiyyə, qidalanma və digər zəruri ehtiyaclarının qarşılanmasını təmin etməkdir. Buna görə də aliment öhdəliyi valideynin cinsindən deyil, uşağın kimin himayəsində olmasından irəli gəlir.Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, hər bir valideyn övladını 18 yaşına qədər saxlamaq və onun qayğısına qalmaq öhdəliyi daşıyır. Valideynlər boşandıqdan sonra uşaq hansı valideynin yanında qalırsa, digər valideyn onun saxlanılması üçün aliment ödəməlidir”.
Hüquqşünas qeyd edib ki, aliment münasibətləri yalnız boşanmış valideynlər arasında yaranmır:
“Bəzi hallarda uşaq valideynlərinin heç birinin yanında yaşamır və onun saxlanılması baba, nənə və ya digər yaxın qohumlar tərəfindən təmin edilir. Belə vəziyyətlərdə uşağa faktiki baxan şəxslər də aliment tələb etmək hüququna malikdirlər və aliment onların xeyrinə tutula bilər. Praktikada uşaqların əksəriyyəti ananın himayəsində qaldığından aliment ödəyən tərəf daha çox atalar olur. Lakin məhkəmə uşağın atanın himayəsində qalmasına qərar verərsə, bu halda aliment ödəmək öhdəliyi ananın üzərinə düşür. Yəni qanun bu məsələdə qadın və kişi arasında heç bir fərq qoymur. Aliment öhdəliyini yerinə yetirməyən qadınlara münasibətdə də kişilərlə eyni hüquqi mexanizmlər tətbiq olunur. Alimentin ödənilməsindən yayınan şəxsin bank hesabları və əmlakı üzərinə həbs qoyula, ölkədən çıxışına məhdudiyyət tətbiq oluna bilər. Zərurət yaranarsa, həmin şəxs inzibati və hətta cinayət məsuliyyətinə də cəlb edilə bilər”.