Azərbaycan dövləti Ermənistandakı hərbçısinə sahib çıxacaq - Səadət Bənənyarlı

  • "Ermənistan tərəfinin nə dediyindən asılı olmayaraq müəyyən mərhələdə ekstradisiya məsələsinə baxıla bilər”

“Hazırda məsələ araşdırılır. Azərbaycan dövləti öz vətəndaşına əlbəttə sahib çıxacaq. Ermənistan tərəfinin nə dediyindən asılı olmayaraq müəyyən mərhələdə ekstradisiya məsələsinə baxıla bilər”.

Bu sözləri Sherg.az-a açıqlamasında Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı dedi.

“Praktika göstərir ki, bu cür situasiyalarda Azərbaycan dövləti öz vətəndaşının təhvil verilməsi üçün lazım olan addımları atır. İndi də eyni situasiyadır” deyən hüquq müdafiəçisi qeyd etdi ki, məsələ obyektiv araşdırılacaq, əsgərimizin təhvil verilməsi üçün hansı addımların atılmalı olduğu planlaşdırılacaq, əsgərimiz barəsində cinayət işi açılıbsa, yəqin ki vəkillə təmin olunması gündəmdə olacaq. Ermənistan tərəfinin nə deməsindən asılı olmayaraq müəyyən mərhələdə ekstradisiya məsələsinə baxıla bilər.

Xatırladaq ki, Ermənistanın müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan jurnalistlərə açıqlamasında deyib ki, əsas məsələ Şəki kəndinə soxulan və erməni Ani Avetisyanı yaralayan Azərbaycan əsgəri Nəsimi Musayevin bütün vasitələrlə Bakıya ekstradisiya edilməsinin qarşısını almaqdır. “Dövlət açıq şəkildə bildirməlidir ki, azərbaycanlı əsgər öz vətəninə ekstradisiya olunmayacaq”, - deyə o, bildirib.

Qeyd edək ki, azərbaycanlı əsgər Nəsimi Musayevin Ermənistan tərəfindən saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.