Azərbaycan qazı Bosniya və Herseqovinaya nəql olunacaq

İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi həm də Avropanın enerjiyə tələbatının ödənilməsinə xidmət edəcək

  Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb. Prezidentin səfəri ilə bağlı öncə onu qeyd etmək lazımdır ki, bu səfər Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç dəvəti əsasında baş tutub. Xanım Tsviyanoviç fevralın 28-də Azərbaycan Respublikasına səfərə gəlib və səfər zamanı Prezident İlham Əliyevi Bosniya və Herseqovinyaya səfərə dəvət edib. Dövlət başçısının Bosniya və Herseqovinaya rəsmi səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında byannamə imzalanıb. 

  Politoloq Turan Rzayev "Şərq"ə bildirib ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında münasibətlər kifayət qədər köklü keçmişə sahibdir. Analitik qeyd edib ki, rəsmi Sarayevo Azərbaycanın müstəqilliyini 9 fevral 1995-ci ildə tanıyıb. Elə həmin gün etibarilə də iki ölkə arasında diplomatik münasibətlər qurulub:

"Azərbaycanın Bosniya və Herseqovinada Diplomatik Nümayəndəliyi 1 mart 2011-ci ildə təsis olunub. İki ölkə tarixində ən diqqətçəkən məqam isə şübhəsiz, 1972-ci ildə hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişinin imzalanmasıdır. Məhz o vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. Son illərdə isə Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Bosniya və Herseqovina 44 günlük ikinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyib. Rəsmi Sarayevo beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qəbul edilməyə çalışılan qətnamə və sənədlərə qoşulmadığı kimi əleyhinə də çıxış edir. Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmaq niyyətindədir. Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi fəaliyyət göstərir. Rəsmi Sarayevonun ölkəmizdə səfirlik açmaq qərarına gəlməsi, şübhəsiz, iki ölkə münasibətlərinin inkişafına gətirib çıxaracaq". 

  Ekspert vurğulayıb ki, Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var: 

"Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. Bu, İon-Adriatik kəmərinin TAP-a inteqrasiyası ilə mümkündür. İki ölkə bu istiqamətdə razılığa gəlsə, bu, Azərbaycan qazının Bosniya və Herseqovinaya nəql edilməsi deməkdir. Bu həm də Avropa bazarına əlavə 5 milyard kubmetr qazın nəql edilməsi deməkdir. Çünki İon-Adriatik kəmərinin ötürücülük qabiliyyəti 5 milyard kubmetrdir. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerjiyə olan asılılığını nəzərə alsaq, Bosniya və Herseqovina ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi həm də Avropanın enerjiyə tələbatının ödənilməsinə xidmət edəcək".

İsmayıl