Azərbaycan üstərəfli görüşə hazırdır


Ermənistan isə yekun razılıq verməyib

Lavrov: "Paşinyanın bəyanatını onun vicdanına buraxıram"

  "Azərbaycanla Rusiya arasında dostluq münasibətləri yüksələn tempdə inkişaf edib". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra təşkil edilmiş mətbuat konfransı zamanı deyib. XİN başçısı bildirib ki, ötən il imzalanmış "müttəfiqlik qarşılıqlı fəaliyyəti" haqqında Bəyannamə 30 illik diplomatik münasibətlərin yüksək səviyyədə olmasını göstərir: "Bununla yanaşı, ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin də təşkil olunması diplomatik əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib və bu görüşlərdə yüksək dinamika müşahidə olunub. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrdə də stabil və pozitiv dinamika görülür. Bu baxımdan, ötən il də yüksələn temp görüldü və biz ticarət dövriyyəsinin 34 faiz artmasının şahidi olduq və dövriyyə 4 milyard dollara çatıb. Diplomatik münasibətlərin qurulmasından keçən 30 il müddətində qarşılıqlı investisiya qoyuluşlarının həcmi 9 milyard dollara çatıb. Ticari-iqtisadi əlaqələrin inkişafına parlamentlərarası iqtisadi komissiyaların da fəaliyyəti və ötən il Bakıda baş tutan 20-ci yubiley iclas müsbət təsir göstərib”.

"Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur"

  Ceyhun Bayramov deyib ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur: "Rusiyalı həmkarımla postmünaqişə dövrünə aid məsələlər müzakirə olundu. Ermənistanla sülh sazişinin imzalanması üçün görülən işlər barədə fikir mübadiləsi apardıq. Bu sazişin imzalanması üçün aktiv faza artıq arxada qalıb. Hazırda Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur və biz gördük ki, danışıqların 3-cü raundunda iştirakdan da imtina etdilər". C.Bayramov qeyd edib ki, Qarabağda əhalinin humanitar problemlərlə üzləşməməsi üçün lazımi addımlar atılır: "Azərbaycan tərəfinin mövqeyi məlumdur və qətidir. Biz ilk gündən demişik ki, vəziyyətin gərginləşməsinə qarşıyıq”. 

Ceyhun Bayramov Ermənistanı danışıqları bərpa etməyə çağırıb

  Nazir bildirib ki, Ermənistan indi də görüşlərdən boyun qaçırır: “Biz öz növbəmizdə real nəticəyə köklənmişik. Hazırda, belə demək olarsa, onlayn danışıqlarla davam edirik və Sülh sazişi layihəsinə dair sənədlərin qarşı tərəfə göndərilməsi baş verir”. XİN rəhbəri Ermənistan tərəfinin konstruktiv sülh danışıqlarına köklənmədiyini qeyd edib: "Ermənistan tərəfi bu mövqeyindən nə qədər tez əl çəkərək danışıqlar masasına geri dönərsə, bu da proses üçün bir o qədər faydalı olacaq".

"Ermənistan bütün məsuliyyəti Azərbaycan və Rusiyanın boynuna atmaq istəyirdi"

  XİN rəhbəri vurğulayıb ki, Ermənistan bütün məsuliyyəti Azərbaycan və Rusiyanın boynuna atmaq istəyirdi: "Ermənistan Laçın yolunun üçtərəfli bəyanatla müəyyən edildiyi humanitar statusunu pozub. Azərbaycan tərəfi iki il ərzində dəfələrlə bu dəhlizdən sui-istifadə hallarına dair həm bağlı kanallar vasitəsi ilə, həm də açıq şəkildə xəbərdarlıq edib. Təəssüf ki, bunun bir xeyri olmadı və vəziyyət etirazlara gətirib çıxardı. Ermənistan tərəfi isə məsələyə dair mövqeyini düzəltməkdən imtina edərək, baş nazir səviyyəsində onların bu məsələyə aidiyyətlərinin olmadığını bəyan etdi. Bununla da Ermənistan bütün məsuliyyəti Azərbaycan və Rusiyanın boynuna atmaq istəyirdi. Lakin Ermənistanın ziddiyyətli siyasəti bununla bitmir, məsələ ətrafında ajiotaj yaradaraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Azərbaycan tərəfinin mövqeyi dəqiqdir. Biz məsələnin ilk günündən bu ərazidə, xüsusən də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün hər hansı bir humanitar problemin yaranmaması üçün əlimizdən gələni edəcəyimizi bildirmişik. Bizim tələbimiz Azərbaycan vətəndaş cəmiyyətinin səsinin eşidilməsidir. Bütün çətinliklərə baxmayaraq, biz sülh gündəliyinin alternativinin olmadığının tərəfdarıyıq”.

"Azərbaycan üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib"

  C.Bayramov qeyd edib ki, Azərbaycan tərəfi üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq verməyib: "Biz dəfələrlə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə görüşmək üçün meydança təqdim etmişik. O cümlədən ötən ilin dekabrında razılıq vardı ki, həmkarlarımızın Rusiya ərazisində növbəti görüşünü keçirək. Ceyhun Bayramov hadisələrin sonrakı inkişafını xatırlatdı. Erməni həmkarlarımız bu tədbirdə iştirak edə bilməyəcəklərini bildirdilər. Biz belə görüşü keçirməyə hazır olduğumuzu təsdiqlədik. Azərbaycan tərəfi də buna hazır olduğunu bildirib. Ermənistan tərəfi də buna etiraz eləmədiyini deyib, lakin hələlik yekun razılığı verməyib. Düşünmürəm ki, biz öz xidmətlərimizi təklif etməkdə təkid etməyəcəyik. Lakin bu təkliflər hər iki tərəfə yaxşı məlumdur".

"Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır"

  Sergey Lavrov Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin açılması təklifinə münasibət bildirib. Qeyd edib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata tam uyğun olmalıdır: "Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.

"Avropa İttifaqı missiyası legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurur" 

  Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu söyləyib: “Brüsseldən səslənən elanları detalları ilə şərh edə bilmərik. Biz Avropa İttifaqının Ermənistan və Azərbaycanla olan münasibətlərindən necə sui-istifadə etdiyini görürük. Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu görürük. O cümlədən onun funksiyası, mandatı, onun müddəti, bu missiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən səylərə əlavə dəyər qatacağı çoxlu suallar doğurur. Lakin kimlərlə əməkdaşlıq edib-etməmək tərəflərin suveren seçimidir. Biz həm bugünkü danışıqlarda, həm də dünən Prezident İlham Əliyevlə danışıqlarda vurğuladıq ki, bütün fəaliyyətlərimizdə başlıca prinsip olan “ziyan vurmamaq”, “yardım” prinsipini rəhbər tuturuq”.

  Rusiya xarici işlər naziri Ermənistan Baş naziri N.Paşinyanın məlum bəyanatını bütünlüklə Ermənistan rəhbərinin vicdanına buraxdığını qeyd edib: "Paşinyanın bəyanatını onun vicdanına buraxıram". Lavrov Bakıdan Naxçıvana dəmir yolu xəttinin tezliklə bərpa olacağına ümid edir: "Rusiya ümid edir ki, Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işçi qrupu tezliklə Azərbaycanın qərbi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması ilə bağlı razılığa gələ biləcək". 

"SSRİ-nin yerində yaranan dövlətlərin sərhədləri ilə bağlı yazılanlara daha nəyi əlavə edəcəyimi bilmirəm"

  Sergey Lavrov qeyd edib ki, ötən il Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan Praqa sənədində Almatı Bəyannaməsinə istinad edilib.
  O, Almatı Bəyannaməsinin açıq sənəd olduğunu xatırladıb: “Orada nə yazıldığını oxumaq olar. Orada yazılıb ki, Sovet İttifaqının yerinə yaranan yeni dövlətlərin dövlət sərhədləri SSRİ çərçivəsində mövcud olan inzibati sərhədlərlə müəyyən olunacaq. Buna daha nəyi əlavə edəcəyimi bilmirəm".

"3+3 formatı bizim diqqətimizdədir"

  XİN başçısı bildirib ki, Rusiya Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa olunmasında aktiv iştirak etməyə hazırdır: “Rusiyanın iqtisadi operatorları bundan sonra da Azərbaycanın ərazilərinin münaqişə sonrası bərpasında aktiv iştirak etməyə hazırdır”.

  S.Lavrov vurğulayıb ki, "3+3" formatı Moskvanın diqqətindədir: "İndiyədək 3+3 formatında yalnız bir görüş olub. Gürcüstan iştirakdan imtina edib, lakin biz Gürcüstan üçün qapını həmişə açıq saxlayırıq". Lavrov Azərbaycanın Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başlatmasına da münasibət bildirib. O, Qarabağın enerji resurslarının istifadəsinə görə Bakının İrəvanı dəyən ziyanın ödənilməsi bağlı arbitraj məhkəməsinə verməsini Azərbaycan və Ermənistan arasında olan məsələ adlandırıb: "Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu, Azərbaycanla Ermənistan arasında olan ikitərəfli məsələdir. Məhkəmə prosedurunun daxil olduğu yol seçilib. Gözləyirik”.

"Rusiya stabil Cənubi Qafqazın mövcudluğunda maraqlıdır"

  Lavrov deyib ki, Rusiya stabil, sülhün bərqərar olduğu Cənubi Qafqazın mövcudluğunda maraqlıdır: "Bizim üçün qardaş olan iki xalqın barışması istiqamətində işlər görürük. İmzalanmış üçtərəfli sənədlər Ermənistan və Azərbaycan arasında normal münasibətlərin qurulması üçün möhkəm özül yaradır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün hər cür dəstəyi verməyə hazırıq. Biz başqa tərəflərin bu məsələlərə, öncə sülh sazişinə dair dəstək vermələrinə qarşı deyilik”. Onun sözlərinə görə, lakin bu, səmimi şəkildə, burada daimi sülhün bərqərar olması üçün edildiyi halda mümkündür.

"Azərbaycanla bizim planlarımızda genişmiqyaslı layihələrin həyata keçirilməsi var"

  Rusiya XİN başçısı bildirib ki, planlarda genişmiqyaslı layihələrin həyata keçirilməsi var: "Bura Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi də daxildir. Həmçinin enerji sahəsində də əməkdaşlığımız genişlənir. “Qazprom”, “Lukoil”, “Rosneft” neft-qaz layihələrində birgə iştirak edirlər. Onların bu potensialının gücləndirilməsinə dair fikirləri var və biz təbii ki, bu planların reallaşmasına töhfə verəcəyik”.