“Hərbi tədrisin əsgər və zabitlərimizlə birgə aparılması mənafeyimizə uyğundur”
“Azərbaycanlı qardaşlarımızla hərbi təhsil, təlim sahələrindəki birgə fəaliyyətimiz istiqamətində işləri davam ediririk”.
Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytı üzərindən söyləyib.
Əlbəttə, dost və qardaş Türkiyənin naziri bununla bir daha dünyaya mesaj verdi. Bu, vətən müharibəsi başlanan ilk gündən rəsmi Ankaranın Azərbaycana göstərdiyi siyasi dəstəklərin davamıdır. Həm də artıq birgə hərbi təhsil və təlim işlərinin inkişafı regionda iki qardaşın real hərbi gücünü formalaşdıracaq.
Dünya isə bir daha bu qardaşlığa şübhə etməməyə və "Azərbaycan varsa Türkiyə də var” ifadəsini hər dəfə diqqətlə nəzərdən keçirib bu ifadəyə uyğun qərar qəbul etməyə məcbur olacaqlar.
Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Natiq Miri H.Akarın birgə hərbi tədris və təlim fəaliyyəti haqqındakı açıqlamasını şərh edib:
"Türkiyənin müdafiə naziri hərbi qüvvələrinin Azərbaycana gətiriləcəyini bildirib. Bu, birbaşa Qarabağda Rusiya ilə birgə monitorinqə əsaslanır. Və təbii ki, bu kontekstdə gələcəkdə hərbi təlimlər və tədris də inkişaf etdiriləcək.
Düşünürəm ki, məlum qərar ölkəmiz Azərbaycan çox əhəmiyyətlidir. Çünki hərbi təlimlərin aparılması ordumuzun döyüş qabiliyyətinə və peşəkar bir ordu kimi formalaşmasına rəvac verir. Biz bunu böyük Vətən müharibəsində cəbhədə də müşahidə etdik.
Bütün bunların hamısı, bilavasitə Türkiyə ilə aparılan birgə təlimlər və Azərbaycan zabitlərinin Türkiyə hərbi məktəblərində təhsil alması ilə bağlıdır. Bu gün "Azərbaycanda Türkiyə ordusunun kiçik modeli qurulur və Türkiyə də bunda əhəmiyyətli rol oynayır.
Bundan sonra da hərbi təlimlərin, eyni zamanda hərbi tədrisin Azərbaycan ordusunun əsgər və zabitləri ilə birgə aparılması mənafeyimizə uyğundur.
Düşünürəm ki, bu məsələ alqışlanmalıdır və Azərbaycan ictimaiyyəti Türkiyə ordusunun hüquqi cəhətdən, parlament tərəfindən təsdiq olunmuş qərarla Azərbaycana gəlməsini çoxdan gözləyirdi".
N.Miri həmçinin, Türkiyə qoşunlarının Azərbaycana gəlməsini, birgə tədris və təlimin Azərbaycanın maraqlarına xidmət etdiyini də vurğulayıb:
"Bu, Azərbaycan üçün çox mühüm və önəmli məsələdir. Çünki Türkiyə qoşunlarının Azərbaycanda hüquqi cəhətdən varlığı qüvvələr nisbətinin balansını yaradır.
Bu gün Rusiya nə qədər sülhməramlı və neytral mövqeydə çıxış etsə də heç kimə sirr deyil ki, rəsmi Moskva həmişə Ermənistana havadarlıq edib, işğalçıya dəstək verib. Və bu yöndə Azərbaycan ictimaiyyətində ciddi narahatlıq var.
Buna görə də Türkiyə ordusunun Azərbaycana gəlməsi bu narahatlığı aradan qaldırmaqla bərabər qüvvələr nisbətini də müəyyən mənada Azərbaycanın xeyrinə dəyişəcək. Həm hərbi təlim, həm də hərbi tədrisin davam etdirilməsi və Türkiyə ordusunun da Azərbaycana gəlməsi bizim maraqlarımıza xidmət edən məsələdir".
Ağarza Elçinoğlu