Bakı Qoşulmama Hərəkatına töhfələr verir
Təşkilat artıq siyasi arenada söz sahibinə çevrilməyə başlayıb
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidentləri, üç ölkənin vitse-prezidentləri, eyni zamanda nazirlər, nazir müavinləri, səfirlər qatılıb. Qeyd edək ki, dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq Azərbaycan sədrlik edir. Azərbaycanın Hərəkata sədrliyi təşkilatın, eyni zamanda Azərbaycanın dünyaya sülh mesajları verməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Zirvə görüşünün iştirakçıları da etiraf ediblər ki, Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı ölkəmizin uğurlu xarici siyasəti ilə bağlıdır və bu sədrlik Hərəkatın fəaliyyətinə dinamiklik gətirib. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib. Dövlət başçısı bildirib ki, pandemiyanın başlamasından dərhal sonra Qoşulmama Hərəkatı COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edib. Azərbaycanın təklifi ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının liderlər səviyyəsində pandemiya ilə bağlı xüsusi sessiyası çağırılıb: "Biz bəzi varlı ölkələrin həyata keçirdiyi "peyvənd millətçiliyi"ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu". Ölkə rəhbərinin sözlərinə görə, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Prezident vurğulayıb ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır: "Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir: "Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir". Dövlət başçısı dünyadakı mühüm məsələlərdən biri kimi BMT sistemində islahatların aparılmasının mühümlüyünü diqqətə gətirib: "BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik". Prezident qeyd edib ki, COVID-19 pandemiyası dövründə olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək: "Mən burada iki qlobal çağırışı bəyan edirəm. Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq post-pandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər".
Millət vəkili, professor Kamilə Əliyeva "Şərq"ə bildirib ki, danılmaz bir həqiqətdir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə qədər bu təşkilat beynəlxalq aləmdə kifayət qədər nüfuz qazana bilməyib. Deputatın sözlərinə görə, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil qərarı ilə sədrliyə başlandığı vaxtdan təşkilat siyasi arenada söz sahibinə çevrilməyə başlayıb:
"Ölkəmizin bu təşkilata verdiyi töhfələri nəzərə alaraq üzv dövlətlər Azərbaycanın sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması barədə qərar qəbul etdilər. Bu müddət ərzində Qoşulmama Hərəkatının Bakıda çox əhəmiyyətli və dünya üçün vacib bir neçə Zirvə toplantısı keçirilib. Cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVİD-19 qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Zirvə görüşündə Prezident cənab İlham Əliyevin Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti, pandemiya ilə mübarizədə təşkilatın sədri qismində Azərbaycanın üzv dövlətlərə göstərdiyi humanitar və maliyyə yardımlarından, eləcə də dünyada hökm sürən ikili standartların mövcud olması səbəbindən bir çox ölkələrin bundan əziyyət çəkmələri barədə çıxışı böyük rəğbətlə qarşılandı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi dünyada ədalətin, beynəlxalq hüququn bərpa olunmasıdır. Koronavirusla mübarizədə dünyada səylərin səfərbər edilməsi üçün Prezident cənab İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və bu sessiya baş tutmuşdu. "Peyvənd millətçiliyi"nə qarşı , eləcə də peyvəndlərin bütün dövlətlər arasında ədalətli paylanması təşəbbüsü də məhz cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Ölkə başçımızın bu təklifi bütün dünya tərəfindən böyük rəğbətlə qarşılanıb".
Parlament üzvü vurğulayıb ki, Qoşulmama Hərəkatının inkişafı və güclənməsi istiqamətində təşkilatın sədri kimi Prezident İlham Əliyevin misilsiz xidmətləri olub: "Məhz ölkə başçımızın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradıldı. Prezident cənab İlham Əliyev dünyanı narahat edən ən böyük problemin Şərq-Qərb qarşıdurmasını və bundan bir çox dövlətlərin əziyyət çəkməsini gündəmə gətirdi. Özünü demokratik, insan haqlarının müdafiəçisi kimi təqdim edən Fransa, əslində kiçik, zəif dövlətləri müstəmləkə altında saxlayan, xalqları soyqırıma məruz qoyan bir dövlətdir. Fransa Afrika, Cənub-Şərqi Asiya və digər bölgələrdə Qoşulmama Hərəkatına üzv olan ölkələrdə qanlı cinayətlər törətmiş və bu ölkələri öz müstəmləkəsinə çevirmişdir. Ölkə başçımız Zirvə görüşündə qətiyyətli şəkildə Fransanın törətdiyi cinayətləri bir daha bütün dünyaya bəyan etdi. Bu vaxta qədər heç bir dövlət başçısı Fransanın törətdiyi bu cinayətləri açıq şəkildə söyləməmişdir. Fransa kimi bir dövlətin BMT TŞ-nin daimi üzvü kimi qalması qəbuledilməzdir. Müstəmləkə siyasəti aparan Fransanın Təhlükəsizlik Şurasında başqa ölkələrin taleyinin həllində rol oynaması yolverilməzdir. Bu gün BMT-nin işlək bir qurum olmaması hər kəsə məlumdur. Təhlükəsizlik Şurasının beş daimi üzvü özlərinə sərf edən qərar və qətnamələr qəbul edir və digər dövlətlərin hüquqlarını, eləcə də beynəlxalq hüququn prinsiplərini kobudcasına pozurlar. Prezident cənab İlham Əliyev əvvəlki çıxışında və budəfəki Qoşulmama Hərəkatının Zirvə görüşündə bir daha BMT-nin nizamnaməsində islahatlar aparılmasının vacibliyini səsləndirdi. Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması artıq reallaşdırılmalıdır. Afrika dövlətləri, Qoşulmama Hərəkatına üzv dövlətlərdən biri, eləcə də 2 milyarddan çox əhalisi olan islam dövlətlərinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatını təmsil edən ölkə Təhlükəsizlik Şurasında daimi üzv kimi təmsil olunmalıdır. Ümid edirəm ki, Prezident cənab İlham Əliyevin irəli sürdüyü ədalətli və dünya üçün əhəmiyyətli təkliflər bütün dünya ölkələri tərəfindən dəstəklənəcək və dünyada yeni, ədalətli bir nizam yaranacaq. Zirvə görüşündə Prezident cənab İlham Əliyevin güclü siyasi lider olduğu bir daha öz təsdiqini tapdı".