Deputat:“Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi”



 "Ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq".

Bu sözləri “Sherg.az”a millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib. 

Deputat bildirib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmasın: 

:Məhz bu səbəbdən də Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə isə Azərbaycan yada düşür. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. 

Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb. Dahi şəxsiyyət hər zaman Azərbaycanı düşünmüş, xalqın milli maraqlarının qarantı olmuşdur. Hələ Sovetlər dövründə ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafı naminə mühüm siyasi qərarların verilməsinə nail olub. Eyni zamanda xalqın milli mədəni dəyərlərinin qorunub saxlanması da Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin Azərbaycan dili ilə bağlı tarixi təşəbbüsü milli dilimizin qorunub saxlanmsı üçün atılmış çox böyük və qətiyyətli addım olub. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”- təklifi  1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub. Milli dövlətçilik ənənələrinə böyük ehtiram bəsləyən Ulu Öndər Heydər Əliyev  Sovet imperiyası tamamilə süqut etməmiş, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı".

Parlament üzvü vurğulayıb ki, Ulu Öndər hər zaman xalqın milli birliyinin təmin olunması üçün də var gücü ilə çalışıb: 

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Artıq  31 ildir ki,  Dünya azərbaycanlıları bu günü bayram kimi qeyd edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub. Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 

Azərbaycan xalqı da hər zaman Ulu Öndər Heydər Əliyevə ümid bəsləmiş, çətin məqamlarda xalq öz böyük oğlunun ətrafında birləşmişdi".