Dövlət qurumları qarşısında vəzifə qoyulub: "Şəhid ailələri və müharibə əlillərinə qayğı..."

"Şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub və bununla bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. 

Deputat bildirib ki, dövlət başçısı şəhid ailələri və müharibə əlillərinə daimi diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib: 

“Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi də təsadüfi deyil. 

Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Prezidentin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir. Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb.

 Qlobal bazardakı dəyişikliklərdən, tələb-təklifdən, yeni çağırışlardan doğan islahatlar belə, sosialyönümlü tədbirlərlə kompensasiya edilir. 

Başqa sözlə, bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir. 

Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. 

Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub”.

Parlament üzvü şəhidlərin adının əbədiləşdirilməsinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb: 

“Prezident İlham Əliyev Zəfər muzeyi yaradılacağını da bildirib. Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. 

Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. Çünki Zəfrə sevincini onlar bizə bəxş ediblər”.