Ən etibarlı dostumuz: Minaaxtaran itlər də erməni vəhşiliyinin qurbanına çevrilir
İstənilən lokal və genişmiqyaslı müharibələrin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən biri minalar və partlamamış sursatlardır. Ümumiyyətlə, mina problemi dünyada ciddi qlobal təhlükə sayılır.
Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən əziyyət çəkir. Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı işğal olunmuş ərazilərimizi total şəkildə minalayıb. 44 günlük Vətən müharibəsinin başa çatmasına baxmayaraq minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edir. Bir neçə dəfə Azərbaycana təqdim edilmiş xəritələrin isə sadəcə 15-20 faizi özünü doğruldub. Yəni Ermənistan qəsdən və qərəzli şəkildə növbəti hərbi cinayətlərini davam etdirir. Ərazilərimizin minalardan təmizlənmə işi çox vaxt aparır, düşməndən təmizlənmiş torpaqlarımız qarış-qarış axtarılır. Şübhəsiz, bu işlər başa çatmadan, köçkün və qaçqın soydaşlarımızı doğma yurdlarına daha tez zamanda qaytarmaq mümkün olmur. Çünki insan amili, əhalinin təhlükəsizliyinin təmin olunması dövlətimizin ən başlıca prioritetidir. Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərdə yeganə problem mina da deyil. Bundan başqa orada minlərlə partlamayan sursatlar, qurulan partlayıcı tələlər var. Kustar üsulla hazırlanmış partlayıcı vasitələrin də sayı-hesabı yoxdur. Təxminlərə görə, Qarabağda 1 milyona yaxın partlayıcı qurğu var. İşğal zamanı dağıdılmış ərazilərin də minalarla çirkləndiyini və bu yerlərin də təhlükəli ərazilər sayıldığını vurğulanır.
Bütün çətinliklərə rəğmən, Azərbaycan dövləti imkanlarını maksimum səfərbər edərək 30 il işğalda qalmış torpaqlarımızın minalardan təmizlənməsini sürətlə həyata keçirməkdədir. Statistik məlumatlara əsasən, indiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Əfsuslar olsun ki, minaların partlaması nəticəsində 240 mülki və hərbçi həlak olub və ya yaralanıb. Minatəmizləmə işləri prioritet olaraq nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, əsas rayon və kəndlərdə aparılır. Qeyd etmək lazımdır ki, Qarabağda minatəmizləmə həm hərbi təyinatlı, həm də humanitar təyinatlı həyata keçirilir. Hərbi təyinatlı mina təmizləmə prosesləri Müdafiə Nazirliyinin mühəndis istehkam bölmələri tərəfindən aparılır. Humanitar təyinatlı mina təmizləmə işləri isə Azərbaycanda son zamanlar yaradılan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunmaqdadır. Ötən illər ərzində Agentliyin fəaliyyət istiqaməti, maddi-texniki bazası beynəlxalq səviyyəyə çatdırılıb. ANAMA-nın fəaliyyəti ilə yanaşı, Silahlı Qüvvələrin digər qoşun növləri - Dövlət Sərhəd Xidmətinin hərbi təyinatlıları da minatəmizləmə işlərinə cəlb olunub.
Təhlükəli minatəmizləmə əməliyyatlarında insanların ən yaxın və etibarlı yardımçısı xüsusi təlim keçmiş minaaxtaran itlərdir. Marşal İrsi İnstitutu ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ümumilikdə 30 baş minaaxtaran itdən 25-i artıq Agentliyə təhvil verilib. Qalan 5 baş itin 2023-cü ilin ilk yarım illiyinədək göndərilməsi nəzərdə tutulub. Azərbaycana göndərilən minaaxtaran itlərin əvvəlcə öz bələdçiləri ilə uyğunlaşma təlimi keçirilir, daha sonra itlər əməliyyatlara cəlb olunurlar. Yəni minaaxtaranların dördayaqlı yardımçıları işğaldan azad edilmiş ərazilərin təmizlənməsində fəal iştirak edərək, “Böyük Qayıdış”ın reallaşdırılması istiqamətində öz töhfələrini verirlər. Avqustun 30-da Qubadlı rayonu ərazisində piyada əleyhinə minanın partlaması hadisəsi minaaxtaran itlərin fədakarlığını sübuta yetirdi. Əməliyyata cəlb olunmuş “Dina” ləqəbli Belçika malinuası (minaaxtaran it) partlamamış qurğunu qabaqcadan müəyyən edərək önə atılıb və minanı partlatmaqla zərərsizləşdirib. Hadisə nəticəsində minaaxtaran it ölüb. Belə demək mümkündürsə, “Dina” öz həyatını fəda edərək, uzun müddət birgə zaman keçirtdiyi bələdçisini real ölümdən və ya ağır yaralanma riskindən xilas edib. Məzh “Dina”nın fədakarlığı nəticəsində bələdçi - 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov yüngül bədən xəsarətləri alıb. Məlumat üçün bildirək ki, işğaldan azad olunmuş ərazilərdə aparılan axtarışlar zamanı belə hal ilk dəfə baş verib.
Bir məqamı da diqqətə çatdıraq ki, xüsusi təlim keçmiş itlərdən minaaxtarma işində yüz ilə yaxındır istifadə olunur. İtlərin iybilmə xüsusiyyətləri insanlarla müqayisədə xeyli çoxdur. Bu baxımdan mina axtarışlarında itlərin rolu böyükdür. Xidməti itlərin fəaliyyətinə hava şəraiti təsir etdiyi üçün onlar 20 dəqiqədən bir dəyişdirilərək axtarışa cəlb edilirlər. Bir itlə gün ərzində fasilələrlə 1000 kv. metrə yaxın ərazini təmizləmək olur. Mina axtarışlarında alman, belçika çoban itlərindən və labrador cinsindən istifadə edilir və 8 aylıq təlimlərdən keçirlər. Daha əvvəl əməliyyatlarda iştirak edən itlərin balaları isə gələcək üçün hazırlanır.
Son olaraq təəssüflə vurğulayaq ki, uzun müddət Azərbaycan xalqı ilə birgə yaşamış, tərəfimizdən daim yaxşılıq və mərhəmət görmüş erməni toplumu heç vaxt bizə qarşı düşmənçiliyindən, qərəzli yanaşmasından, kin-kidurətindən əl çəkməyib. Müharibədən sonra mina xəritələrinin verilməməsi, üstəlik torpaqlarımızı tərk edərkən əlavə partlayıcı qurğuların basdırılması bunun bariz isbatıdır. Təsəvvür edin, bir tərəfdə yırtıcı heyvandan daha vəhşi xüsusiyyətlərə malik olan vandal bir topluluqla üz-üzəyik. Digər yanda isə dördayaqlı dostumuzun həyatını fəda edərək öz bələdçisini ölümdən xilas etməsinə şahidlik edirik.. Sizcə hansı mənzərə daha ağrılıdır?!