Ermənistanın demarkasiya sancısı:“Kəlbəcər, Laçın zolağına “düyün” vurmaq niyyətindədir”

“Fikir verək, son iki gündə Ermənistan eyni istiqamətdə atəş açır: Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutur”

“Bu da onu göstərir ki, həmin ərazilər üzrə hansısa hərəkətlilik var”

“Laçın və Kəlbəcər istiqamətlərinə düyün atmaq istəyən Ermənistanın Bakının şərtləri altında razılaşmalar əldə etməsi qaçılmaz hala gəlir”

Fevralın 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşkəsi pozublar. Səhər saat 08:50-dən 09:00-a qədər qarşı tərəf Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindəki mövqelərdən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən mövqelərimiz istiqamətində atəş açılıb. Müdafiə nazirliyindən bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub:
 “Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

 Atəşkəsin pozulmasının səbəblərini "Sherg.az"a açıqlayan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Ermənistan ara-sıra atəş açmaqla hirsini atdığı mərmilərlə boşaldır:

“Kəlbəcərdəki atışmalardan öncə verilən bəyanatın ruhuna baxmaq lazımdır.  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov elan etdi ki, Ermənistan sərhəd müəyyənləşməsi ilə bağlı yaradılması nəzərdə tutulan ikitərəfli komissiyanın fəaliyyəti barədə Azəraycana ilkin şərtlərini təqdim edib. Bakı isə şərt qəbul etmir, bunun əksinə öz diktəsini yeridir. Təbii ki, Rusiya və Türkiyə də sərhəd məsələsində Bakıya dəstək verir. Ermənistanın şərtləri daha çox Kəlbəcər və Laçınla əlaqəlidir. İrəvan istəyir ki, Azərbaycan bu ərazilərdən qoşunlarını geri çəksin, daha sonra delimitasiya və demarkasiya prosesi başlasın. 
Bu isə mümkün deyil. Qoşunların geri çəkilməsi Ermənistana vaxt verməkdən başqa bir şey olmaz, indi nəinki geri çəkilmək, əksinə irəli gedərək digər strateji yerlərdə də möhkəmlənmək Bakı üçün hava-su kimi lazımdır. 

Hazırda sərhədin Zəngilan və Qubadlı istiqamətində sakitlikdir. Düşünmək olar ki, sərhəd mübahisəsi Zəngilan və Qubadlıda özünün nəzəri və praktiki həllini tapıb. Yəni Azərbaycan istədiyinə nail olub. Son zamanlar sərhədin bu zolağında hər hansı ciddi insident qeydə alınmayıb. Bu göstərir ki, Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycanın nəzarətində olması, Azərbaycanın bu yolda gömrük və polis postları qoyması Ermənistanın bu zona üzrə müqavimət, lap dəqiqi desək, etiraz göstərmək gücü qalmayıb. 

Yəni Zəngilan və Qubadlıda Ermənistan təklif edilən sərhəd xəttinə razılıq verib, daha doğrusu buna məcbur olub. Görünür, bu ərazilər üzrə delimitasiya və demarkasiya prosesi ağrısız keçəcək. Həmin ərazilər üzrə hərbi xidmətin Dövlət Sərhəd Xidmətinə verilməsi də, bunun göstəricisidir. 

İndi qalır Kəlbəcər və Laçın – Ermənistan sərhədin bu zolağına düyün vurmaq niyyətindədir. Fikir verək, son iki gündə Ermənistan eyni istiqamətdə atəş açır: Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutur. Bu da onu göstərir ki, həmin ərazilər üzrə hansısa hərəkətlilik var. Laçın və Kəlbəcər istiqamətlərinə düyün atmaq istəyən Ermənistanın Bakının şərtləri altında razılaşmalar əldə etməsi qaçılmaz hala gəlir”.

Xanlar ƏLİBƏY