Ermənitana “2 sentyabr” xəbərdarlığı:“...Baha başa gələcək ”  

Artıq məlum olduğu kimi, Ermənistan hakimiyyəti sentyabrın ikisində qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyinin “otuz illiyini” qeyd etməyə hazırlaşır. Baş nazir Nikol Paşinyan bir neçə il əvvəl Şuşada sərsəm bəyanatlar səsləndirəndən sonra başına nələr gəldiyini dünya gördü. Deyəsən, bu, ona bəs eləməyib. Və yenə də “qulaqburması” istəyir. İndi əsas müzakirə mövzusu rəsmi Bakının sözügedən təxribata necə cavab verəcəyidir.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu barədə fikirlərini “Sherg.az”la bölüşüb:

 “Təzyiqləri davam etdirməliyik. Düşmən anlamalıdır ki, status kimi məsələlər artıq keçmişdə qalıb. Təxribatlara imkan verməyəcəyimizi müharibədəki qələbəmizlə göstərdik.

44 günlük hərbi əməliyyatdan sonra ermənilər özlərini bir az yığışdırsalar da, provokasiyalar davam etməkdədir. Əslində daxildə vəziyyətin onlar üçün uğurlu olmadığını başa düşənlər az deyil.

Təsadüfi deyil ki, bəzi rəsmi şəxslərin, o cümlədən Paşinyanın Qarabağa gəlməyəcəyinə dair informasiyalar yayılır. Eyni zamanda daha əvvəlki kimi Azərbaycan sərhədlərini pozaraq helikopterlə səfər edə bilməyəcəklər. Bunların onlara baha başa gələcəyini bilirlər.

Ümumiyyətlə, böyük bir tədbirin keçiriləcəyini düşünmürəm. Hər halda Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi indidən qabaqlayıcı açıqlamalar verməli, qarşı tərəfi xəbərdar etməlidirlər”.