Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

İran xarici işlər naziri Abbas Əraqçi Tehranın müharibə ehtimalını istisna etmədiyini və bütün ssenarilərə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, nazir İranın silahlarını modernləşdirdiyini, zəiflikləri aradan qaldırdığını və yeni silahları sınaqdan keçirdiyini iddia edib.

Əraqçinin sözlərinə görə, İran silahlı qüvvələri ən yüksək döyüş hazırlığı vəziyyətindədir.

“Tehran Hörmüz boğazında Omanla razılaşdırılmış yeni gəmiçilik marşrutunun tanınmasını, digər marşrutların isə bağlanmasını tələb edir. Hörmüz boğazının Tehranın şərtləri əsasında yenidən açılması Vaşinqtonla danışıqların bərpasına yol açacaq”, - o əlavə edib.

İran xarici işlər naziri Tehranın Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasını və hərbi əməliyyatlara son qoyulmasını istədiyini də vurğulayıb.

O qeyd edib ki, vasitəçilər İranın nüvə proqramı ilə bağlı bir sıra təkliflər irəli sürüblər və Tehran hazırda onları danışıqların ikinci mərhələsi çərçivəsində nəzərdən keçirir.