İlahiyyatçı: Dünyəvi dövlətlə dini inancı üz-üzə qoymaq təhlükəli tendensiyadır

Tural İrfan: Dini məsələlərdə boşluqlar xarici ideoloji təsirlərin güclənməsinə şərait yaradır

"Şəriət hökmləri doqma deyil. Zaman, zəmin, şəraitə, müvafiq tələblərə görə fərqli çıxış yolları var. Birinci dərəcəli hökmlər olduğu kimi ikinci dərəcəli hökmlər də var. Zərurət məqamında haramların nəinki halal, hətta vacib olması hökmü üsuli-fiqhdə müstəqil bir bəhsdi".

Bunu Sherg.az-a ilahiyyatçı Tural İrfan deyib.

O, qeyd edib ki, İslam hüququ metodologiyasında rüxsət halları əsaslandırılır:

"Sadəcə ölkədə bunları müsəlman əhaliyə izah edən ilahiyyatçılar, fətva verən qurum, müftilər yoxdur. Barmaq sayı qədər olanlara da xarici təsirdə olanlar və onları himayə edənlər imkan vermir, məhrumiyyətlərə məruz qoyur, təhdid etdirir, susdurur. Nəticədə dinin yanlış təbliğatı, dünyəvi dövlət quruluşu ilə inancın üz-üzə qoyulması, xarici ideoloji təsirlərin ayaq açması vüsət alır. Müvafiq məsələlərdə qəsdən boşluq buraxılır ki, xaricdəki siyasiləşmiş ruhanilərə təqlid sistemi ayaqda qalsın və lazım gələndə bu cür çaxnaşma yarada bilsinlər. Məqsədləri isə inanclı təbəqəni dövlətə qarşı qaldırmaq, ən azı böyük narazı kütlə formalaşdırıb məlum məzhəbçi teokratik ideoloji sistemi burada bərqərar etməkdir. Bu dəyirmana su tökənləri heç araşdırmağa da ehtiyac yoxdur, artıq hamısı su üzünə çıxıb, hamısı məlumdur. Müstəqil, milli, məzhəbsiz, obyektiv dinşünas və ilahiyyatçıların səhnədən uzaqlaşdırılması din əvəzinə xurafatın, mövhumatın və siyasiləşmiş məzhəbçi xarici din modellərinin ölkədə bərqərar olmasına gətirib çıxarır".