Fazil Mustafa: “Türkiyə Əhməd Cavada heykəl ucaltdı, buna qardaşlıq cavabı olaraq "Azneft" Meydanında Nuri Paşanın at belində heykəli gözəl olmazmı?!”
Firudin Cəlilov: “Himnimizi yazan şairin adı müxtəlif üsullarla əbədiləşdirilməlidir”
Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın abidəsi ucaldılıb. Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatına görə, Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Eyni zamanda şairin heykəlinin açılış mərasimi olub. Tədbirdə Etimesqutun bələdiyyə sədri Enver Demirel, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iştirak ediblər. Qeyd edək ki, Əhməd Cavad 1893-cü il mayın 5-də Gəncə qəzasının Seyfəli kəndində anadan olub. Balkan müharibəsi dövründə o, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsinin tərkibində Osmanlı tərəfində cəbhəyə savaşmağa gedib. Türk dünyasında məşhur olan, Üzeyir bəy Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakını azad etməsindən sonra musiqisini bəstələdiyi “Çırpınırdı Qara dəniz” şeirinin müəllifi də Əhməd Cavaddır. Azərbaycanın sovet işğalından sonra müxtəlif təzyiqlərə məruz qalan Əhməd Cavad sonda həbs edilir. 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən hökm oxunub. Məhkəmə cəmi 15 dəqiqə davam edib və oktyabrın 12-dən 13-nə keçən gecə şair güllələnib.
Millət vəkili Fazil Mustafa Ankarada istiqlal şairimiz Əhməd Cavada heykəl ucaldılmasını alqışlayıb:
“Gözəl bir abidə qoyuldu. Bu, Türkiyədən Azərbaycana bir qardaşlıq ərməğanıdır. Nə qədər gözəl davranışdır. İndi növbə bizdədir. Buna dəyərli bir qardaşlıq addımı ilə cavab verməyin vaxtı deyilmi? Bakıda "Azneft" Meydanında Azərbaycanın xilaskarı Nuri Paşanın at belində heykəli gözəl olmazmı? Biz Əhməd Cavada sevindiyimiz qədər qardaşlarımız da Türkiyədə
sevinərlər. Pis olmaz. Şuşa Bəyannaməsinin də hər bəndinə tam uyğundur”.
Türkoloq-alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov da görkəmli şairimiz Əhməd Cavada heykəl qoyulmasını çox təqdirəlayiq addım adlandırıb. Professor bəyan edib ki, Əhməd Cavad bizim ən milli şairlərimizdən biridir:
“Himnimizi yazan şairin adı müxtəlif üsullarla əbədiləşdirilməlidir. Əhməd Cavadın oğlu Yılmaz Axundzadə millət vəkili idi, prokuror işləmişdi. O vaxt Milli Məclisdə əlifbanı dəyişəndə Yılmaz bəy Əhməd Cavadın ovaxtadək çap olunmamış bir şeirini gətirdi. Mən əlifba ilə bağlı yazılmış həmin şeiri “Ədəbiyyat” qəzetində çap etdirdim. Çox böyük şair, görkəmli ictimai-siyasi xadim olub. Onu təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də çox sevirlər. “Çırpınırdı Qara dəniz” mahnısı dillər əzbəridir. 130 illik yubileyi ilə bağlı keçirilən tədbirlər də adına layiq olmalıdır”.