İrəvan əsl niyyətini ortaya qoyur
İrəvan əsl niyyətini ortaya qoyur
Ermənistan nəzarət-keçid məntəqəsinin yaranmasından imtina edir
Ermənistan regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığa imkanlar açan bütün təşəbbüslərə mane olmağa çalışır
Prezident İlham Əliyevin Münhendə gündəmə gətirdiyi mühüm məsələlərdən biri də "Zəngəzur dəhlizinin, həm də Laçın yolunun giriş-çıxışında nəzarət-buraxılış postlarının qoyulması barədə təklif" idi. Dövlət başçısı bununla bağlı İrəvandan cavab gözlədiyini bildirmişdi. Prezident qeyd etmişdi ki, Ermənistan və Azərbaycanın öz keçid məntəqələrini yaratması yaxşı olardı: "Ermənistanla sərhəddə, Laçında və Zəngəzur dəhlizinin hər iki tərəfində olmalıdır. Bunun zərurətindən əvvəl də danışmışdıq". Ölkə rəhbəri bu mövqeyin həm Avropada, həm də Amerikada məntiqli qəbul edildiyinə diqqət çəkmişdi. Dövlət başçısı vurğulamışdı ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır: “Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”. Lakin bir neçə gün sonra xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, Ermənistan tərəfi dövlət başçısı İlham Əliyevin gündəmə gətirdiyi təklifi qəbul etməkdən boyun qaçırıb. Şübhəsiz, bu imtina İrəvanın əsl niyyətini bir daha ortaya qoyur. Çünki Ermənistan sərhəd məntəqələrinin mövcudluğunu özünün terror siyasətinə maneə kimi görür. Ermənistanın Azərbaycanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasına “yox” deməsinin başlıca səbəbi erməni separatçılarının bölgədəki fəaliyyəti ilə bağlıdır. İrəvanın hakim siyasiləri yaxşı dərk edirlər ki, nəzərdə tutulan məsələnin reallaşması separatçılığı əngəlləyəcək, təxribatçı planlara zərbə vuracaq. İrəvanı qorxudan da məhz budur.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Şərq"ə açıqlamasında bildirib ki, 2020-ci ilin 10 noyabrında bağlanmış, altında Baş nazir Nikol Paşinyanın imzası olan üçtərəfli bəyannamənin müddəaları İrəvan tərəfindən məqsədyönlü şəkildə yerinə yetirilmir. Deputatın sözlərinə görə, Ermənistan müxtəlif formalarda üçtərəfli sazişdə əksini tapmış müddəaların həyata keçməsinə maneçilik törədir: "Ermənistan sözdə sülh sazişinin bağlanmasının "tərəfdarı" kimi çıxış etsə də, əməldə buna mane olur. Əsassız bəhanələrlə manevr etməyə çalışır. İrəvan tərəfi bununla nə vaxtsa özü üçün əlverişli şəraitin yaranacağını düşünür. Daha üstün mövqe əldə edəcəyini zənn edərək Azərbaycanla bərabər statusda danışıqlar aparmaq niyyəti güdür. Digər yandan, içində Paşinyan olmaqla erməni cəmiyyəti Azərbaycana, Türkiyəyə, bütövlükdə türk xalqına düşmənçilik və nifrət düşüncəsiylə yaşayan bir etnosdur. Ermənilər Azərbaycana ərazi iddialarından hələ də imtina etməyiblər. Ermənistan tərəfi mövcud vəziyyəti "müvəqqəti" görür və bunu ümumi prosesdə bir fasilə kimi dəyərləndirir. Baxmayaraq ki, 44 günlük müharibədə erməni mifi darmadağın edildi, amma yenə də gecə-gündüz "Böyük Ermənistan" iddiaları ilə yaşayırlar. Bunun da səbəbini ermənilərin zəhərlənmiş düşüncəsində axtarmaq lazımdır. Ermənistanın dövlət siyasəti erməni xalqının xarakterinə, düşüncə sisteminə uyğunlaşıb. Bütün bunlar ermənilərə imkan vermir ki, onlar Azərbaycan və Türkiyə ilə normal münasibətlər qursun. Ermənistanın bu günu və gələcəyi iki dövlətdən - Azərbaycan və Türkiyədən asılıdır. İrəvan hökuməti bu iki ölkə ilə normal münasibət qurmağı bacarsa, ərazi iddialarından əl çəksə, özünü beynəlxalq hüquq normalarına söykənən qonşu ölkə kimi aparsa, Ermənistanın bütün problemləri, çətinlikləri aradan qalxacaq. Ancaq bunu etmək əvəzinə ya Fransanın, ya İranın, ya da Rusiyanın yanında yer alırlar. Özlərini bilə-bilə çıxılmaz "Bermud üçbucağına" salırlar".
F.Ağamalı vurğulayıb ki, Ermənistan regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığa imkanlar açan bütün təşəbbüslərə mane olmağa çalışır: "İrəvanın mane olduğu təşəbbüslərdən biri də Münhendə dövlət başçısı İlham Əliyevin gündəmə gətirdiyi təklif idi. Həmin təklif Azərbaycan və Ermənistanın öz sərhədləri daxilində nəzarət-keçid məntəqəsi yaranmasını nəzərdə tuturdu. Ermənistan isə bundan imtina edir. Halbuki İrəvan hökuməti bunun gələcəkdə müzakirə oluna biləcəyini, indi buna hazır olmadıqlarını deyə bilərdi. Ancaq erməni tərəfi bunu da etmədi. Bu da onların dövlət siyasətindən irəli gəlir. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi Laçın yolunda, Ermənistanla sərhəddə özünün nəzarət-keçid məntəqəsini yaratmalı, orada sərhəd və gömrük xidmətlərinin, polisimizin nəzarəti təmin edilməlidir".