"İrəvana yol görünür" 


Qərbi azərbaycanlılar öz yurdlarına qayıtmalıdır

Xalqımıza qarşı törədilmiş bu haqsızlıq, ədalətsizlik aradan götürülməlidir

“Qərbi Azərbaycana qayıdış məsələsi bizim ümummilli məsələmiz və ümummilli vəzifəmizdir”


  Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına geri dönüşünü əks etdirən “Qayıdış Konsepsiyası” üzərində işini davam etdirir. Müşahidə Şurasının təsdiqindən sonra Konsepsiya İcmanın əsas sənədlərindən birinə çevrilib. Konsepsiyada son 200 ildə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. Vurğulanıb ki, ilkin mərhələdə azərbaycanlıların bütün Qərbi Azərbaycan boyu köçürülməsi xoşagəlməz nəticələr verə bilər. Ona görə də əsas hədəf insanların ilkin mərhələdə daha təhlükəsiz bölgələrə köçürülməsi olacaq. Yəni söhbət Qərbi Zəngəzur, Dərələyəz, Göyçə mahalı və Qaraqoyunlu dərəsindən gedir. Soydaşlarımızın ilkin mərhələdə həmin ərazilərə köçürülməsi daha təhlükəsiz, zəmanətli və təminatlı olacaq. İcma rəhbərliyi hesab edir ki, Qərbi Azərbaycana qayıdış üçün həm beynəlxalq zəmanət, həm də Ermənistan dövlətinin təminatı lazımdır. Sonuncu deportasiya zamanı o ərazilərdən qovulmuş soydaşlarımızın əksəriyyətinin bölgələrdəki evi, əmlakı, mülki əvəzi ödənilmədən əllərindən alınıb. Ona görə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında həmin soydaşlarımızın mülkiyyət hüququnun bərpa olunması məsələsi qoyulub. Eyni zamanda onların torpaq sahələrinin icmalara qaytarılması məsələsi konsepsiyada öz əksini tapıb. Soydaşlarımızın köçürüləcəyi ərazilərin toponimlərinin geri qaytarılması, Azərbaycan adlarının bərpa olunması məsələsi də Qayıdış Konsepsiyasında yer alıb. Məlumat üçün bildirək ki, Azərbaycan xalqı ötən əsrdə dörd dəfə deportasiyaya məruz qalıb. Ardıcıl olaraq, 1905-ci, 1918-20-ci, 1948-53-cü, 1988-1992-ci illərdə azərbaycanlılar məcburi şəkildə öz yurdlarından köçürülüb. Proses zamanı qoca, uşaq və qadınlar da daxil olmaqla 140 min insan erməni vəhşiliyinin qurbanı olub. Təkcə 1988-1992-ci illərin deportasiyasında məcburi köçürülən azərbaycanlıların sayı 300 minə yaxın olub. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu proses nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Azərbaycanlılar qovulduqdan sonra bu ərazilərdəki Azərbaycan izləri ermənilər tərəfindən tamamilə silinib, məhv edilib. Toponimlərimiz dəyişdirilib, abidələrimiz saxtalaşdırılıb. 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir. Azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından qaçqınlıq məhrumiyyətləri nəinki Azərbaycanda, eləcə də Ermənistanın özündə və başqa ölkələrdə çap olunmuş kitablarda da kifayət qədər əksini tapıb. Bir məqamı da qeyd edək ki, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınma prosesi uğurla davam etdirilir. Proses 1988-91-ci illərdə öz torpaqlarından çıxarılanlar üzərindən həyata keçirilir. Çünki xronologiya baxımından ən sonuncu deportasiya (1988-91-ci illər) ən yaxın zamandır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır və əllərində pasportları, Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədlər var. 
Qərbi Azərbaycan İcması da mütəmadi bəyanat yaymaqda, görülən işlərlə bağlı məlumat verməkdədir. Bununla yanaşı, İcma tərəfindən dəstək çağırışları da gündəmə gəlməkdədir. Məsələn, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli bir neçə gün öncə deyib ki, qayıdış 60 milyona yaxın azərbaycanlının məsələsidir. Onun sözlərinə görə, dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir sıra nümayəndələri ilə görüşü zamanı tarixi fikirləri həyatımızın yeni bir mərhələsinə qədəm qoyduğunu göstərdi: “Prezident bu zaman icma qarşısında bir sıra məsələlər qoyub. Həmin çıxışdan sonra son 200 ildə tarixi torpaqlarımızdan qovulan soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı prosesinə yeni start verildi. Ölkə Prezidentinin qarşımıza qoyduğu digər məsələlərdən biri də Qayıdış Konsepsiyasının hazırlanması idi ki, artıq həmin konsepsiya ictimaiyyətə təqdim olunub. Bu baxımdan Azərbaycanda olan bütün qurumlar bu məsələyə öz töhfəsini verməlidir. Çünki bu, hər birimizi düşündürən ümummilli məsələdir”. İcma sədri bildirib ki, soydaşlarımızın öz yurdlarına qayıtması məsələsində ölkədəki qurumlarla yanaşı, ölkə xaricindəki Azərbaycanla bağlı bütün təşkilatlar öz dəstəyini verməlidir: “Həmçinin vətəndaş cəmiyyətinin üzərinə də çox böyük işlər düşür. Bu gün QHT-yə Dövlət Dəstəyi Agentliyi ilə birgə keçirilən görüşümüzdə də əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edəcəyik və gələcəkdə bu istiqamətdə atacağımız addımlarla bağlı qərarlar qəbul edəcəyik. Bu yaxınlarda QHT Agentliyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına İctimai Dəstəklə bağlı qrant müsabiqəsi elan edib. Belə hesab edirik ki, həmin müsabiqənin həyata keçirilməsi bu sahədə atılmış mühüm addımlardan biri olacaq”. Onu bildirək ki, İcma keçən həftə yaydığı bəyanatda Ermənistan hökumətinin də Qərbi Azərbaycan İcması ilə görüşünü tələb edib. 

  İndiki Ermənistanın Amasiya rayonunun Göllü kəndində anadan olmuş millət vəkili, Qərbi Azərbaycana dönüşlə bağlı yaradılmış Elm Komissiyasının sədri, professor Hikmət Babaoğlu "Şərq"ə açıqlamasında deyib ki, "Qayıdış Konsepsiya"sında çox mühüm məsələlər öz əksini tapıb. Deputat bildirib ki, Konsepsiyaya daxil edilmiş məqamlar tamamilə beynəlxalq hüquq normalarına uyğun olan, ədalətə söykənən müddəalardır: "Stalin dövründə repressiyaya məruz qalmış bütün xalqlar - Dağıstan xalqları, Krım və Ahısqa türkləri daha sonra bəraət aldılar. Müvafiq beynəlxalq təşkilatların qərarına uyğun olaraq öz tarixi vətənlərinə qayıtmaq hüququ əldə etdilər. Çox təəssüf ki, 1948-53-cü illərdə məhz SSRİ Nazirlər Kabinetinin qərarı ilə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlılar hələ də öz torpaqlarına qayıda bilməyiblər. Digər yandan, 1988-91-ci illərdə Qərbi Azərbaycanda yaşayan bütün azərbaycanlılar ermənilər tərəfindən zorla qovuldular. Nəticədə Ermənistan monoetnik dövlətə çevrildi. Ona görə də bu gün Qərbi Azərbaycana qayıdış məsələsi bizim ümummilli məsələmiz və ümummilli vəzifəmizdir. Vətən müharibəsindən sonra yaranmış yeni reallıqda Azərbaycanın bütün ictimai institutlarının, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ziyalılarının, diplomatlarının, qısacası, hamının səyi bir məqsədə yönəlməlidir. Xalqımıza qarşı törədilmiş bu haqsızlıq, ədalətsizlik aradan götürülməli və Qərbi azərbaycanlılar öz yurdlarına qayıtmalıdır". 
  Parlament üzvü vurğulayıb ki, bu proses zamanı Azərbaycandan kənarda yaşayan diaspora qurumlarımızla sıx əlaqədə olmaq lazımdır: "Mütəmadi beynəlxalq konfransların keçirilməsi, hüquqşünaslarımızın bu məsələni hüquq müstəvisində daim dünya ictimaiyyətinin diqqətində saxlaması çox aktualdır. Təbii ki, ölkə mediası, informasiya gündəmini təyin edən subyektlərimiz də Qərbi Azərbaycana qayıdışı daim müzakirə predmeti etməlidir. Konsepsiyada ən mühüm məsələlərdən biri də Ermənistan konstitusiyasının Qərbi Azərbaycana qayıdacaq soydaşlarımız üçün əlçatan olmasıdır. Bunun üçün Qərbi Azərbaycan İcması bu gün Ermənistana rəhbərlik edən şəxslərlə görüşməlidir. Görüşün nə dərəcədə real olub-olmamasına gəldikdə, şəxsən mən belə bir görüşün reallaşacağına şübhə etmirəm. Əgər Azərbaycan dövləti, hökumətimiz Qarabağda yaşayan mülki erməni əhali ilə, erməni icması ilə birbaşa dialoqa hazır olduğunu bildirirsə, Ermənistanın Baş naziri Nikol Paşinyan da Qərbi Azərbaycan İcması ilə görüşə hazır olduğunu ifadə etməlidir. Baş nazir Ermənistan konstitusiyasının azərbaycanlılar üçün də əlçatan olmasına təminat verməlidir. Bizim məsələyə yanaşmamız tam real və obyektivdir. Öz haqqımızı tələb edirik. Hazırda mövcud reallıq da haqlarımızın gerçəkləşməsi üçün müsbət şərtlər formalaşdırıb".