Uşaqlar kriminal aləmə sürüklənir: Psixoterapevt səbəbləri açıqladı

  • "Cəmiyyətdə aqressiya həddi kritik həddə çatıb. Uşaqlar nə görürsə, onu təkrarlayır”
  • "Kriminal filmlər uşaqların dünyagörüşünü dəyişir"

Məktəblilər arasında kriminal olaylar, təəssüf ki davam edir. Uşaqlarımız nə zaman cinayətlərə bu şəkildə meylli oldu, nə zaman “əli bıçaqlı” məktəbli obrazı yarandı ölkəmizdə, düşünməyə başlasaq, təbii ki uzun illər öncəyə qayıtmalı olacağıq.

O zamanlara ki internet şəbəkəsi getdikcə genişlənməyə, kompüterlərdə kriminal məzmunlu onlayn oyunlar dəb halını almağa, hər uşağın əlində planşet, smartfon, qarşısında kompüter bir otağa çəkilib gözünü monitordan ayırmamağa başladı. Təkcə bumu? Əlbəttə, yox. Uşaq niyə otağa qapanıb gözünü monitora zillələməli idi ki? Çünki həyətlərdə uşaqlar üçün oyun meydançaları artıq yoxa çıxmışdı, dərnəklər bağlanmışdı, idman klubları isə pullu idi. Tədris proqramı da o qədər ağırlaşmışdı ki, şagirdin əlavə faydalı məşğuliyyətə vaxtı qalmırdı, amma gecələr mobil telefon və ya planşetdə onlayn oyunları izləyə bilirdi. Valideynlər niyə nəzarət edə bimirdi, çünki onlar da gərgin işdən sonra evə gəlib dincəlmək istəyirdilər və elə onlar da “stress atmaq” üçün mobil telefonda ya kiminləsə qeybətləşir, ya da kriminal ünsürlərdən, “hə” deməmiş əlinə belinə atıb tapança çıxaran “yeraltı dünyası”nın qəhrəmanlarından bəhs edən seriallar izləməyə başladılar. Səbəblər təkcə sadaladıqlarımız deyil. Daha bir çox amillər var. Və bütün bu amillər birləşib uşaqlarımızın gələcəyini məhvə aparır. 

Bunun nəticəsidir ki, Bakının Nizami rayonunda orta məktəblərdən birində 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayaraq öldürüb. Hadisə 5 oktyabr 2026-cı il tarixində günorta saatlarında baş verib. Rəsmi qurumların yaydığı ilkin məlumatlara görə, münaqişə edən tərəflərin hər ikisi 9-cu sinif şagirdidir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2012-ci il təvəllüdlü yeniyetmədir. Hadisənin məktəbdən kənarda baş verdiyi bildirilir. Uşaqların hansı məktəbin şagidləri olması hələ ki açıqlanmayıb. Bıçaqlanan məktəbli aldığı ağır xəsarətlər nəticəsində vəfat edib. Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb və ibtidai istintaq hərəkətləri aparılır. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2012-ci il təvəllüdlü yeniyetmə barəsində istintaq hərəkətləri yaşı ilə əlaqədar yeniyetmələr üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi qaydalar çərçivəsində həyata keçirilir.

Psiterapevt Elmir Əkbər Sherg.az-a açıqlamasında qeyd etdi ki, cəmiyyətimizdə aqressiyanın faizi həddindən artıq yüksəlib və bu artıq təkzibolunmaz faktdır: 

- Mənim elmi işimin mövzusu aqressiya ilə bağlıdır, deyə bu kimi hadisələri təhlil edirəm. Təhlil apardıqca qəddarlığı stimullaşdıran bir sıra ümumi, obyektiv, sosial səbəblərin olduğu görünür. Hazırda informasiya bolluğudur, hətta hədsiz bolluqdur. Hər cür informasiyalara sərbəst çıxış imkanları hüdudsuzdur. Həyat əvvəlki kimi aramla, sakit keçmir. Məlumat çoxdur, bu isə beyində gərginlik yaradır. Kompüter oyunları, smartfonlarla keçirilən zaman insanın sinir sistemini sıradan çıxarır. İzlənilən aqressiya məzmunlu hansısa görüntü şüuraltında ağır iz qoyur. Zəif psixologiyaya malik insanlara belə görüntülər tez təsir edir. Təsir altına düşürlər və müxtəlif cinayət tərkibli əməllərə əl atırlar. Xüsusən uşaqlar, yeniyetmələrdə psixi-nevroloji sistem tam formalaşmadığından zərərli təsirlərə tez məruz qalır, gördüklərini gündəlik həyatda təkrarlamaq meyli yaranır. Necə ki körpələr, azyaşlı uşaqlar böyüklərin hərəkətlərini “kopyalayır”, eləcə də yeniyetmələr nəyin əhatəsindədirlərsə, onu gündəlik həyatlarında tətbiq edirlər, bu və ya digər şəkildə. Əvvəllər uşaqlardan soruşanda böyüyəndə nəçi olacaqsan, qızların çoxu deyirdi həkim, ya müəllim, dərzi, oğlanlarsa adətən sürücülüyə meylli olurdular, kiminsə atası sürücü idi, deyirdi sürücü olacam və sair. Amma uzun illərdir artıq sevilən peşələr siyahısı dəyişib. Ya polis olmaq istəyirlər, ya prokuror. Bunlar cinayət aləmiylə bağlı peşələrdir. Biri cinayətkarı tutandır, digəri ittiham edən. Uşaqlar nəyə baxır indi? Kriminal filmlərə, seriallara. Kompüter oyunlarının da 0 faizi kriminal, aqressiv məzmunludur. Bunu grən uşaq kriminlaar meyllənəcək, təəccüblü deyil. 

E.Əkbər qeyd etdi ki, yenə də əsas məsuliyyət məktəb və valideynlərin üzərinə düşür: 

- Məktəbdə müəllim, evdə isə valideynlər uşaqlarını düzgün tərbiyə etməlidir. Müəllimlərin şagirdlərin tərbiyəsi ilə, mənəvi dünyasıyla məşğul olmağa vaxtları yoxdur, elə uşaqların da. Valideyn də əgər özü kriminala meyllidirsə, daha uşaqdan nə gözləyəsən?!.