“Müharibə itkinlərindən 30 ilə yaxındır xəbər yoxdur” – Ermənistana sanksiya...

 Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva 30 avqust- Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı “Tvitter” səhifəsində çıxış edib. O, bildirib ki, ədalətin bərpa edilməsini gözləyirik.
“Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılara həsr olunmuş belə bir əlamətdar tədbirin moderasiyasını həyata keçirməkdən qürur duydum. Biz itkin düşmüş azərbaycanlıların yaxınlarının səsini dünyaya çatdırırıq və ədalətin bərpa edilməsini tələb edirik”.

Millət vəkili Elman Məmmədov bu barədə “Sherg.az”a münasibət bildirdi:

“Təəssüf ki, müharibə itkinlərindən 30 ilə yaxındır xəbər yoxdur. Azərbaycan dövləti uzun illər ən yüksək səviyyədə bu məsələni qaldırdı və yenə də işlər davam edir. Bu, Ermənistanın növbəti terror aktı, hərbi cinayəti kimi qiymətləndirilməlidir. BMT başda olmaqla heç bir beynəlxalq qurum İrəvana sanksiya tətbiq etmədi, onu cəzalandırmadı. Halbuki İkinci Qarabağ savaşından sonra 4-5 erməni terrorçuya görə həmin beynəlxalq təşkilatlar rəsmi Bakının üstünə düşdülər. Və gəlib gördülər ki, erməni terrorçular normal şəraitdə saxlanılırlar”.