Öz doğma dilində danışmağı ar bilənlərə: “Bu dili öyrənin və zənginləşdirin!”

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Dilimiz mənəviyyatımızdır. Məqsədi dövləti və milləti yaşatmaq, formalaşdırmaq, onların varlığını hiss etdirməkdir.  Dil hər bir xalqın kimliyidir. Biz onu qorumalıyıq və buna məcburuq. Əbəs yerə deyilməyib ki, bir xalqı məhv etmək istəyirsənsə, onun dilini əlindən al. Tarix boyu farslar, ərəblər, ruslar və s. bu metoddan istifadə edib. Zaman dəyişib və biz kimlərinsə müstəmləkəsi olmaqdan çıxmışıq. Lakin hələ də dilimiz xarici amillərin təsirindən uzaqlaşmağı bacarmır. İnsanlar dilin normalarına və xüsusiyyətlərinə hakim ola bilmir. Bir çox şəxslər bunu kitab oxumamaq və maarifləndirmənin düzgün aparılmaması ilə əlaqələndirir. Təəssüf ki, məsul qurumlar və vətəndaşların əksəriyyəti dilimizə biganə yanaşır.

 Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən teleaparıcı və natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu bildirib ki, ana dilimizi qorumaq milli təəssübkeşlik məsələsidir:

"Bu dildə doğru danışmaq, zəngin lüğət tərkibini öyrənmək üçün öncə mahiyyəti başa düşmək lazımdır. İnsan özünə sual verməlidir ki, öz ana dilində danışmaq istəyir, ya yox. Təbii ki, hamımızın cavabı "hə" olmalıdır. Amma yenə də nəticəyə baxırıq. Bu gün Azərbaycan dilində təmiz danışan, varvarizm və dialektlərdən istifadə etməyən, kəlimləri doğru tələffüz edən insanların sayı nə qədərdir? Fikrimi soruşsanız, çox olduğunu deyə bilməyəcəm. Öz doğma  dilində rabitəli, səlis və qüsursuz danışan insanlar hər zaman ciddi qəbul edilirlər. Natiqlik, bədən dili, ünsiyyət formaları bu işin digər tərəfidi”.

O, insanları hər vəziyyətdə ədəbi dil normalarına riayət etməyə çağırıb:

“Qoy, əcnəbi dillərdən alınmış və bizim lüğətimizdə olmayan sözlər istifadə edilməsin, rus, ingilis, Türkiyə türkcəsinin aksenti ilə danışmayaq, ləhcəmizi və dialektlərimizi unutmayaq, amma ədəbi dil öyrənək. Azərbaycan ədəbi dili orfoqrafiya və orfoepiyadan ibarətdir. Bu dil yazıldığı kimi oxunmur. Düzdür, bəzi sözlərin deyilişi yazılışı ilə eyni olur. Məsələn, "güllər", "dağlar" yazılırsa, elə də tələffüz olunur, "uşaqlar" yazılırsa [uşağlar] deyilir. Bu orfoepiyadı. Orfoqrafiya düzgün yazıdır. Hər bir insan savadlı yazmalıdır. Durğu işarələrinə əməl etməli, cümlənin qrammatik quruluşunu nəzərə almalıdır. Dili sonradan öyrənmək və təkmilləşdirmək heç vaxt gec deyil. Bunun üçün "Youtube" kanalları və kitablar mövcuddur, mütəxəssislər fəaliyyət göstərir”.

Cəmilə ƏZİM