Qazaxın 7 və Naxçıvanın Kərki kəndi azad olunacaq?

 Azər Rəşidoğlu: "Proseslər Ukrayna böhranının necə yekunlaşacağından asılı olacaq"
   Tez-tez gündəmə gələn anklav ərazilər məsələsinə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da münasibət bildirib. O deyib ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması müzakirə olunub həllini tapacaq. Xarici işlər nazirinin müavini bildirib ki, bu kimi məsələlər delimitasiya kontekstində həll olunmalıdır: “Bu ərazilər Azərbaycanındır. Oraların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq”. Məlumat üçün bildirək ki, ötənlərdə Ermənistan tərəfi də anklavlar məsələsinə toxunmuşdu. İrəvan hökuməti bildirmişdi ki, Azərbaycanda da “anklavlar” var və bu məsələ qarşılıqlı həll olunmalıdır. 
Politoloq Azər Rəşidoğlu “Şərq”ə bildirib ki, bütün Azərbaycan-Ermənistan arasında proseslər Ukrayna böhranının necə yekunlaşacağından asılı olacaq. Analitik bildirib ki, Ermənistanın sahibi olan Rusiya getdikcə zəifləyir: 
“Kreml xaricdəki hərbi bazalarını, o cümlədən Ermənistandakı bazasını artıq saxlaya bilmir. Moskva bütün gücünü, resurslarını Ukraynaya yönəldib. Rusiyanın Cənubi Qafqazdan getməsi artıq reallığa çevrilib. Ermənistanda siyasi və iqtisadi böhran dərinləşmək üzrədir. Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa məhkumdur. Azərbaycan vaxt itirmədən 10 noyabr bəyannaməsinin icrasını tələb etməlidir. Ermənistan hərbçiləri və rus sülhməramlıları Azərbaycan ərazisini tərk etməlidirlər. Rusiyada baş verən hadisələr Moskvanın başının bütünlüklə Ukraynaya qarışması ilə nəticələnə bilər. Sülhməramlılar və Ermənistandakı hərbi baza Kreml üçün o qədər də aktual olmayacaq. Odur ki, rəsmi İrəvanın nə deməsinin önəmi yoxdur. Sərhəd məsələsi, anklavlar və digər problemlər Azərbaycanın lehinə həll edilməlidir”.