Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılacaq

“Gənc nəsil həm də qlobal tərəqqinin lokomotividir”

  Dünən Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilib. Sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi iştirak edib. Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcəklər. QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələri, təqdimatlar keçiriləcək. Sammitin bağlanış mərasimində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur. Sonuncu günü iştirakçıların Şuşa şəhərinə səfər etməsi planlaşdırılır. 

Tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, Sammit müddətində iştirakçılar ötən ilin noyabr ayında təsis edilmiş QH Gənclər Şəbəkəsinin beynəlxalq təşkilata çevrilməsi məsələsini müzakirə edəcək. Bu xüsusda müvafiq razılıq əldə olunarsa, Şuşa şəhərində Şəbəkənin Təşkilata çevrilməsi, eləcə də yaranacaq Təşkilatın loqo və bayrağının təsdiqlənməsi barədə qərar qəbul edilməsi gözlənilir. Sammit iyulun 29-da yekunlaşacaq. 

"Şuşada əsası qoyulacaq təşkilat qlobal arenada vacib təşkilata çevriləcək"

  Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin irəli sürdüyü iki əsas təşəbbüsdən biri Hərəkatın Gənclər Şəbəkəsinin yaradılması idi. O bildirib ki, 2021-ci ili oktyabrında təsis olunan Gənclər Şəbəkəsinin bu gün Bakıda ilk sammiti keçirilir: “5 gün ərzində davam edəcək sammitdə 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edir. Biz sammit çərçivəsində ilk dəfə Azərbaycanda Qoşulmama Hərəkatının simulyasiya iclasını keçirəcəyik, tədbir çərçivəsində bir çox mövzular müzakirə olunacaq. Tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, bu sammit çərçivəsində ilk dəfə olaraq Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər Təşkilatına çevrilməsi istiqamətində addımlar atılacaq, qərarlar veriləcək”. O deyib ki, sammitin son günü iştirakçıların Şuşaya səfəri baş tutacaq və sammit boyu müzakirə olunan qərarlar Şuşada qəbul olunacaq: “Ümid edirik ki, Şuşada Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsini Gənclər Təşkilatına çevirəcək qərar qəbul edəcəyik. Və inanırıq ki, Şuşada əsası qoyulacaq bu təşkilat qlobal arenada vacib təşkilata çevriləcək”.

"Fəal və yaradıcı gənclər arasında dialoq bəşəriyyətin üzləşdiyi problemlərin müzakirəsində vacib rol oynayır"

  Sammitin açılış mərasimində Prezident İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən səsləndirilib: “Bu Sammit gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, mütərəqqi düşüncənin paylaşılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Hər bir ölkənin sosial inkişafının, rifahının aparıcı qüvvəsi olan gənc nəsil həm də qlobal tərəqqinin lokomotividir.   Çağırışlarla dolu müasir dünyada fəal və yaradıcı gənclər arasında dialoq bəşəriyyətin üzləşdiyi problemlərin müzakirəsi, onların həllinə dair ideya və baxışların bölüşməsində vacib rol oynayır. Azərbaycanda əhalinin təxminən 23%-ni təşkil edən gənclərin diqqət və qayğı, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qurub yaşadan, eyni zamanda, ümumbəşəri, mütərəqqi ideyaları mənimsəyərək qloballaşan dünyada inteqrasiya etməyə qadir olan nəsil yetişib. Məhz bu milli dəyərlərə hörmət ruhunda böyümüş gənclərimiz 30 il işğal altında olmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əvəzsiz xidmətlər göstəriblər. Biz belə gənclərimizlə fəxr edirik”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq müstəvidə də gənclər siyasətinin təşviqini daim diqqət mərkəzində saxlayır: “Gənclərimizin aparıcı beynəlxalq təsisatların işində yaxından iştirak edir və yeni gənclər platformasının yaradılmasında təşəbbüslərlə çıxış edirlər. Qeyd etmək istərdim ki, Azərbaycanın təşəbbüsü ilə təsis edilmiş Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi üzv ölkələrin gənclər dialoqunu, onların davamlı tərəqqisinə nail olmaq üçün atdığımız addımlardan biridir. BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edən ölkəmizin tarixi Bandunq prinsiplərini rəhbər tutaraq üzv ölkələr arasında qarşılıqlı anlaşma və dəstəyin, həmrəyliyin və əməkdaşlığın genişləndirilməsində, mültikulturalizmin inkişafında, qlobal çağırışların həll istiqamətində hərəkat rolunu daha da artırmasında böyük töhfələr verib. Qoşulmama Hərəkatının sədrliyimiz müddətində yekdilliklə 2023-cü ilə qədər 1 il daha uzadılması Azərbaycanın üzv ölkələr arasında qazandığı nüfuzun, fəaliyyətimizə verilən yüksək qiymətin və bizə olan inam və etimadın bariz göstəricisidir”.

“Gənclər Təşkilatı qlobal miqyasda ən mötəbər təşkilatlarından birinə çevriləcək”

  Ölkə rəhbəri qeyd edib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər olmasında aparıcı rol oynayıb. Ehtiyacı olan ölkələrə maliyyə, humanitar və digər yardımlar göstərib: “Ölkəmiz eyni zamanda, hərəkatın təsisatlanması istiqamətində də təşəbbüslərlə çıxış edib. Belə mühüm addımlardan biri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması oldu. Gənclər Sammitinin keçirilməsi və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər təşkilatına çevrilməsi ilə bağlı vacib qərarların məhz ölkəmizdə qəbul edilməsi bizi sevindirir. Biz bunu Qoşulmama Hərəkatına sədrliyimizin növbəti uğuru kimi dəyərləndiririk. İnanıram ki, sammit zamanı təsis ediləcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatı qlobal miqyasda ən mötəbər gənclər təşkilatlarından birinə çevrilərək və öz ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə fəaliyyətin genişlənməsinə töhfə verəcək. Hamınızı bir daha ürəkdən salamlayır, sammitin işinə uğurlar arzu edirəm”.

“BMT də daxil olmaqla, qlobal platformalar gənclər üçün imkanlar təqdim etməlidir”

  BMT Baş Assambleyasının prezidenti Abdulla Şahidin sammit iştirakçılarına ünvanladığı məktubunda deyilib ki, gənclər COVID-19 pandemiyasından iqlim dəyişikliyinə qədər qlobal çağırışların həllində fəal rol oynamalıdır. Şahid bildirib ki, gənclər qlobal dayanıqlılığın inkişafına töhfə verir. O, postpandemiya dövründəki bərpada gənclərin aktiv fəaliyyətinə ümid etdiyini əlavə edib: “BMT və onun institutlarında inklüzivlik və fərqlilik indi daha vacib olub. Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün iştirak və mədəni mübadilə istiqamətində platforma təklif edir və bu, vacibdir”. 

O vurğulayıb ki, BMT də daxil olmaqla, qlobal platformalar gənclər üçün imkanlar təqdim etməlidir. Abdulla Şahid çıxışının sonunda gənclərə səmərəli müzakirə və fikir mübadiləsi arzulayıb.