Ukraynanın “Times of Ukraine” nəşri qarşıdakı həftənin münaqişənin başlanğıcından bəri ölkə üçün ən çətin dövrlərdən biri ola biləcəyini yazıb.
Sherg.az xəbər verir ki, nəşrin iddiasına görə, noyabrın 3-də ABŞ-da keçiriləcək Konqresə aralıq seçkilərdən sonra Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların yeni mərhələsi gözlənilir. Bildirilir ki, Moskva diplomatik təmaslar ərəfəsində mövqelərini gücləndirmək üçün Ukrayna ərazisinə zərbələrin intensivliyini artıra bilər.
Nəşr həmçinin Rusiyanın strateji aviasiyasının mümkün zərbələr üçün mövqelərini dəyişdirdiyini və yaxın günlərdə Ukraynaya kütləvi hücumun baş verə biləcəyini iddia edir. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqların yaxın vaxtlarda keçirilə biləcəyini istisna etməyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə Moskvanın noyabrın 4-dən sonra təmasları bərpa etməyə hazır olduğunu bildirib.