Erməni siyasi analitik Beniamin Matevosyan Ermənistanın Azərbaycan, Türkiyə və ABŞ-a sülh müqaviləsi imzalamadan öz ərazisindən keçən nəqliyyat dəhlizini təqdim edə biləcəyini iddia edib.
Sherg.az Sputnik-ə istinadən xəbər verir ki, analitik bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın nəqliyyat və infrastruktur razılaşmalarının Azərbaycanla sülh müqaviləsi imzalanmadan da həyata keçirilə biləcəyinə dair açıqlamasını şərh edərkən səsləndirib.
Matevosyanın fikrincə, İrəvan üçün əsas məsələ Azərbaycanın mümkün təcavüzünün qarşısını alan institusional təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. O, həmçinin TRIPP layihəsinin Ermənistana gətirəcəyi iqtisadi faydaların hökumət tərəfindən konkret əsaslandırılmadığını bildirib.
Politoloq 43 kilometrlik marşrutun dəqiq eni və infrastrukturun yerləşəcəyi ərazilərlə bağlı sualların da açıq qaldığını vurğulayıb. O, bu qeyri-müəyyənlik fonunda Ermənistanın bütün ərazisinin gələcəkdə TRIPP layihəsinin bir hissəsi kimi nəzərdən keçirilə biləcəyini sual edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birgə bəyannamə imzalayıblar. Sənəd Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək “Tramp marşrutu”nun (TRIPP) yaradılmasını nəzərdə tutur.