Rusiya sülhməramlıları bölgədən çıxarmaq istəmir
Lakin Qarabağda buna nə qədər nail ola biləcəkləri sual altındadır
"Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır". Bu fikirlər Rusiya xarici işlər naziri Sergey Lavrovun bir məqaləsində yer alıb. Lavrovun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik səpməyə davam edir. Belə şəraitdə Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır. Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitliyə səbəb olur: “Brüssel öz geosiyasi ambisiyalarını düşünərək, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaran “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırıyır”. Ötən gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Qarabağdakı sülhməramlıların taleyinin necə olacağını açıqlayıb. O bildirib ki, sülhməramlıların Qarabağda varlığının davam etməsi Moskva ilə Bakı arasında müəyyən edilən kanallar vasitəsilə müzakirə ediləcək. Nazir müavininin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq: "Sülhməramlıların qalmasını zəruri edən birinci məsələ Qarabağda qalan erməni sakinlərinin özünü rahat hiss etməsi ilə bağlıdır. Nazir müavininin qənaətincə, sülməramlıların qalması Qarabağı tərk edən ermənilərin geri qayıtması üçün də əhəmiyyətlidir. Qarabağı tərk edənlərin bəzilərinin hansısa mərhələdə geri qayıdacağını istisna etmək olmaz. Sülhməramlıların olması bu insanlar üçün əlavə rahatçılıq yaradan amil olacaq”.
Qaluzin sülhməramlıların qalmasını tələb edən ikinci amilin Qarabağ erməniləri ilə Bakı arasında danışıqları davam etdirmək zərurəti ilə bağlı olduğunu vurğulayıb. O xatırladıb ki, Bakı ilə Qarabağ erməniləri arasında təmaslar sülhməramlıların vasitəçiliyi ilə həyata keçirilir. Xatırladaq ki, Azərbaycanın sentyabrın 19-20 tarixlərində keçirdiyi antiterror əməliyyatından sonra Qarabağda yaradılan qondarma rejim ləğv edilib. Antiterror əməliyyatından sonra rejimin nəzarətində olan ərazilər də Azərbaycana təhvil verilib. Bu prosesə uyğun olaraq ərazidə xidmət aparan Rusiya sülhməramlılarının müşahidə postları da yığışdırılır.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiyanın Qarabağla bağlı təklifləri, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşı olduğunu göstərir. Analitikin sözlərinə görə, Rusiya Qarabağ probleminin davam etməsində və ermənilərin hüquqlarını önə çəkməklə, bir növ Ermənistanla Azərbaycana arasında böhranın davam etməsində maraqlıdır:
"Qarabağda erməni yoxdur və silahlı erməni birləşmələri ləğv edilib. Qarabağda Rusiya sülhməramlı qüvvələri Putinin qeyd etdiyi kimi yalnız "atəşkəsə nəzarət edirdi". Onların əlavə səlahiyyəti yox idi. Rusiyanın sülh təklifinə Qarabağla bağlı bənd salmaq cəhdləri rəsmi Bakı tərəfindən rədd edilir. Bununla da, Rusiyanın vasitəçiliyinə ehtiyac qalmır. Ermənistan baş naziri də Rusiyanın vasitəçiliyində maraqlı deyil. Münaqişə bitib və Azərbaycan öz əraziləri üzərində tam suverenliyini bərpa edib. Rusiyanın sonrakı təkifləri də elə təklif olaraq qalacaq".
Siyasi şərhçi Asif Nərimanlı da "Sherg.az"a bildirib ki, Moskvanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı verdiyi mesajlar ziddiyyətləri artırır. Analitik vurğulayıb ki, Putinin “Valday”da dedikləri sülhməramlılara artıq ehtiyacın qalmadığı və Rusiyanın mövcud reallığı qəbul etdiyi fikrini önə çıxardı. Lakin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan etdi ki, sülhməramlı kontingentə tələbat var:
"Rusiya rəsmisinə görə, sülhməramlılar Qarabağda qalan ermənilərlə təmaslarda vasitəçilik edir. Bununla yanaşı, gedənlər yenidən qayıda bilər və rus hərbçilərinin mövcudluğu onlar üçün sakitlik faktoruna çevriləcək". Sülhməramlıları bölgədən çıxarmaq istəmədikləri bəllidir. Lakin Qarabağda buna nə qədər nail ola biləcəkləri də sual altındadır. Birincisi, rəsmi Bakı Xankəndi də daxil olmaqla sülhməramlıların keçmiş nəzarət zonasında mərkəzi hakimiyyətin bərpası prosesini sürətləndirir. Bu ərazilərin təhlükəsizliyinin qorunması işini də artıq Azərbaycan polisi və hərbçiləri həyata keçirir. İkincisi, Xankəndidə qalan əhalinin mərkəzi hakimiyyətlə təmaslarında üçüncü tərəfin vasitəçiliyinə ehtiyac azalır. Ermənilərin dövlət qurumlarına müraciətləri bunu təsdiq edən əsas amildir. Üçüncüsü, Rusiya gedənlərin geri qaytarılmasına çalışsa da, bu perspektiv zəifdir. Gedən ermənilərin sülhməramlılara inamı qalmayıb. Eyni zamanda qayıtmaq istəyənlər Laçın postundan Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda keçə biləcəklər və bu, onların inteqrasiyanı da qəbul etməsi deməkdir".
Analitik hesab edir ki, Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xidmət etmək adı altında yeni “missiya” ortaya atır:
"Hərçənd, Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan danışıqlarından həm hüquqi, həm de-fakto çıxıb. Bu baxımdan, sülhməramlılar Qarabağda qaldığı müddətdə bölgəyə heç bir “töhfə” verə bilməz, əksinə, Bakı ilə münasibətlərin gərginləşməsini vəd edir. Rusiya Qarabağda qalma perspektivi çətinləşən sülhməramlı qüvvələrini bizim ərazimizdən çıxaracağı təqdirdə, bölgədə saxlamaq niyyətindədir. Qarabağın Moskva üçün Bakı və İrəvanı öz orbiti ətrafında saxlamaq rolu azalıb. Ruslara Azərbaycan və Ermənistan arasında yeni platforma lazımdır və istisna deyil ki, sülhməramlı kontingenti həmin platformaya köçürmək planları var. İkinci variant daha real görünür. Lakin açıq qalan suallar var".