Sanksiya təhdidləri blefdən başqa bir şey deyil

Avropa Birliyi Azərbaycana qarşı hər hansı addım atmağa qadir olsaydı, bunu indiyə qədər artıq etmiş olardı


  Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Azərbaycanın ünvanına bir sıra ittihamlarla çıxış edib. Azərbaycanın öz ərazisində separatçı xunta rejiminə qarşı həyata keçirdiyi əks-terror əməliyyatını şərh edərkən bildirib ki, Bakı Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə görə məsuliyyət daşıyır və əgər ermənilərin hərbi yollarla zorakı yerdəyişməsini həyata keçirərsə, Aİ-nin ciddi reaksiyası ilə qarşılaşacaq. C.Borrel eyni zamanda, BMT TŞ-də Fransanın təşəbbüsü ilə keçirilən müzakirələrdə də Azərbaycanın ünvanına arzuolunmaz ifadələr səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyinin Borrelin açıqlamasına cavab olaraq yaydığı bəyanatda bildirilib ki, Azərbaycana qarşı belə qərəzli yanaşmanın hədələyici səviyyəyə çıxarılması regionumuzda sülhə xələl gətirir. Qeyd olunub ki, Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır: "Bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətini heç vaxt təqdir etməyib. Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib". Diqqətə çatdırılıb ki, tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb. Məlumat üçün bildirək ki, Borrelin ölkəmizə qarşı qəbul etdirməyə çalışdığı bəyanata Macarıstan veto qoyub. Britaniyalı politoloq, jurnalist Nil Vatson da deyib ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclasında bir sıra ölkələrin Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsinin arxasında duran amillərdən biri islamofobiyanın yayılmasıdır. Onun sözlərinə görə, Fransa və Almaniya daxil olmaqla, bir sıra ölkələrin belə bəyanatlar verməsi Ermənistanın qondarma soyqırımı ilə bağlı miflər yayması və onun özünü müsəlman “düşmənlər”lə əhatə olunan xristianlığın qalası rolundakı ölkə kimi təqdim etməsi ilə bağlıdır: “Ermənistan daim ona qarşı “soyqırımları”nın həyata keçirildiyini və ya hazırlandığını iddia edir. Təəssüf ki, postsovet ölkələri haqqında dərin anlayışı olmayan Qərb ermənilərin belə fikirlərinə inanmağa meyillidir. Bu, xüsusən də erməni diasporunun nümayəndələrinin KİV-lərdə, siyasətdə və biznesdə ciddi iştirakı ilə bağlıdır. Üstəlik, əsasən Fransa və ABŞ-da erməni diasporunu ələ almaq, seçkilərdə onların dəstəyini qazanmaq üçün tez-tez Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verilir”.

  Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Avropa İttifaqının Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında erməni diasporunun təsiri ilə yanaşı, Fransanın sifarişi də yer alır. Analitik bəyan edib ki, eyni zamanda Avropa Birliyinin də Cənubi Qafqazda özəl maraqları mövcuddur:

 "Azərbaycan Ordusu uğurlu lokal antiterror tədbirləri ilə Cənubi Qafqazda maraqları olan beynəlxalq siyasi dairələrin bütün məkrli planlarını pozub. İndi onların həm Azərbaycana təzyiq, həm də Cənubi Qafqazda istinad mexanizmləri əllərindən çıxıb. Ona görə də, Avropa Birliyi də daxil olmaqla, əksər ermənipərəst beynəlxalq siyasi dairələr isterik vəziyyətdədirlər. Son vaxtlara qədər erməni diasporunun verdiyi rüşvətləri əsas gəlir qaynağına çevirənlər indi bundan məhrum qaldıqlarını anlayırlar. Ona görə də, Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürürlər. Ancaq Azərbaycan Ordusu "erməni faktoru"nu və "artsax" layihəsini həmişəlik sıradan çıxarıb. 2020-ci ildə yarımçıq qalmış məsələni cəmisi 24 saat ərzində sona çatdırıb. Bundan sonra Jozef Borrel də daxil olmaqla, Avropa Birliyi təmsilçilərinin nə deməsi heç bir əhəmiyyət daşımır. Avropa Birliyi Azərbaycana qarşı hər hansı addım atmağa qadir olsaydı, bunu indiyə qədər artıq etmiş olardı. Bu qurumun sanksiyalar barədə təhdidləri də blefdən başqa bir şey deyil".
  E.Xalidbəyli deyib ki, Ermənistan ucbatından Azərbaycana qarşı sanksiyalar tətbiq etsələr, Avropa Birliyi daha çox ziyan çəkə bilər: "Avropa Birliyinin enerji təhlükəsizliyində Azərbaycanın xüsusi payı mövcuddur. Eyni zamanda, Avropa Birliyində Azərbaycanın dostları da var. Macarıstanın Avropa Birliyinin Azərbaycanı ittiham edən bəyannaməsini veto etməsi də bunu təsdiqləyir. Yəni Avropa siyasətçilərinin Azərbaycana yönəlik ittihamları indiki halda, erməni diasporundan aldıqları rüşvətin əvəzinin ödənilməsindən başqa bir şey deyil və heç əhəmiyyət daşımır, rəsmi Bakıya hər hansı ciddi problem yarada bilməz. Azərbaycan Qarabağ üzərində öz suveren hüquqlarını artıq bərpa edib. Bununla barışmaq istəməyən bəzi ermənipərəstlər də bir müddət hay-küy salıb, sonra sakitləşəcəklər. Həm Ermənistanın, həm də erməni separatçı-terrorçuların mövcud reallığı qəbul etməyə məcbur qaldığı bir situasiyada bəzi avropalı rüşvətxorların mənasız hay-küyü bundan sonra heç nəyi dəyişə və ya prosesi geriyə qaytara bilməz".