Sülh Şurası BMT-yə alternativ deyil, amma gələcək boşluqları doldura bilər- POLİTOLOQ

Xəyal Bəşirov: “Rusiya Sülh Şurasında sıradan üzv olmağı qəbul etmir, ABŞ-ın dominantlığından narahatdır”

Rusiya tərəfi Sülh Şurasının nizamnaməsi və mandatı ilə bağlı bir sıra suallarının olduğunu bəyan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov deyib.

Diplomat bildirib ki, əsas suallardan biri Sülh Şurasının BMT və onun Təhlükəsizlik Şurası ilə necə paralel fəaliyyət göstərəcəyidir.

Xatırladaq ki, fevralın 13-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Sülh Şurasında iştirakı ilə bağlı hələ yekun qərar vermədiyini açıqlamışdı. Onun sözlərinə görə, məsələ hazırda XİN-də araşdırılır.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a açıqlamasında BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olduğunu xatırladıb. Onun sözlərinə görə, ABŞ-nin prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında da isə 27 dövlət iştirak edir, lakin veto hüququ olan daimi üzvlərdən heç biri -Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Rusiya və Çin- daxil deyil: “Böyük Britaniya və Fransa birmənalı şəkildə iştirakdan imtina ediblər. Rusiya iştirak edə biləcəyi ilə bağlı fikirlər səsləndirib. Sadəcə 1 milyard ABŞ dolları həcmində üzvlük haqqının Rusiyanın dondurulmuş vəsaitlərindən əldə edilmiş gəlirlər hesabına ödənilməsini şərt kimi qoyub. İndi də qeyd etdiniz məsələni qaldırıb ki, Rusiyanı narahat edən məsələ Sülh Şurasının BMT və onun Təhlükəsizlik Şurası ilə necə paralel fəaliyyət göstərəcəyidir”.

X. Bəşirov hesab edir ki, Sülh Şurasının BMT-yə alternativ qurum kimi yaradılmasına dair fikirlər səsləndirilsə də, yaxın perspektivdə bu o qədər də real görünmür. Onun sözlərinə görə, baş verən geosiyasi proseslərə, qlobal müharibələrə təsir imkanı olmasa da, BMT 200-dən çox üzvü olan, bütün müstəqil dövlətləri birləşdirən və özünəməxsus mexanizmi olan beynəlxalq qurumdur:

“Buna görə də BMT-yə eyni səlahiyyətlərə malik alternativ təşkilat yaratmaq hazırda mümkün deyil. Ümumiyyətlə, Sülh Şurası ilkin olaraq Qəzza məsələsi ilə bağlı yaradılıb və yaradıcıları onu BMT-yə alternativ kimi nəzərdə tutmayıblar.

 Lakin gələcəkdə qlobal münaqişələr fonunda BMT-nin nəticəsiz qalacağı hallar yaranarsa, belə boşluqları doldurmaq üçün Sülh Şurası kimi təşkilatlara ehtiyac yarana bilər. Ola bilər ki, Sülh Şurası da elə bu kimi zərurətlərdən yaradılıb”.

Politoloq əlavə edib ki, Rusiya bu qurumda iştirak etmək istəyində səmimi deyil, çünki ABŞ-nin dominantlığı ilə yaradılan və əsas söz sahibinin məhz ABŞ olduğu təşkilatda sıradan üzv olmaq Moskva üçün qəbuledilməzdir. Çin də eyni mövqedədir.

X. Bəşirov həmçinin əlavə edib ki, Rusiya diplomatının ortaya qoyduğu suallar faktiki olaraq Sülh Şurasının legitimliyini şübhə altına almaq və onun BMT-yə alternativ olmadığını göstərmək məqsədi daşıyır. O vurğulayıb ki, Moskva ABŞ-ın bu qurum vasitəsilə Qəzza məsələsində və ya gələcəkdə Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı rolunu məhdudlaşdırmaq niyyətindədir: “Əgər Sülh Şurası Qəzza məsələsində müəyyən irəliləyiş əldə etsə, gələcəkdə Ukrayna məsələsi ilə bağlı da fəaliyyət göstərə bilər. Rusiya isə belə bir ssenaridə iştirak etmədən qərarların qəbul olunmasının qarşısını almaq üçün indidən Sülh Şurasının fəaliyyətini şübhə altına alır və gələcəkdə irəli sürüləcək qərarlara qarşı əsas hazırlayır”.