Şuşada Türkiyə konsulluğu açılır
Bu şəhər həm də Azərbaycanın Qarabağ regionu üçün siyasi mərkəzə də çevrilmiş olacaq
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib ki, Şuşada Türkiyə Konsulluğunun yaradılması ilə bağlı Azərbaycan və Türkiyə Xarici işlər nazirlikləri (XİN) arasında danışıqlar gedir. Səfir qeyd edib ki, proses daim diqqətdədir. C.Bağçı onu da vurğulayıb ki, Türkiyə və Azərbaycan bölgədə baş verən hadisələrlə bağlı mütəmadi şəkildə danışıqlar aparır. Onun sözlərinə görə, iki ölkə arasında dostluq münasibətləri hər zaman olduğu kimi indi də inkişaf edir: “Münasibətlərimiz bugünədək güclü şəkildə davam edib və bundan sonra da davam edəcək”.
Ekspertlərin fikrincə, Şuşada konsulluğun açılmasının siyasi-iqtisadi və mənəvi əhəmiyyəti var. Bu, Qarabağda Türkiyənin varlığının bir daha təsdiqi deməkdir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəklə yanaşı, bütün dünyaya verilən siyasi-diplomatik mesajdır. Səfirin açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Elçin Xalidbəyli öncə Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini xatırladıb. Analitik bildirib ki, Bəyannamə Azərbaycanın milli təhlükəsizlik maraqlarının təminatı rolunu oynayan önəmli beynəlxalq hüquqi sənəddir:
“Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-strateji müttəfiqliyi rəsmiləşmiş oldu. İndi Azərbaycanla münasibət quran və ya ölkəmizə təzyiq göstərmək istəyən istənilən dövlət mütləq Şuşa Bəyannaməsini nəzərə almaq məcburiyyətindədir. Çünki NATO-nun üzvü Türkiyənin müttəfiqi olan Azərbaycana bundan sonra daha həssas davranmağın qaçılmaz olacağı qətiyyən şübhə doğurmur. Şuşa Bəyannaməsi həm də Türkiyənin Cənubi Qafqaz regionuna Azərbaycana bağlı hərbi-siyasi faktorlar üzərindən yerləşdiyini də təsdiqləyir. Yəni Türkiyə Cənubi Qafqazda əsas geopolitik oyunçulardan biridir və bu regionda rəsmi Ankaranın hərbi-siyasi iradəsini nəzərə almadan heç bir addım atmaq mümkün deyil. Təbii ki, Türkiyənin Şuşada konsulluğunun yaradılması da olduqca vacib və zəruri geopolitik addım ola bilər. Bu onu göstərir ki, rəsmi Ankara həm Azərbaycanın və türk dünyasının mədəniyyət mərkəzi elan edilmiş Şuşaya strateji əhəmiyyət verir”.
E.Xalidbəyli vurğulayıb ki, konsulluq məhz Şuşada açılarsa, bu şəhər həm də Azərbaycanın Qarabağ regionu üçün siyasi mərkəzə də çevrilmiş olacaq:
“Bu addım həm də bütün dünyaya Qarabağ regionunun məhz Azərbaycana məxsus ərazi olduğunu növbəti dəfə rəsmi şəkildə bəyan edəcək. Eyni zamanda, rəsmi Ankaranın bu addımı Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması və imzalanması prosesində rəsmi Bakının əlini daha da möhkəmləndirə bilər. Bütün dünya Cənubi Qafqazda sülh prosesinə münasibətdə Azərbaycan-Türkiyə İttifaqı ilə hesablaşmaq məcburiyyətində qalacaq.
Bu baxımdan, regionda cərəyan edən proseslərə münasibətdə Türkiyənin Azərbaycan ilə ortaq hərəkət etməsi rəsmi Bakını daha da gücləndirən önəmli faktorlardan biri hesab oluna bilər”.