Tehran təmasları reallıqları göstərdi

Uzaqda durmaq xeyir gətirməyəcək

Rusiya və İran Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmamağa çağırmalıdır

“3+3” formatının gələcəyi bölgə dövlətlərinin bundan sonra atacağı addımlardan asılı olacaq

Tehranda “3+3” formatında danışıqların yekunu olaraq xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər. Bu barədə Tehranda keçirilən “3+3” əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair birgə bəyanatda bildirilib. Xarici işlər nazirləri münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar. 

Qeyd olunub ki, ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsi vacibdir. XİN rəhbərlərinin görüşündə regionun ən mühüm məsələləri müzakirə edilib. Məlumat üçün bildirək ki, xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək: "Tərəflər razılaşıblar ki, iştirakçı ölkələrin hər biri müxtəlif sahələr üzrə milli ideyaları formalaşdıracaq xüsusi nümayəndə təyin edəcək. Daha sonra bütün bunları türkiyəli həmkarlarımız koordinasiya edəcək və nazirlərin ikinci toplantısına ev sahibliyi edəcəklər". Nazir gələn il keçiriləcək görüşə Gürcüstan tərəfinin də qatılacağına ümid etdiyini bildirib. Qeyd edək ki, Gürcüstan da “3+3” formatına daxil olsa da, Tehran görüşünə qatılmayıb. 
  
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, indiki halda "3+3" formatında keçirilən görüşlərdən ciddi nəticə gözləməyə dəyməz: 

"Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmaması regional əməkdaşlığa əsas əngəldir. Digər yandan, Rusiya Gürcüstanın torpaqlarını işğal etdiyinə və bu ölkə ilə diplomatik münasibətləri kəsdiyinə görə, Gürcüstan "3+3" formatında iştirak etmir. Əlbəttə, bu, Gürcüstanın təbii haqqıdır. Xarici işlər nazirləri Tehranda təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələlərini müzakirə etdilər. Bunların reallığa çevrilməsi üçün formatın digər iki üzvü - Rusiya və İran Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmamağa çağırmalıdır. Ancaq belə çağırışlar yoxdur. Halbuki Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığını genişləndirməyə çalışması Moskva və Tehranda narahatlıq doğurmalıdır".