Türkiyə-Azərbaycan qardaşlığı tarix yazır
Açılan hər yeni hava limanı, yaradılan hər müəssisə regional inkişaf və inteqrasiyaya xidmət edir
Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Yeni hava limanına ilk dəfə göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş edib. Dövlət başçıları açılış mərasimində çıxış ediblər. Liderlərə xatirə hədiyyələri təqdim olunub. Sonra hava limanının açılışını bildirən rəmzi lent kəsilib.
Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır. Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək. Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır. Prezident İlham Əliyev hava limanının açılışındakı çıxışı zamanı bildirib ki, Azərbaycan Türkiyə ilə həm dost, həm qardaş, həm də artıq rəsmən müttəfiqdir. Ölkə rəhbəri bəyan edib ki, bu gün də biz bir yerdəyik, Qarabağın inşasında bərabər, çiyin-çiyinə çalışırıq:
“Bir çox Türkiyə şirkətləri, o cümlədən bu gözəl Rize-Artvin Hava Limanını inşa edən şirkət də Qarabağda inşaat işləri ilə məşğuldur. Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”. Prezident qeyd edib ki, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir: “Ölkələrimiz çox böyük sınaqlardan keçib. Keçən il bizim tarixli və qədim şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.
Səfər çərçivəsində liderlər arasında görüş də keçirilib. Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb. Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər. Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Ekspertlərin fikrincə, Rize-Artvin Hava Limanının açılışını Türkiyənin gücünün, iqtisadi inkişafının daha bir göstəricisi hesab etmək olar. Açılışda Azərbaycan və Türkiyə liderlərinin iştirakı isə iki ölkənin qardaşlıq münasibətlərinin dünyaya daha bir nümayişidir.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu “Şərq”ə deyib ki, Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Deputat vurğulayıb ki, ikili münasibətlər prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqları kontekstində durmadan inkişaf edir:
“Hava limanının açılış mərasimində iki qardaş ölkənin prezidentlərinin birgə iştirakı ölkələrimiz arasında olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin göstəricisidir. Eyni zamanda ön Asiyadan Qafqazlar və Orta Asiyaya qədər uzanan böyük etnosiyasi coğrafiyada nəqliyyat kommunikasiya xətlərinin yaradılması baxımından olduqca əhəmiyyətli hadisədir. Hazırda Türkiyə-Azərbaycan tandemi iqtisadi-siyasi və mədəni-humanitar sahədə geniş geostrateji rayonda təyinedici faktordur. Açılan hər yeni hava limanı, yaradılan hər müəssisə regional inkişaf və inteqrasiyaya xidmət edir. Bir nüddət öncə işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən Füzuli hava limanında qardaş ölkənin prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi iki qardaş ölkənin tarixi-təbii müttəfiqliyinin bütün sahələrdə inkişaf etdirilməsi əzminin göstəricisi idi”.
Parlament üzvü vurğulayıb ki, 2021-ci il iyun ayının 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi iki hərbi-strateji kontekstdə Türkiyə-Azərbaycan münasibətlərinin dövlətçilik tarixində mühüm bir hadisə idi: “Bu bəyannamə “Bir millət iki dövlət” anlayışının real dövlətlərarası münasibətlərdə rəsmiləşdirilməsi kimi də qəbul edilə bilər. Eyni zamanda Şuşa Bəyannaməsi hazırkı mürəkkəb tarixi mərhələdə hər şeydən öncə milli təhlükəsizliyimiz baxımından strateji çağırış idi. Yeni açılan Rize-Artvin hava limanı Türkiyə ilə Azərbaycan arasında məsafəni bir qədər daha qısaltmış oldu. İki ölkəni məsafə baxımından daha da yaxınlaşdırdı. Rize-Artvin hava limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Bu isə həm ticarətin asanlaşdırılması və yüklərin daha qısa müddətdə çatdırılması, həm də turizm mübadiləsi və mədəni əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar və perspektivlər deməkdir”.