“Ukraynaya təminat verən dövlətlər Rusiya ilə danışmalıdırlar”

“Moskvanı buna razı salmalıdır. Əks halda qarantor ölkə siyahısı tutmaq nəyisə dəyişmir. Sülhə də gətirib çıxarmır” 
Kiyev Ukraynanın təhlükəsizliyinə təminat vermək üçün müxtəlif ölkələrlə danışıqlar aparır, lakin detallar hələlik açıqlanmayıb. Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. Onun sözlərinə görə, bir çox strateji tərəfdaşlar artıq qarant olmağa hazır olduqlarını bəyan ediblər: “Bunlar ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Polşa, İtaliya və başqalarıdır. Ona görə də yekun siyahı kifayət qədər geniş olacaq. Hər bir ölkə ayrıca diqqətə, ayrıca müzakirəyə layiqdir, ona görə də belə məsləhətləşmələr hər gün aparılır”. Yermak vurğulayıb ki, Ukrayna tərəfi qarant ölkələr sırasında Hindistan və Çini də görmək istəyir. 
Politoloq Əhəd Məmmədli “Şərq”ə bildirib ki, 1994-cü ildə Budapeştə ABŞ, Böyük Britaniya və Rusiya arasında Ukraynaya dair saziş imzalanmışdı. Sazişə görə nüvə silahlarının Rusiyaya verilməsi müqabilində Kreml qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dolayısıyla heç zaman Krıma göz dikməyəcəyini vəd etmişdi: 
“Amma bu sazişin nəylə nəticələndiyini hamımız yaxşı gördük. Kiyev Rusiya təhlükəsinə qarşı daha sağlam qarantiya almaq istəyir. Ona görə də qarantor ölkələr qarşısında bir sıra tələblər qoyur. Ancaq qarantiya olsa belə, müharibənin gedişində Ukraynanın kifayət qədər böyük ərazisi rusların nəzarətinə keçib. Qarantiya ilə yanaşı, həmin torpaqlar da Rusiyadan alınmalı və Kiyevin nəzarətinə verilməlidir. Ukraynaya təminat verən dövlətlər öncə Rusiya ilə danışmalı, müzakirələr aparmalı, Moskvanı buna razı salmalıdır. Əks halda qarantor ölkə siyahısı tutmaq nəyisə dəyişmir. Sülhə də gətirib çıxarmır”.