İlqar Altay: “Bu prosesi əvvəllər etməli idik”
Cəmiyyətimizdə sosial şəbəkələrdən istifadə sayının artması, texnologiyaların inkişaf etməsi
müəyyən üstünlüklər vəd edir. Müsbət tərəflərinə baxmayaraq, sosial şəbəkələrin zərərli tərəfləri
də var. Virtual aləmdə saxta profillərdən istifadə edərək insanları təhqir edən, onların
şəxsiyyətinə xələl gətirən istifadəçilərin sayı durmadan artır.
İnsanlara böhtan atan saxta istifadəçilərə qanunla nəzarət edilməsi olduqca məqsədəuyğun bir
addım hesab oluna bilər. Kimliyindən asılı olmayaraq belə çirkin əməllərdən istifadə edənlərin
cəzalandırılması qaçılmazdır. Ona görə də dövlətin hüquqi tənzimlənməsində qanunvericiliyə
dəyişikliklər edilməlidir. Belə ki, ölkəmizdə internet informasiya ehtiyatında saxta istifadəçi adı
və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti
sayılması təklif edilir. Baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinə internet informasiya
ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya
təhqir etmə maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.
Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000
manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2
ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddənin "Qeyd” hissəsində isə göstərilir ki, "saxta istifadəçi adlar, profil və ya hesablar”
dedikdə, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin
şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat
yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun
razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişikliklər layihəsi internet
informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi
nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq
pozuntuları ilə daha səmərəli mübarizə aparılmasının təmin edilməsi məqsədini daşıyır: "İnternet
texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya
hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu
sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və
digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır.
Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir”.
Cəmiyyətimizin çox böyük hissəsinin sosial şəbəkələrdən istifadə etdiyini deyən, İctimai
Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay fırıldaqçılıqla məşğul olanların sayının yetərincə
artdığını bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı Milli Məclisə çoxdan müraciətlər
olunmalı idi:
"Bu, tələbatdan irəli gələn bir addımdır. Sosial şəbəkələr artıq Azərbaycan
cəmiyyətinin çox böyük bir hissəsini əhatə edir. Bu böyük hissədəki insanlar arasında qarışıqlıq
salan, xuliqanlıq edən, bir-birini təhqir edib böhtan atan, yalan məlumatlar yayan və təxribat
törədənlər ola bilir. Başqa sahələrdə belə hallar tənzimlənirsə, niyə də sosial şəbəkələrdə bu
tənzimlənmə olmasın? Tənzimin bir növü də nəzarətdir. Bu məsələyə nəzarət vacibdir. Sosial
şəbəkələrdən istifadə etmə get-gedə artır. Ona görə də hesab edirəm ki, bu prosesi əvvəllər
etməli idik. Bunun da bazası qanunvericilikdə nəzərdə tutulmalı və qanunlarla
əlaqələndirilməlidi. Hər kəs bu məsələ ilə bağlı öz məsuliyyətini dərk etməlidir. Əsas məsələ
odur ki, belə hallarda Azərbaycan dövlətçiliyinə və cəmiyyətinə ziyan dəyməsin”.
Yeganə Bayramova