GÜNDƏM: Kadırov Bakıya əliboş gəlməyib: Moskvanın hesabı nədir? - ŞƏRH

Çeçenistan rəhbəri Ramzan Kadırovun Azərbaycana səfəri Bakı-Moskva münasibətlərində həssas olaraq qalan təyyarə məsələsi fonunda diqqət çəkir.

Sherg.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Ramzan Kadırovun Bakıya səfərinin mümkün səbəblərini təhlil edib.

Şərhçinin fikrincə, səfər həm Moskvanın Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdi, həm də Qroznının regional maraqları kontekstində qiymətləndirilə bilər.

A.Nərimanlı hesab edir ki, Azərbaycan-Rusiya münasibətlərində müəyyən normallaşma müşahidə olunsa da, AZAL təyyarəsinin vurulması ilə bağlı məsələ hələ də həllini gözləyir. Moskva isə regional gərginliklər fonunda Bakı ilə münasibətlərdə bu problemin əlavə maneəyə çevrilməsində maraqlı deyil.

Bu baxımdan, Kadırovun Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və təyyarə hadisəsi ilə bağlı başsağlığı verməsi Kremlin münasibətləri yumşaltmaq cəhdi kimi şərh oluna bilər.

Kadırovun öz maraqları da var

Asif Nərimanlının təhlilinə görə, Kadırovun səfəri şəxsi və regional siyasi maraqları baxımından da əhəmiyyət daşıyır.

Şərhçi hesab edir ki, Kadırov təyyarə böhranı ilə bağlı məsuliyyətin Qroznının üzərinə qoyulmasının qarşısını almağa çalışa bilər. Hadisədən sonra məsuliyyətin lokal səviyyəyə yönəldilməsi ehtimalı mövcud olsa da, Azərbaycanın məsuliyyət məsələsində Moskvanın roluna diqqət çəkən mövqeyi bu yanaşmanın imkanlarını məhdudlaşdırıb.

Digər tərəfdən, Kadırov Bakı ilə münasibətləri qorumaqda və Şimali Qafqazla Cənubi Qafqaz arasındakı əlaqələrdə öz mövqeyini saxlamaqda maraqlı ola bilər.

Siyası şərhçinin qənaətinə görə, Kadırovun Bakıda yüksək səviyyədə qəbul edilməsi də diqqətçəkən məqamdır. Azərbaycan üçün Çeçenistan Şimali Qafqazın regional münasibətlər sistemində əhəmiyyətli subyektlərdən biridir.

Beləliklə, səfər həm Moskvanın Bakı ilə münasibətləri normallaşdırmaq cəhdi, həm də Kadırovun regional mövqelərini qorumaq istəyi ilə əlaqələndirilə bilər. Bununla belə, görüşün özü AZAL təyyarəsi ilə bağlı məsuliyyət məsələsinin həll olunduğu anlamına gəlmir.