Şahvələd Məmmədov: “Stendləmə proqramı icra olunsa, görün, nə qədər insanın həyatı xilas edilər”
1 manatla 15 min insanı həyata qaytarmaq olar?
Vüqar Bayramov: “Hazırkı dövrdə “hərə 1 manat” tipli kampaniyaların uğur qazanacağı inandırıcı görünmür”
Şahvələd Məmmədov: “Stendləmə proqramı icra olunsa, görün, nə qədər insanın həyatı xilas edilər”
Şahvələd Məmmədov: “Stendləmə proqramı icra olunsa, görün, nə qədər insanın həyatı xilas edilər”
Ürək-damar xəstəlikləri üzrə tanınmış cərrah, millət vəkili Rəşad Mahmudov 10-15 min insanın xilasına aparan yol göstərib. Musavat.com-a açıqlamasında kardioloq bildirib ki, ildə adambaşına 1 manat vəsait ayırmaqla ürək-damar xəstəliklərindən əziyyət çəkən ortalama 15 min insanı normal həyata qaytarmaq mümkündür. Bunun üçünsə dünyada təcrübəsi artıq mövcud olan "Stend or life” proqramının icrası gərəkir.
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov Azərbaycanda qəfil ölümlərin artmasının səbəbləri barədə danışarkən bildirib ki, ürək tutmaları əsasən də 40-60 yaş arasındakı insanların arasında geniş yayılıb.
Ancaq müasir tibbin imkanlarından yararlanmaqla ölkəmizdəki qəfil ölümlərin statistikasını kəskin şəkildə azaltmaq olar:
Yaşatmaq üçün kampaniya
"Dünyada təsdiqlənib ki, "stend or life” proqramından yararlanmaqla qəfil ölümlərin böyük bir hissəsinin qarşısını almaq tamamilə mümkündür. Çünki insan xərçəngdən qəfil ölmür. Qəfil ölümlərin ən birinci səbəbi ürək-damar xəstəlikləri-infarktlar və beyinə qan sızmaları, ani beyin qan dövranının pozulması - insultlardır. "Stend or life” - "yaşamaq üçün stendləmə” - həm ürək, həm beyin damarlarını bərpa etməyə imkan verir. Yəni damar tam tutulmaya getdiyi dəqiqədə xəstəni zamanında xəstəxanaya çatdıraraq iki saat ərzində damarın yolunun bərpa edilməsi lazımdır. 20 il bundan əvvəl dünyada belə bir texnologiya olmayıb. Amma artıq dünya bunu qəbul edib. Əsas məsələ o proqramı həyata keçirmək yox, onu zamanında həyata keçirməkdir. Yəni evdə proses başlandığı zaman xəstə təcili yardımla götürüləcək və xüsusi ratsiya sistemləri ilə bütün mərkəzlərə xəbər veriləcək, özü də xəstə adi bir xəstəxanaya yox, stend qoyula biləcək bir məkana aparılacaq. Üstəlik, o məkanda artıq xəstə fikirləşməyəcək ki, mən bunun ödənişini edə biləcəyəm, ya yox, bu, dövlət tərəfindən maliyyələşəcək və o insanın həyatı geri qaytarılacaq.
Bu mənada artıq nəticələri bilinən "stend or life” proqramının ölkəmizdə də qəbul olunması çox faydalı olardı. Bu proqramın ölkəmizdə qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması, ailələrinin başında qalması deməkdir”.
Həkimin dediyinə görə, kəskin infarktlar zamanı təcili müdaxilə insanın tamamən normal həyata qaytarılması deməkdir: "Söhbət təkcə ölüm riskindən qurtarmaqdan deyil, xəstənin heç bir zədə almadan normal həyatına geri dönməsindən gedir. Biz təcili yardım sistemlərinin qeydiyyatlarına baxdığımız zaman görürük ki, reallıqda kəskin infarktla, yəni kəskin koronar sindrom dediyimiz xəstəliklə ən azı 15-20 min insan var ki, həmin dəqiqələrdə onlara müdaxilə olunmadığına görə, ya əlilə dönür, ya kəskin infarkt keçirmiş xəstə halına gəlir, ya da həyatını itirir. Deyilə bilər ki, bu, böyük bir rəqəm deyil. Amma biz hər an hər birimiz bu risklə üz-üzəyik və hər birimizin başına gələ bilər. Deməli, böyük bir rəqəmdir. Bu xəstələrin əksəriyyətini xilas etmək və həyata qaytarmaq mümkündür”.
1 manat - 1 həyat?!
R.Mahmudov Azərbaycanla Avropa ölkələri arasında paralellik aparılmasına da toxunub: "Bu gün Avropada 85 yaşlı insanın velosiped sürdüyünü görəndə düşünməyək ki, o çox sağlam həyat sürüb, heç bir xəstəliyi olmayıb. Yox, sadəcə onlar 55-60 yaşlarında bu problemlərlə üzləşiblər, ürəkləri zədə almadan, bədəndə qalıcı deffekt qalmadan vaxtında bu problem həll olunub. Bir gün sonra həmin xəstəyə göstəriləcək yardımın mənası yoxdur, bu, yarımçıq və zərər görmüş bir bağçanı suvarmaq kimi bir şey olacaq”.
Kardioloqun sözlərinə görə, infarktdan sonra yaşayanların da çox hissəsi əlilə dönür və bu da əlavə problemdir: "Ölkədə əlilliyin artmasının qarşısının alınması gələcək xərclərimizin azalması deməkdir. Dövlətçilikdə ən vacib məsələ insanın yaşamaq haqqıdır, bu, bütün konvensiyalarda öz əksini tapıb. Düşünürəm ki, bu proqramın başlanılması mühüm əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə "stend or life” proqramı həyata keçirildiyi zaman orta hesabla 15-20 milyon manat vəsait tələb olunur. Bu da adambaşına illik 1 manat xərc deməkdir. Yəni bu proqramın bir illik həyata keçirilməsi naminə hər vətəndaş üçün 1 manat ayrılması lazımdır. Düşünürəm ki, bu gün hər bir insanın maaşının 10 manat artması o qədər effekt verə bilməz, amma bu proqramla bağlı hər bir vətəndaş üçün 1 manat ortaya qoyulduğu halda, bunun faydası daha böyük olar (musavat.com).
"İnandırıcı görünmür”
İqtisadçı Vüqar Bayramov "Şərq”ə açıqlamasında proqramın icrasının iqtisadi tərəflərini şərh etdi:
- Proqramın icrasına başlanılması üçün əvvəlcə dəqiq hesablamalar aparılmalıdır. Bilinməlidir ki, həmin aparatların alınması nə qədər vəsait tələb edəcək. O aparatların alınmasına vəsait ayrılmalıdır
və sairə. Burada məncə, büdcə ayırmalarına ehtiyac olacaq. Çünki hazırkı dövrdə "hərə 1 manat” tipli kampaniyaların uğur qazanacağı inandırıcı görünmür. Bu tipli beynəlxalq layihələr zaman-zaman olub. Məsələn, yoxsulluğun aradan qaldırılması üzrə beynəlxalq layihələr həyata keçirilib. Lakin, effektli nəticələr əldə edilməyib. Bunlar daha çox sosial tipli layihələrə aiddir. Amma indiki zamanda mən bunu mümkün hesab etmirəm. Əgər bu proqramın icrası istənilirsə, əsas ağırlıq yenə büdcənin üzərinə düşəcək. Prinsipcə, büdcə ayırmaları olmadan, bu proqramın icrası mümkün deyil.
Praktika öyrənilməlidir
Uzun illərdir təcili tibbi yardımda çalışan həkim Şahvələd Məmmədov da "yaşamaq üçün stendləmə” proqramını əhəmiyyətli saydığını bildirdi:
- Bu gün ən çox rast gəlinən məhz ürək xəstəlikləridir. Təcili Tibbi Yardıma gündəlik çağırışların bəlkə də 90 faizi ürək xəstəlikləri ilə bağlı edilir. Stendləmə proqramı ürək xəstəliklərində qabaqlayıcı tədbir kimi çox əhəmiyyətlidir. Bu proqramın həyata keçirilməsi Azərbaycan üçün böyük irəliləyiş olar. Məlumdur ki, icbari tibbi sığortanın icrasına artıq başlanılıb. İki regionda pilot layihə həyata keçirilir. Bəlkə də bu il ərzində icbari tibbi sığorta bütün ölkəni əhatə edəcək.
Bununla yanaşı, stendləmə proqramı da icra olunsa, görün, nə qədər insanın həyatı xilas edilər. Tibbi sığorta bütün xəstəlikləri, bütün ölkə əhalisini əhatə edirsə, stendləmə proqramı sırf ürək-damar xəstələrini nəzərdə tutur. Proqramın icrası üçün qeyd edilən vəsait də, göründüyü kimi böyük bir rəqəm deyil. Yəni, biz kiçik vəsaitlə əhəmiyyətli irəliləyişə nail ola bilərik. Həm sosial baxımdan, həm də iqtisadi baxımdan. Hesab edirəm ki, "hərəyə 1 manat” kampaniyası sosial layihə kimi də icra oluna bilər. Bunun üçün məncə, proqramın ictimailəşməsinə ehtiyac var. Qeyri-hökumət təşkilatları, idarə və müəssisələr təşəbbüsə qoşulub, hökumətə yardım da edə bilər.
Amma əsas bu proqramın artıq tətbiq edildiyi, müsbət nəticələr əldə olunmuş ölkələrin təcrübəsini öyrənmək, proqramın sosial tərəflərini müəyyənləşdirməkdir.
Məlahət Rzayeva