“Stress mədəmə vurdu” ifadəsi gündəlik həyatda geniş işlədilsə də, stressin qulaq sağlamlığına təsiri o qədər də məlum deyil. Bəs keçməyən qulaq küyünün arxasında güclü narahatlıq və tükənmişlik dayana bilərmi?
Sherg.az xəbər verir ki, KBB mütəxəssisi Op. Dr. Fatih Eraslanın sözlərinə görə, qulaq küyü (tinnitus) müxtəlif səbəblərdən yarana bilər. Ən çox rast gəlinən səbəblər arasında eşitmə itkisi və yüksək səsə məruz qalma dayanır. Bundan başqa, qulaq kiri, qulaq infeksiyaları, baş-boyun travmaları, bəzi dərmanlar, Menyer xəstəliyi, miqren, yüksək təzyiq və hormonal-metabolik problemlər də küyə səbəb ola bilər.
Mütəxəssis stresslə tinnitus arasında ikitərəfli əlaqənin olduğunu bildirir. Stress birbaşa qulağı zədələməsə də, beynin səslərə, xüsusilə də qulaq küyünə reaksiyasını gücləndirə bilər. Stress zamanı yuxu pozğunluğu, əzələ gərginliyi və diş sıxma da artaraq küyün daha güclü hiss edilməsinə səbəb ola bilər.
Digər tərəfdən, davamlı qulaq küyü insanın narahatlığını və yuxu problemlərini artırır. Bu da stressi yüksəldərək küyün daha çox hiss edilməsinə gətirib çıxarır. Beləliklə, stress və tinnitus arasında qapalı dövrə yarana bilər.
Hansı hallarda həkimə müraciət etmək lazımdır?
Mütəxəssis xüsusilə qəfil başlayan, yalnız bir qulaqda yaranan və ya ürək döyüntüsü ilə eyni ritmdə eşidilən küyə diqqət çəkir. Küyə eşitmə itkisi, başgicəllənmə və digər nevroloji əlamətlər də qoşulursa, KBB müayinəsi vacibdir.
Qəfil eşitmə itkisi zamanı isə erkən tibbi müdaxilə xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən belə simptomları yalnız stresslə əlaqələndirmək düzgün deyil.
Stressdən yaranan qulaq küyü keçə bilərmi?
Mütəxəssisin sözlərinə görə, eşitmə testi normal olduğu halda stressli dövrlərdə ortaya çıxan və ya güclənən tinnitusun azalması, hətta tamamilə keçməsi mümkündür. Lakin real eşitmə itkisi aşkarlanarsa, bunu avtomatik olaraq stresslə əlaqələndirmək olmaz.
Tinnitusun müalicəsi isə səbəbdən asılıdır. Qulaq kiri, bəzi dərmanlar və ya orta qulaq problemləri kimi müalicə edilə bilən səbəb aradan qaldırıldıqda küy də azala və ya tamamilə keçə bilər. Eşitmə itkisi ilə əlaqəli hallarda eşitmə cihazları, stress və narahatlığın üstünlük təşkil etdiyi vəziyyətlərdə isə stressin idarə olunması, yuxu rejiminin yaxşılaşdırılması və psixoloji dəstək faydalı ola bilər.
Mütəxəssis həmçinin yüksək səsdən qorunmağı, normal yuxu rejiminə əməl etməyi və fiziki aktivliyi tövsiyə edir. Qulaqda küy və ya eşitmə dəyişikliyi davam edərsə, şikayəti yalnız stresslə əlaqələndirmədən KBB həkiminə müraciət etmək lazımdır.